Mehriban Xanım Əliyevanın Fəaliyyəti Sivilizasiyalararası Dialoq Mühitinin Formalaşdırılmasında Böyük Rol Oynayır

Azərbaycanın birinci xanımı, ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti təbii ki, bir söhbətə və yaxud da bir araşdırmaya sığa biləcək bir mövzu deyil. Bu fəaliyyətin hələ indiyədək olan real həcmini dərk etmək, onun Azərbaycan dövlətinin inkişafına, xalqın rifah yüksəlişinə verdiyi töhfələrin əhəmiyyətini düzgün qiymətləndirə bilmək üçün uzunmüddətli araşdırmalar aparmaq, dərin təhlillər və incələmələr həyata keçirmək tələb olunur. Bununla belə, hətta ən səthi baxış da Mehriban xanım Əliyevanın Azərbaycan dövlətinin və Azərbaycan xalqının mənafeylərinə xidmət edən fəaliyyətinin əsasını təşkil edən başlıca prinsipləri görməyə imkan verir.

Nəciblik və qətiyyət

Mehriban xanım Əliyevanın fəaliyyətindən bəhs edərkən, ilk növbədə belə bir məqamı xüsusi olaraq vurğulamaq lazımdır ki, bu fəaliyyəti istiqamətləndirən, onun özünəməxsusluğunu və unikallığını təmin edən əsas xüsusiyyətlər Azərbaycanın birinci xanımına xas olan vətənə və xalqa məhəbbət, hüdudsuz insanpərvərlik və xeyirxahlıq, həm milli, həm də ümumbəşəri dəyərlərə eyni dərəcədə hörmət və qayğı hissləridir. Bu gün Mehriban xanım Əliyevanın sözün əsil mənasında çoxşaxəli fəaliyyəti bir tərəfdən ölkənin Birinci vitse-prezidentindən gözlənildiyi kimi, möhkəm iradə və sarsılmaz qətiyyətlə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətti uğurla tamamlayır, digər tərəfdən isə UNESKO və ISESCO-nun xoşməramlı səfirinə xas olan bir nəcibliklə Azərbaycanın tükənməz tarixi-mədəni irsini dünyaya təqdim edir. Mehriban xanımın fəaliyyətini səciyyələndirən bu zənginlik, fədakarlıq, mədəniyyətimizə, tariximizə, adət-ənənələrimizə bağlılıq da məhz ümumxalq sevgisini şərtləndirən əsas amillərdir. Beləcə Azərbaycan xalqının sözün əsil mənasında sonsuz hörmət və sevgi bəslədiyi Mehriban xanım Əliyeva bu gün Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən nəciblik missiyasını şərəflə yerinə yetirir.

Mehriban xanım Əliyeva uzun müddətdir ölkənin ictimai-siyasi həyatında ən aparıcı simalardan biri kimi tanınır və sevilir. Lakin bu fəaliyyət təbii ki, təkcə Azərbaycanın hüdudları ilə məhdudlaşmır. Mehriban xanım Əliyevanın beynəlxalq fəaliyyəti ilk növbədə ölkəmizin milli maraqlarının müdafiəsi və təminatı mənafeyinə xidmət etməklə yanaşı, eyni zamanda, beynəlxalq sülh, təhlükəsizlik, əmin-amanlıq, tarixi mədəni irsin qorunması, mədəniyyətlərarası və dinlərarası dialoq mühitinin formalaşması və möhkəmlənməsi kimi olduqca vacib missiyanın yerinə yetirilməsi işinə böyük töhfə verir. Bu baxımdan təsadüfi deyildir ki, 2004-cü ildə Mehriban Əliyeva Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması, inkişaf etdirilməsi və təbliği sahəsindəki aktiv fəaliyyətinə görə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür. Mehriban Əliyeva türkdilli ölkələrin bu yüksək ada layiq görülən ilk qadın təmsilçisidir. 2006-cı ildə Azərbaycanın birinci xanımına ISESCO-nun xoşməramlı səfiri titulu verilmişdir. Dünyada ikinci belə şəxsiyyət yoxdur ki, eyni zamanda, hər iki mötəbər təşkilatın səfiri olsun. Bu, Mehriban xanımın dinlərarası, sivilizasiyalararası dialoqa verdiyi töhfə ilə bağlıdır. Bu töhfə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin təzahürüdür. Çünki bu gün Azərbaycan haqlı olaraq dünya miqyasında sivilizasiyalararası dialoqa ən çox töhfə verən ölkələrdən biri kimi tanınır.

