Mehriban xanım Əliyevanın fəaliyyətinin əsasında xalqına, dövlətinə, bəşəriyyətə sevgi dayanır

Daim humanistliyi ilə seçilən, xalqın sevgisini qazanan, çoxşaxəli fəaliyyəti haqlı olaraq hər bir azərbaycanlının qürur mənbəyi olan Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmasından beş il ötür. 2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü əsasında Konstitusiya islahatları ilə bağlı keçirilən referendumunun nəticələrinə görə Birinci vitse-prezidentlik institutu yaradılması ölkəmizdə siyasi və idarəçilik islahatlarının növbəti mərhələsinin başlanğıcı oldu. 2017-ci il 21 fevral tarixində Birinci vitse-prezident vəzifəsinə ölkənin ictimai və siyasi həyatında yaxından iştirak edən, insanların dərin məhəbbətini qazanan Mehriban xanım Əliyevanın təyin olunması yeni hədəflərə doğru atılan inamlı addım kimi tarixə yazıldı.

Bunu YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib. Ramil Orucov qeyd edib ki, həmin tarixi hadisədən keçən 5 il ərzində zaman sözügedən təyinatın doğruluğunu tam təsdiq etdi. Mehriban xanım Əliyeva ölkənin Birinci vitse-prezidenti kimi ilk çıxışı zamanı Azərbaycanın yüksəlişinə, mədəniyyətimizin qorunmasına və təbliğinə, dövlətimizin sosial siyasətinin daha böyük uğurlar qazanmasına layiqli töhfələr verəcəyinə söz verdi: “Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz kiçik də olsa öz töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır... Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”.

Qürurverici haldır ki, Mehriban xanım Əliyevanın xoşməramlı fəaliyyəti sayəsində Birinci vitse-prezidentlik institutu funksional siyasi təsisat kimi uğurla fəaliyyət göstərir. Mehriban xanım Əliyevanın Birinci vitse-prezidentlik fəaliyyəti dövlət idarəçilik sisteminə müasirlik qatdı, peşəkarlıq amilinin aktuallığını artırdı.

Humanistliyi ilə seçilən, verdiyi vədi vaxtından əvvəl yerinə yetirən, xalqın sevgisini qazanan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xoşməramlı fəaliyyətinin təməlində Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiqlik dayanır. Ümummilli Liderin dövlətçilik məktəbindən uğurla keçən Mehriban xanım Əliyeva qısa müddətdə Azərbaycan qadınının qürur doğuran obrazını bütün dünyaya təqdim etdi.

Mehriban xanım Əliyeva təkcə son 5 ildə deyil, hələ ötən əsrin 90-cı illərindən başlayaraq insanlara mənəvi saflıq, düzgünlük və ədalət, humanizm, şəfqət, yaxşılıq, və kömək etmək kimi fundamental bəşəri dəyərlərin təbliğində istisnasız xidmətlər göstərib. Yeni Azərbaycan Partiyasının sədrinin birinci müavini, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə

Komitəsinin üzvü, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi uğurlu fəaliyyəti ilə Mehriban xanım Əliyeva xalqın rəğbətini, sevgisini qazanıb.

Mehriban xanım Əliyeva mütəmadi olaraq cəmiyyətin həssas təbəqələrinin problemlərini həll etməyə, ana nəvazişinə ehtiyac duyan uşaqları sevindirməyə, zəngin mədəniyyətimizi təbliğ etməyə, müxtəlif istiqamətlərdə yeni layihələr reallaşdırmağa böyük səy göstərir. Təsadüfi deyil ki, 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə isə ICESCO-nun xoşməramlı səfiri seçilən Mehriban xanım Əliyeva nəcib əməllərinə görə digər çoxsaylı beynəlxalq mükafat, fəxri ad və təltifə layiq görülüb. Beynəlxalq ictimaiyyət Birinci vitse-prezident Mehriban xanım Əliyevanı dünyanın ən nüfuzlu qadın siyasətçilərindən biri kimi səciyyələndirir. Birinci xanımın çoxşahəli fəaliyyətinə görə layıq görülmüş təltiflərin hər birinin arxasında bilik, ağıl və iradə, peşəkarlıq və təcrübə, prinsipiallıq və xeyirxahlıq, ən əsası xalqına, dövlətinə, insanlığa, bəşəriyyətə sevgi dayanır.