Malik Həsənov: Azərbaycan dünyaya yeni iqtisadi və sosial inkişaf modelini təqdim edir

“2020-ci ilin ilk aylarından güclənən  pandemiyaya qarşı mübarizə tədbirləri,  sentyabrın 27-dən başlanan İkinci Qarabağ müharibəsi və 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın hərbi-siyasi Qələbəsindən sonra start verilən  postmüharibə dövrü  müxtəlif istiqamətlərdə həyata keçirilən siyasətə yeni reallıqlardan baxılmasını bir zərurətə çevirib. 2021-ci ilin yanvarında Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindən biri kimi qeyri-neft sənayesinin inkişafına yönələn Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməlqoyma, “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin,    fevralın 1-də   Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binasınin, Abşeron rayonunda bir sıra sosial obyektlərin, həmçinin paytaxtın Yasamal rayonunda yeni salınan meşə tipli parkın,    yenidən qurulan 220/110/10 kilovoltluq və yeni tikilən 110/35/10 kilovoltluq “Xırdalan” yarımstansiyalarının  açılış mərasimlərində iştirakı bir daha göstərir ki,  pandemiya ilə mübarizənin davam etməsinə  baxmayaraq, dövlətimizin başçısının  davamlı inkişaf strategiyasına əsasən  həyata keçirilən iqtisadi və sosial layihələr  heç zaman təxirə salınmayıb və salınmır. Bu, Azərbaycanın dünyaya nümunə olan yeni iqtisadi və sosial inkişaf modelinin təqdimatıdır.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

  Millət vəkili qeyd edib ki, Azərbaycanın istər İkinci Qarabağ müharibəsində, istərsə də COVID-19-la mübarizədə tətbiq etdiyi təcrübə beynəlxalq səviyyədə öyrənilir və yüksək dəyərləndərilir: “Dövlətimizin başçısı İlham Əliyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binasınin açılışı çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində ölkəmizin pandemiyaya qarşı mübarizə tədbirlərinin nümunəvi dəyərləndirilməsini, həmcinin mübarizənin “Azərbaycan modeli” ifadəsinin beynəlxalq səviyyədə daha çox səslənməsini və bunu şərtləndirən amilləri  diqqətə çatdırıb. Azərbaycanın ilk gündən özünütəcridi COVID-19-la  mübarizədə əsas prinsip kimi qəbul etməsi, dünyaya özünə qapanmamağa, birgə səylər göstərməyə çağırışlar etməsi yeni təcrübənin göstəricilərindəndir. İnsanların sağlamlığının qorunmasını prioritet məsələ kimi öndə saxlayan cənab İlham Əliyev səhiyyə sisteminin daha da təkmilləşdirilməsinin, yeni xəstəxanaların tikilib istifadəyə verilməsinin, modul tipli xəstəxanaların quraşdırılmasına nail olunmasınin, koronavirus xəstələrinin müalicəsi üçün bütün imkanların yaradılmasınin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən diqqətlə izlənildiyini, Azərbaycanı dəfələrlə nümunəvi ölkə kimi təqdim etdiyini bildirib.”

 “Azərbaycan qlobal problemə qarşı qlobal çərçivədə mübarizə aparmağa çağırış edərək Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin, həmçinin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi və buna nail oldu. Azərbaycan hər zaman olduğu kimi,  pandemiyanın geniş yayıldığı və mübarizənin daha dərinləşdirildiyi bir zamanda da yalnız özünü deyil, dünyanı düşünür. Məhz buna görədir ki, dövlətimizin başçısı  İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü  ölkə Prezidentinin   dünya liderliyi keyfiyyətinə yüksəldiyini bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda, Azərbaycanın 30-dan çox ölkəyə humanitar yardım göstərməsi də möhtərəm Prezidentimizin  beynəlxalq nüfuzunun artmasına müsbət təsir edən amillər sırasındadır”,- deyə  M.Həsənov bildirib.

  M.Həsənov diqqəti dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan Televiziyasına  müsahibəsində yer alan işğaldan azad edilmiş ərazilərimizdə həyata keçiriləcək  bərpa işləri ilə bağlı Tədbirlər Planına  da yönəldərək  bildirib ki, ölkəmizin iqtisadi və maliyyə imkanları qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir: “İşğaldan azad edilmiş ərazilərimizin malik olduğu potensial - bərpaolunan enerji növləri, qiymətli təbii sərvətlər, qızıl, mis yataqları, çaylar, su anbarları, kənd təsərrüfatı üçün münbit torpaq, turizm imkanları qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərin gerçəkləşməsinə böyük töhfə olacaq.  Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq bu ərazilərdə  bütün işlər  planlı şəkildə aparılır, idarəçilik sisteminin nümunə olacağı əminliklə qeyd edilir. Möhtərəm Prezidentimiz  bəzi xoşagəlməz hallardan bəhs edərək ictimai nəzarətin vacibliyini xüsusi diqqətə çatdırır. Əsas hədəf  bütün dünyaya müasir Azərbaycanın gücünü  göstərməkdir. İnsan amilinin dövlət siyasətinin əsasını təşkil etməsi işğaldan azad edilmiş torpaqlarımızda bərpa işlərinin görülməsində də özünü qabarıq şəkildə büruzə verir. İnsanların rahatlığının təmin edilməsi, vətəndaş məmnunluğunun artırılması quruculuq və bərpa proqramının əsas məqsədlərindəndir.”