Laçın şəhərinin şəhid vermədən azad edilməsi mühüm tarixi hadisədir

Ölkəmizin zəngin mikroflorası və təbiəti ilə seçilən Laçın şəhəri 1992-ci ilin mayında o dövrün rəhbərlərinin yarıtmaz siyasəti və xəyanəti nəticəsində düşmən tərəfindən işğal edilmişdi. Şəhər yandırılmış, xarabazara çevrilərək tanınmaz hala gətirilmişdi. Artıq bundan sonra Laçın əbədi olaraq əsl sahiblərinin olacaq.

Bu sözləri Milli Məclisin deputatı Cavanşir Paşazadə AZƏRTAC-a açıqlamasında söyləyib.

O qeyd edib ki, Laçının bir güllə atmadan, şəhid vermədən azad edilməsi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin diplomatik uğurudur: “Vətən müharibəsi və onun nəticələri Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqazın ən qüdrətli ordusu olduğunu sübuta yetirdi. Ötən illər ərzində ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, orduda aparılan islahatlar və bu sahədə qazanılan uğurlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən islahatların nəticəsidir.

Bizim 44 günlük Vətən müharibəmiz şanlı tariximizdir. Azərbaycan otuz illik həsrətə 44 günə nail olmaqla onu istəməyən, ona qarşı düşmən mövqeyində dayananlara bir mesaj verdi. Ancaq çətin relyefini, soyuq iqlimini nəzərə alsaq, Laçın və Kəlbəcər rayonlarının azad edilməsi xüsusi əhəmiyyət kəsb edir. Laçın şəhəri ilə yanaşı digər işğal olunmuş ərazilərimizdə ermənilərin qanunsuz məskunlaşmasına, dini və mədəni abidələrimizin dağıdılmasına beynəlxalq aləmin, dünya dövlətlərinin müəyyən qədər biganə qalması ermənilərin vandalizm hərəkətlərinə daha da rəvac verib. Azərbaycan dövləti işğaldan azad edilmiş digər rayon və şəhərlərdə olduğu kimi, Laçında da qısa zaman ərzində genişmiqyaslı quruculuq, abadlıq işləri aparacaq. Bütün bunlarla yanaşı, sərhəd zolaqlarının yaradılması uzun onilliklərlə Azərbaycana hakim düşmən mövqeyində olan Ermənistana hətta sülh müqaviləsi bağlanması da təklif olunmuşdu. Azərbaycanın humanist mövqeyinə əks olaraq sentyabrının 12-də və 13-də ermənilər normallaşma prosesini heçə sayaraq yenidən Azərbaycan sərhədində hərbi təxribat törətdi. Nəticədə ermənilər yenidən hərbi itkilərə yol verdi. Artıq hər kəs Azərbaycan Ordusunun gücünə bələddir. Dövlətimiz, həmçinin rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı siyasətlə bundan sonra da inamla irəliləyəcək”.