Məğrurluğun və milli ləyaqətin  təcəssümü

Torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsinin başlandığı gün - sentyabrın 27-si tariximizin şanlı səhifəsidir.  Prezident İlham Əliyevin sərəncamı ilə  bu tarixin Anım Günü kimi təsis edilməsi şəhidlərimizin xatirəsinə olan yüksək ehtiramın təcəssümüdür. Dünən şəhid məzarlarını ziyarət edən xalqımız bir daha qəhrəman vətən övladlarını yad etdi.  Prezident İlham Əliyevin və  birinci xanım Mehriban Əliyevanın iştirak etdikləri Anım yürüşü Azərbaycanın şanlı qələbəsini və Ermənistanın müharibə cinayətlərini bir daha bütün dünyaya bəyan etdi. Təməli qoyulan Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi isə şəhidlərimizin xatirəsini əbədiləşdirəcək, onların qəhrəmanlıqlarını gələcək nəsillərə çatdıracaqdır.

Tariximizin şərəf və qəhrəmanlıq səhifəsi olan İkinci Qarabağ müharibəsinin başlanmasının birinci ili tamam oldu. Ötən ilin bu günlərində Ermənistanın təxribatlarına cavab olaraq əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu möhtərəm Prezident İlham Əliyevin ali baş komandanlığı ilə cəmi 44 gün ərzində öz vəzifəsini layiqincə yerinə yetirdi.

Torpaqlarımız 30 ilə yaxın işğal altında qalsa da, xalqımız öz ümidini heç vaxt itirmədi. Bu illər ərzində Azərbaycana  çox təzyiqlər edildi. Bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanısa da, BMT tərəfindən torpaqlarımızın işğaldan azad olunmasını tələb edən 4 qətnamə qəbul edilsə də, heç bir nəticəsi olmadı, bu illər ərzində yalnız ikili standartlarla üzləşdik. Problemin  həlli ilə məşğul olan beynəlxalq vasitəçilər heç vaxt işğalçını öz adı ilə çağırmadılar, işğal siyasətinə son qoyması üçün Ermənistana təsir göstərmədilər, əksinə, milli maraqlarına zidd olan kompromislərə getməklə Azərbaycana təzyiq etməyə cəhd göstərdilər.

Amma bütün bunlar, düşmənə edilən təəssübkeşlik, dolayısı ilə  işğala haqq qazandırılması xalqımızın iradəsini sındıra bilməzdi. Bu illər ərzində xalqımız öz yolundan dönmədi. Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin Azərbaycanı dinamik inkişaf yoluna çıxarması həm də torpaqlarımızın azad edilməsi üçün tarixi şəraitin formalaşmasına imkan yaratdı. Bu inkişafdan irəli gələrək ordumuz tamamilə yenidən quruldu, döyüş hazırlığı ən yüksək səviyyəyə çatdırıldı, hərbi arsenalımız ən müasir silah və texnika ilə zənginləşdirildi. 27 Sentyabr - Anım Günü ilə bağlı Prezident İlham Əliyevin xalqımıza müraciətində dediyi kimi: “Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik”.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi milli ləyaqətimizin, milli qürurumuzun təntənəsi oldu. Eyni zamanda Vətən müharibəsi Azərbaycan xalqının milli həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Dinindən, dilindən asılı olmayaraq respublikamızda yaşayan bütün xalqların nümayəndələri torpaqlarımızın azadlığı uğrunda silaha sarıldılar, bu müqəddəs amal uğrunda Prezident İlham Əliyevin ətrafında sıx səfərbər oldular.

44 günlük İkinci Qarabağ müharibəsində dünya ictimaiyyəti Prezident İlham Əliyevin timsalında xalqına son dərəcə  bağlı olan, dövlətinin maraqlarını bütün maraqlardan uca tutan, vətənpərvər bir siyasi liderin qətiyyətinə şahidlik etdi. Cənab İlham Əliyev hələ müharibəyə qədər torpaqlarımızın azad olunması barədə nə demişdisə, onu da etdi. Güc yolu ilə, müharibə yolu ilə düşməni torpaqlarımızdan qovdu. Heç bir qüvvə, heç bir təzyiq dövlətimizin başçısını öz müqəddəs yolundan döndərə bilmədi və bilməzdi də. Beləliklə, bu müharibə göstərdi ki, Azərbaycan xalqı Heydər Əliyev siyasi kursunu dəstəkləməklə, İlham Əliyevə etimad göstərməklə özünün ən düzgün, ən müdrik seçimini edib.

Torpaqlarımızı azad edənlər, döyüş meydanında üzbəüz şəkildə düşməni məğlub edənlər bizim qəhrəman hərbçilərimiz oldular. Onların cəsarəti, qorxmazlığı, hünəri və hərbi hazırlıq baxımdan peşəkarlıqları qarşısında ən mükəmməl döyüş imkanlarına malik düşmən belə tab gətirə bilməzdi. Azərbaycanın bütün bölgələri kimi, qədim yurdumuz Naxçıvanın mərd oğulları da bu müharibədə öz sözlərini mərdliklə dedilər. Onların hər biri ağır hərbi əməliyyatlarda qəhrəmanlıq salnaməsi yaratdı, hər biri öz döyüş nümunəsi ilə qələbənin simvoluna çevrildi. Bu müqəddəs yolda onlar ölümün gözünə dik baxdılar, canlarını fəda etdilər. Azərbaycan ictimaiyyəti öz şəhid övladlarının əziz xatirəsini hər zaman uca tutacaq və daim yaşadacaq.

 Azərbaycan Vətən müharibəsindəki qələbə ilə torpaqlarını azad etdi, erməni faşizminin başını əzdi. Artıq regionumuz üçün yeni reallıqlar hakimdir. Prezident İlham Əliyevin dediyi kimi, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır və xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik: “Bunu hər kəs bilsin! Müharibənin və qələbənin rəmzi olan “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!”

Bu gün xalqımızın başı ucadır, alnımız açıqdır. İndi biz müzəffər xalqın nümayəndələriyik, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşməni torpaqlarımızdan qovmuşuq, milli ləyaqətimizi təmin etmişik. Xalqımızı məğrur edən bu qələbə bundan sonra bütün tariximizi şərəfləndirəcək, sədası əsrlərin, min illərin o tayından gələcək.

 

Cəbi QULİYEV,

Milli Məclisin deputatı