Ulu öndərin layiqli davamçısı İlham Əliyev cənabları 2003-cü ilin oktyabrın 15-də Prezident seçildikdən sonra Azərbaycan keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoydu. Belə ki, son 22 il ərzində möhtərəm Prezident İlham Əliyev Ulu öndərin inkişaf strategiyasını daha da inkişaf etdirərək Azərbaycanı dünyanın Lider dövlətləri sırasına çıxarmağı və güclü ordu yaratmağı bacardı. O, 2020-ci ilin payızında Ata vəsiyyətini yerinə yetirərək Azərbaycan xalqını öz ətrafında sıx birləşdirməklə, özünün yenilməz siyasi, hərbi iradə və qətiyyəti, tərbiyə edib yetişdirdiyi gənc nəsildən ibarət olan Azərbaycan ordusunun qəhrəmanlığı, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin canı, qazilərimizin qanı bahasına 44 günlük Vətən Müharibəsində “Dəmir Yumruğu” ilə erməni ordusunun başını əzib, darma-dağın edərək onu diz çökdürdü.
Ermənistanı kapitulyasiya aktına qol çəkməyə məcbur edərək, Azərbaycan xalqının əsrlərdən bəri gələn tarixində ilk dəfə olaraq 30 ilədək düşmən tapdağı altında qalmış torpaqlarımızı işğaldan azad edərək tarixi ədaləti və Azərbaycan xalqının Milli Ləyaqətini bərpa etdi. 2020-ci ilin dekabr ayının 1-də bir güllə atılmadan Laçın rayonu işğaldan azad edildi. Əgər 7 rayonumuz hərbi yolla, ağır döyüşlər nəticəsində işğaldan azad olunmuşdusa, Laçın, Kəlbəcər və Ağdam hərbi və siyasi yolla döyüşsüz, güllə atılmadan düşməndən təmizlənmişdir. Bu, həm siyasi, həm də hərbi nöqteyi-nəzərdən olduqca böyük uğurdur.
Laçının işğaldan azad edilməsi Azərbaycanın hərb meydanında olduğu kimi, diplomatik sahədə də qələbəsi sayılır. Bu, o deməkdir ki, ölkəmizin başçısı Ali Baş Komandan kimi döyüşdə işğalçı ölkənin hərbi, Prezident kimi diplomatiya masasında isə Ermənistanın siyasi rəhbərliyini məhv etdi. Qürur hissi ilə demək lazımdır ki, iyirmi səkkiz illik erməni işğalından azad olunan Laçın rayonunda yenidən üçrəngli şanlı Azərbaycan Bayrağı dalğalanır, rayonumuzda bərpa-yenidənqurma işləri sürətlə davam edir, yeni infrastruktur qurulur və laçınlıların doğma yurdlarına köçürülməsi mərhələli şəkildə davam etdirilir.
Bütün bu layihələrin həyata keçirilməsi isə bir daha göstərir ki, Laçın rayonu tezliklə cənnət məkana çevriləcək və Azərbaycanın ən böyük rayonlarından biri olmaqla, ölkəmizin gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq.
Prezident Ilham Əliyevin dediyi kimi: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur”.
Rövşən Muradov
Milli Məclisin deputatı