Mərhəmət və humanistlik

Bu bir həqiqətdir ki, bu gün Azərbaycanda həyata keçirilən strategiyanın əsas prioritetlərindən biri də uşaqların sağlam, firavan böyüməsi, gələcəklərinin tam təmin olunmasına xüsusi diqqət və qayğı göstərilməsidir. Lakin heç bir düşünülmüş siyasət əgər onun əsasında, özəyində ilahidən gələn ülvi hisslər durmursa, uşaqlara olan qayğını təmin edə bilməz. Bizim cəmiyyətimizdə də uşaqların ən böyük xoşbəxtliyi ondadır ki, dövlətimizin yürütdüyü siyasətin kökündə uşaqlara olan sevgi durur. Bunun nəticəsidir ki, son illər həyata keçirilən tədbirlər içərisində körpə və kimsəsiz uşaqlara göstərilən yüksək səviyyəli dövlət qayğısı xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Bu istiqamətdə reallaşdırılan layihələr ölkəmizdə ana və uşaqların sağlamlığının qorunmasına, uşaq müəssisələrinin fəaliyyətinin, eləcə də səhiyyə sisteminin maddi-texniki bazasının yaxşılaşdırılmasına, bu sahədə fəaliyyət göstərəcək bilikli, savadlı, geniş dünyagörüşünə malik peşəkar kadrların hazırlanmasına yönəldilib. Dövlət səviyyəsində həyata keçirilən belə tədbirlərin nəticəsidir ki, son dövrlərdə uşaq müəssisələri əsaslı şəkildə yenidən qurulmuş, regionlarda müasir tələblərə cavab verən uşaq bağçaları, məktəblər, səhiyyə müəssisələri tikilmiş, ana və yeni doğulmuş uşaqlar arasında ölüm halları xeyli azalmışdır.

Əlbəttə ki, Azərbaycanda uşaqlara, xüsusilə, xəstə və kimsəsizlərə diqqət və qayğıdan söhbət açanda Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban xanım Əliyevanın bu sahədəki yorulmaz fəaliyyəti xüsusi vurğulanmalıdır. Xəstə uşaqlarla bağlı Heydər Əliyev Fondu tərəfindən təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində həyata keçirilən tədbirlər əsl mərhəmət və humanistlik nümunəsidir. Təhsil və uşaq müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, uşaq evlərində böyüyən uşaqların gələcəyi, sağlamlıq imkanları məhdud və köməksiz uşaqların sağlamlıqlarının qorunması ilə bağlı fond tərəfindən həyata keçirilən tədbirlərin müstəsna əhəmiyyəti vardır. Bu, ilk növbədə, Azərbaycanın sürətli iqtisadi inkişafı, sosial problemlərin həlli və ölkəmizin dünya birliyindəki mövqelərinin möhkəmləndirilməsi üçün etibarlı zəmin yaradır.

Azərbaycanda uşaq problemləri hər zaman dövlətin diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Bu qayğının möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilməsi bir daha sübut edir ki, həmin istiqamət artıq dövlətin qarşıya qoyduğu zəruri vəzifələrdən birinə çevrilib. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu istiqamətdə həyata keçirdiyi nəcib missiya onu bütün Azərbaycan uşaqlarının ən yaxın dostuna və böyük himayədarına çevirib. Mehriban xanım Əliyevanın mərhəmət və humanistlik nümunəsi, milli-mənəvi dəyərlərimizin qorunmasındakı misilsiz fəaliyyəti ümummilli lider Heydər Əliyev siyasi məktəbindən, ulu öndərin ideyalarından bəhrələnir.

Heydər Əliyev Fondunun prezidenti “Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır” – devizini rəhbər tutaraq, çox sadə bir mərama söykənib: Azərbaycan uşaqlarını bəxtəvər görmək. Fondun həyata keçirdiyi “Yeniləşən Azərbaycana – yeni məktəb”, “Təhsilə dəstək”, “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Kor və zəif görən insanların İKT-yə çıxışının təmin edilməsi”, Bakıda Talassemiya Diaqnostika Mərkəzinin, tələbatı ödəyəcək qədər ehtiyata malik Qan Bankının yaradılması xeyirxahlıq, vətənpərvərlik hisslərini birləşdirən humanist duyğulardır. Onun təşəbbüsü ilə diabetli uşaqlara pulsuz tibbi yardım göstərilməsi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndirilmiş, nəzərdə tutulan layihələrin reallaşdırılması, xeyriyyəçilik tədbirləri, cərrahiyyə əməliyyatları, peyvəndləşdirmə aksiyaları əsl şəfqət və mərhəmət, xeyirxahlıq nümunəsinə çevrilib.

Birlik və həmrəylik

Artıq iki ildir ki, yer sivilizasiyası bəşər tarixinin ən qorxunc bəlalarından biri ilə, Koronavirus pandemiyası ilə mübarizə şəraitində yaşamaq məcburiyyətindədir. Etiraf olunmalıdır ki, Azərbaycan indiyədək bu bəladan ən az ziyan çəkən ölkələr sırasında yer alıb. Təbii ki, bu vəziyyət xalqın sağlamlığının qorunmasını ən ümdə vəzifəsi hesab edən Prezident İlham Əliyevin vaxtında atdığı addımların, qəbul etdiyi mühüm qərarların və həyata keçirdiyi qabaqlayıcı tədbirlərin nəticəsidir.

