"Layihənin hazırlanmasında bütün siyasi partiyalar iştirak edir" – Aydın Hüseynov

“Azərbaycandakı mövcud demokratik mühit bütün partiyaların ölkənin taleyüklü məsələlərinin həllində iştirakına zəmin yaradıb. Yadınızdadırsa 44 günlük müharibə zamanı ölkənin bütün siyasi qüvələri, partiya və hərəkatları, qeyri-hökumət təşkilatları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafıında sıx birləşdiklərini, monolit birlik nümunəsi göstərərək düşmənin başını əzməkdə qətiyyət nümayiş etdirdilər. Bütün bunlar onu deməyə əsas verir ki, hakim Yeni Azərbaycan Partiyasının rəhbərliyi altında ölkəmizdə bütün siyasi qüvvələrin müstəqil fəaliyyət göstərmələri üçün demokratik mühitin formalaşdırılıb. Bundan sonrakı iş isə yanaşmaları, münasibətləri inkişaf etdirməkdir”. Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.  

Millət vəkili bildirib ki, “Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanması, müzakirəsi və qəbulu zamanın tələbidir: “39 siyasi partiya öz təkliflərini rəsmi olaraq Milli Məclisə təqdim edib. 44 günlük müharibədən sonra regionda yeni reallıqlar yaranıb. Bu gün Azərbaycanın əlində böyük imkanlar var ki, həm xarici siyasətdə uğurlarını davam etdirə bilsin, həm də daxildəki siyasi düşərgənin fəaliyyətini tənzimləyə bilsin. Yadımıza təkcə bəzi siyasi partiyaların xaricdən maliyyələşməsini yada salaq. Belə partiyalar ölkənin daxili siyasətinə hansı töhfə verə bilərdilər? Əgər onlara maliyyə vəsaiti kənarda gəlirsə, deməli sifarişlər də həmin dairələrdən gəlməlidir. Hələ bilmirik ki, həmin dairələrin, mərkəzlərin məqsədləri nədir və sonrakı sifarişləri nələr olacaq. Belə bir mövqedə olan siyasi partiya ilə bir istiqamətdə yürümək də mümkün deyil, əksinə cəmiyyəti uçuruma aparar. Yeni qanunda bütün neqativ hallar aradan qaldırılacaq, maliyyə mənbələri tam şəffaf olacaq, belə olan halda partiyaların fəaliyyəti də tam olaraq legitimləşəcək. Siyasi mühitdə bir aydınlıq yaranacaq, münasibətlər sağlamlaşacaq.

Qeyd edək ki, layihə hazırlanarkən Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələr, həmçinin 20-dən artıq ölkənin təcrübəsi öyrənilib və yaxşı təcrübələr nəzərdən keçirilib. Bu isə qanun layihəsinin beynəlxalq prinsplərinə uyğun olaraq hazırlanmasının göstəricisidir”.