Malik Həsənov: Azərbaycanın hər bir bölgəsinin inkişafı ölkə Prezidentinin diqqətindədir

  “Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsində hər bir bölgənin öz payı vardır. Cənab İlham Əliyevin  2003-cü ildən bəri qarşıya qoyduğu enerji sektorundan asılılığın minimuma endirilməsi hədəfinə uyğun olaraq regionların malik olduğu potensialdan səmərəli istifadə etmək məqsədilə  üç Dövlət Proqramının həyata keçirilməsi  uğurla başa çatıb və dördüncünün icrası davam edir. Bölgələrin tərəqqisi  qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin açılması kimi dəyərləndirilərək bu istiqamətdə atılan addımlar nəticəsində qarşıya qoyulan məqsədlərə  yüksək səviyyədə nail olunur. Son illərin əsas diqqət çəkən məsələlərindən biri  rayonlar arasında ixtisaslaşmanın həyata keçirilməsi və ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına xüsusi diqqətin göstərilməsidir.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

  M.Həsənov diqqəti hazırda ölkəmizin həyatında yeni dövrə-bərpa və quruculuq işlərinə yönəldərək cənab İlham Əliyevin Sərəncamı ilə  “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiqlənməsini, həmçinin  iqtisadi rayonların yenidən bölgüsü ilə bağlı Fərmanın imzalanmasını da işğaldan azad edilmiş ərazilərimizin malik olduqları iqtisadi potensialdan səmərəli istifadəyə yönəldildiyini və bununla da qarşıdakı illərdə ölkəmizin davamlı inkişafının təmin edilməsi üçün geniş imkanlar yaranacağına əminliyini ifadə edib: “Hazırkı dövrdə  işğaldan azad edilmiş rayonların bərpası, soydaşlarımızın Böyük Qayıdışının reallaşdırılması  prioritet olsa da möhtərəm Prezidentimiz İlham Əliyev digər rayonların da sosial-iqtisadi inkişafını diqqətdən kənarda saxlamır, Dövlət Proqramından irəli gələn vəzifələrin icrası ilə yaxından tanış olmaq üçün mütəmadi bölgələrə səfərlər edir. Rayonlara hər səfəri mühüm sosial obyektlərin açılışının və təməlqoyma mərasimlərinin keçirilməsi  ilə yadda qalır. Bu baxımdan dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın noyabrın 1-də İsmayıllı və Şamaxı rayonlarına səfərləri də  diqqətçəkəndir.”

       Ölkə Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın  səfər çərçivəsində Lahıcdakı Bədöyün məscidində aparılan bərpa-təmir işləri ilə tanış olduqlarını,  İsmayıllı şəhərində Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Natiq Behdiyev adına 6 saylı tam orta məktəbin yeni binasının, Şamaxıda “Azərişıq” ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzinin, 7 saylı körpələr evi-uşaq bağçasının, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Yaradıcılıq Mərkəzinin və  digər sosial obyektlərin açılışlarında iştirak etdiklərinin qeyd edən millət vəkili vurğulayıb ki, görülən  işlərin miqyasının genişliyi bir daha regionların inkişafının dövlət siyasətinin əsasında dayandığını  təsdiqləyir.

    M.Həsənov onu da xüsusi qeyd edib ki, bütün bölgələrimizin müasir tələblərə uyğun inkişaf etdirilməsi, insanların rahatlığının təminatı, infrastruktur layihələrinin uğurlu icrası, şəhərlə kənd arasında fərqin aradan götürülməsinə yönələn addımlar ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır: “Atılan bütün addımlarda vətəndaş məmnunluğunun artırılması özünü qabarıq şəkildə büruzə verir. İşğaldan azad edilmiş, ümumilikdə bütün bölgələrimizdə görülən işlər Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanlarının təqdimatıdır. Zəfərimizin birinci ildönümünün sevincini yaşadığımız hazırkı günlərdə dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bölgələrimizə, o cümlədən İsmayıllı və Şamaxı rayonlarına  səfərləri təqdir olunur və bir daha bu reallığı təsdiqləyir  ki,  ölkə Prezidentinin  Azərbaycanı müasir və qüdrətli dövlətə çevirmək məqsədi sadəcə sözdə  ifadə edilmir, konkret addımlarda öz əksini tapır. Son 18 ildə yeni açılmış 2 milyondan artıq   iş yerinin 50 faizdən çoxunun məhz regionların payına düşməsi də cənab   İlham Əliyevin regional siyasətinin uğurlarının əyani təcəssümüdür. "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, həmçinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”  qarşıdakı illərin yol xəritəsi olaraq  bütün  bölgələrin inkişafını sürətləndirəcək, ölkəmizin davamlı inkişafına stimul olacaq.”