Qeyd etmək lazımdır ki, pandemiya ilə mübarizə dövründə Mehriban xanım Əliyeva öz ali missiyasına, amalına sadiqliyini bir daha nümayiş etdirdi. Ölkənin birinci xanımı iki dəfə xalqa müraciət edərək hər kəsi “gözəgörünməz düşmən”lə mübarizədə birlik, həmrəylik nümayiş etdirməyə çağırdı. Birinci vitse-prezidentin “Evdə qal, sağlam qal!” şüarlı təşəbbüsü böyük dəstək qazandı. Məhz Mehriban xanım Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu ölkədə elan edilən karantin müddətində “Biz birlikdə güclüyük” şüarı ilə xeyriyyə aksiyaları keçirdi. Bu aksiyalar çərçivəsində 200 mindən çox ailəyə ərzaq məhsullarından ibarət sovqatların paylanılması da bir daha fondun missiyasını nümayiş etdirmiş oldu.

“Tolerantlığın ünvanı – Azərbaycan”

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə ölkəmizdə tolerantlıq ənənələrinin qorunmasına xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondunun həyata keçirdiyi “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi layihə çərçivəsində dini abidələrdə, ziyarətgahlarda və tikililərdə təmir-bərpa işləri aparılır, sərgilər təşkil olunur. Bu məqsədlə 2005-ci ildə Bakının Mərdəkan qəsəbəsində XVI əsrə aid Pir Həsən ziyarətgahında, 2006-cı ildə Bakının Binə qəsəbəsindəki Möhsün Səlim məscidində əsaslı təmir və bərpa işləri aparılmışdır. 2006-cı ildə Gəncədəki Həzrəti Zeynəb məscidi yenidən qurulmuşdur. 2008-ci ilin sentyabrında Heydər Əliyev Fondu və Roma Katolik Dini İcması arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində Bakıdakı Müqəddəs Məryəm kilsəsinin asma tavan şüşələri dini mövzuda və klassik vitraj texnikasında işlənmiş bədii şüşələrlə əvəz edilmiş, məbədin fasadında keramik panno yerləşdirilmişdir.

Məlumdur ki, tarixi-mədəni irsin mühafizəsi qayğı tələb edir. İtmiş hər hansı maddi dəyər əvəzedilməzdir və inamla deyə bilərəm ki, gələcək nəsillərə qarşı cinayətdir – məntiqindən çıxış edərək ölkəmizin birinci xanımının rəhbərliyi altında Heydər Əliyev Fondu təkcə ölkə miqyasında deyil, beynəlxalq aləmdə də bir sıra unikal memarlıq abidələrinə “ikinci həyat” bəxş etmişdir. Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdə XIV əsr Notr-Dam və Strasburq Kafedral kilsələrinin, Versal Sarayında tarixi incəsənət abidələrinin, həmçinin, İkinci dünya müharibəsi nəticəsində dağıdılmış Berlin qəsrinin, Vatikan arxivlərində saxlanılan Azərbaycanın nadir orta əsr əlyazmalarının və orada yerləşən qədim heykəllərin bərpa işləri həyata keçirilmişdir. Parisdəki məşhur Luvr Muzeyində İslam incəsənəti bölməsi yaradılmışdır. Bundan savayı, Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu Parisdə terror qurbanlarının VII Beynəlxlaq konfransının təşkili məqsədilə 2011-ci ilin sentyabr ayında Fransa Terror Qurbanları Assosiasiyasına maliyyə yardımı göstərmişdir. Roma şəhərində yerləşən Kapitolini muzeyində “Filosoflar zalı”nın bərpası fondun bu sahədə ən mühüm nailiyyətlərindən hesab olunur.

Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun Vatikanda Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası istiqamətində atdığı addımlar sivilizasiyalararası dialoq və harmoniya baxımından misilsiz hadisələrdir. Həmin abidələrin 23 fevral 2016-cı il tarixində bərpadan sonrakı açılış mərasimində Kardinal Ravazinin: “Məhv olmaq təhlükəsi ilə üzləşən katakombaların bərpası ilə bağlı bütün dünya xristianlarına müraciət etdim. Lakin müsbət cavab almadım. Yalnız Heydər Əliyev Fondu bu çağırışa cavab verdi.”, – fikri Azərbaycan dövləti və onun ali rəhbərliyinin multikultural siyasətinə verilən yüksək qiymətin ifadəsidir.

Beləliklə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın genişmiqyaslı fəaliyyətində yer almış bu bir neçə epizodun ilkin təhlili belə əminliklə bunu deməyə əsas verir ki, Azərbaycanın birinci xanımının fədakar və çoxşaxəli fəaliyyəti dövlətimizin yüksək dəyərlərinin, humanizm prinsiplərinin beynəlxalq aləmə layiqincə təqdim olunmasında, eləcə də sivilizasiyalararası dialoq mühitinin formalaşdırılmasında əvəzsiz rola malikdir.

Aqiyə Naxçıvanlı
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor.