Mehriban xanım Əliyevanın genişmiqyaslı, çoxşaxəli fəaliyyəti Azərbaycan xalqının və dövlətinin mənafeyinə xidmət edir

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin Birinci müavini, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan xalqının milli maraqlarına və ümumbəşəri dəyərlərə əsaslanan genişmiqyaslı və çoxşaxəli fəaliyyəti bütün xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır və nümunə kimi göstərilir. Birinci vitse-prezident kimi fəaliyyəti dövründə Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni səhifəsini açmış, təcrübəli siyasətçi, yüksək idarəetmə və təşkilatçılıq məharətinə malik olan səriştəli idarəedici kimi cəmiyyətimizdə qadınların rolunun artmasına səbəb olmuşdur.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ali dəyərlərə söykənən, Azərbaycan xalqı və dövlətinin maraqlarını əks etdirən fəaliyyətindən bəhs edərkən, ilk növbədə, Onun rəhbərlik etdiyi Azərbaycanın böyük humanitar və xeyriyyəçilik təşkilatı olan Heydər Əliyev Fondunun ölkəmizin inkişafına verdiyi töhfələrə, sərgilədiyi çoxşaxəli fəaliyyətə diqqət yetirmək lazımdır. Təbii ki, bu Fondun əsas məqsədləri görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycanın qurucusu və Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək vermək, eləcə də Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümummilli Lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına kömək etməkdir. Əminliklə deyə bilərik ki, Heydər Əliyev Fondu fəaliyyəti müddətində bu vəzifələrin öhdəsindən layiqincə gəlmiş və Mehribanın xanımın bilavasitə təşəbbüsü və rəhbərliyi ilə gözəl işlərə imza atmışdır. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanda elm və təhsilin inkişafı ilə bağlı “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı, “İnternat məktəblərinin inkişaf proqramı”, “Təhsilə dəstək” kimi bir çox önəmli layihə və proqramlara start verilmiş, Qarabağ həqiqətlərinin bütün dünyaya çatdırılması və Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində mühüm işlər görülmüşdür. Uğurla həyata keçirilmiş bu layihələr sırasında “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı xüsusi qeyd edilməlidir. Məhz bu proqramın başlanması nəticəsində ölkəmizdə üç mindən çox yeni məktəb tikilmiş və ya əsaslı şəkildə təmir olunmuşdur. Müasir tipli məktəblərin inşası, tədris prosesində normal şəraitin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması son illər ərzində Azərbaycan təhsilinin beynəlxalq təhsil məkanına inteqrasiyasını gücləndirmişdir.

Mehriban xanım Əliyeva ölkəmizin müstəqilliyinin ilk dövrlərindən etibarən milli mədəniyyətimizin qorunması və inkişafı istiqamətində geniş fəaliyyət göstərir. Mehriban xanım Əliyevanın mədəniyyətə və incəsənətə göstərdiyi qayğı ilə əlaqədar fəaliyyətinin böyük bir hissəsi Heydər Əliyev Fondu ilə bağlıdır. Fond mütəmadi olaraq xarici ölkələrdə Azərbaycan mədəniyyətinin təbliği istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirir. Azərbaycan xalqının milli sərvəti olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Mehriban xanım Əliyevanın təşəbbüsü nəticəsində mümkün olmuşdur. Mehriban xanım Əliyeva Azərbaycanın maddi və qeyri-maddi irsinin, Qarabağ mədəniyyətinin, Azərbaycan xalqının yaratmış olduğu ənənə və dəyərlərin, milli mətbəxtimizin dünyada tanıdılması üçün müxtəlif təqdimatlar, sərgilər, tədbirlər keçirmişdir. Azərbaycan xalqının yaratmış olduğu mədəni abidələr dünya irs siyahılarına daxil edilərək qorunma altına alınmışdır. Fransada, İtaliyada, Rusiyada və başqa ölkələrdə keçirilən çoxsaylı tədbirlər nəticəsində dünya ictimaiyyəti ölkəmizi daha yaxından tanımağa, öyrənməyə, görməyə başlamışdır.

Bununla yanaşı, Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən Versal Sarayının parkındakı ümumbəşəri abidələrin bərpası, Luvr Muzeyinin bərpası, İkinci Dünya müharibəsi zamanı yanmış və dağıdılmış Berlin qəsrinin bərpası, Romanın Villa Borgeze parkında Nizami Gəncəvinin abidəsinin ucaldılması, Vatikanda Roma katakombalarının bərpası, Moskvada M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycanın görkəmli yazıçısı, filosofu və humanisti və ziyalısı Mirzə Fətəli Axundzadənin abidəsinin ucaldılması, Parisdə Azərbaycan Mədəniyyəti Mərkəzinin yaradılması, Romada Kapitolini Muzeyinin “Filiosoflar zalı”nın təmiri və digər ümumbəşəri layihələr icra edilmişdir.

Mehriban xanım Əliyeva həm Milli Məclisin deputatı, həm də respublikamızın Birinci vitse-prezidenti kimi fəaliyyəti dövründə cəmiyyətimizdə son dərəcə həssas, problemli məsələlərin həlli, o cümlədən elm, təhsil, səhiyyə, mədəniyyət, idman, gənclər siyasəti, ailə, qaçqın və məcburi köçkünlərin sosial təminat problemləri kimi mühüm əhəmiyyət kəsb edən sosial məsələlərlə məşğul olmuşdur. Ötən dövr ərzində ölkəmizdə bu sahələrdə müstəsna uğurlar və nəticələr əldə edilmişdir. Bu barədə yüzlərlə misallar göstərmək olar.

Mehriban xanım cəmiyyətimizdə daima mərhəmət, insanpərvərlik, qayğı kimi hisslərin təbliğatçısı olmuşdur. 2007, 2009, 2013, 2016-cı illərdə dəfələrlə məhz Onun təşəbbüsü ilə Milli Məclisdə 10 minlərlə məhbusa şamil olunan genişmiqyaslı amnistiya aktları qəbul olunmuş, bu qərarlar əsasında ümumilikdə 39 min 887 məhkum cəzadan azad edilmişdir.

Ölkəmizdə xüsusi həssas əhali qrupları ilə işləmək, onların problemlərinin həllinə dəstək olmaq Mehriban xanım Əliyevanın fəaliyyət sahəsinin mühüm istiqamətlərindən birini təşkil edir. Bu işdə gündəlik sosial ehtiyacların qarşılanması, insanların sağlamlığının qorunması, xəstələrə, kimsəsizlərə, ahıllara və ehtiyacı olan digər insanlara qayğı və nəvaziş ən vacib missiya kimi həyata keçirilməkdədir. Mehriban xanım Əliyeva daim xüsusi qayğıya ehtiyacı olan uşaqları diqqətdə saxlayır, xüsusən də valideyn qayğısından məhrum olan, xəstə uşaqların əsl himayəçisi kimi fəaliyyət göstərir. Mehriban xanım olan yerdə haqq-ədalət, mərhəmət, humanizm, həssaslıq, insanlara diqqət, qayğı və digər bu kimi yüksək dəyərlər bərqərar olunur və milli-mənəvi dəyərlərə, adət və ənənələrimizə, müstəqilliyimizə, dövlətçiliyimizə sədaqət nümunəsi göstərilir.

Təbii ki, Mehriban xanımın bütün bu genişmiqyaslı milli və ümumbəşəri fəaliyyəti Azərbaycan vətəndaşları və bütövlükdə dünya ictimaiyyəti tərəfindən lazımınca qiymətləndirir və dünya səviyyəsində təqdir edilir. Azərbaycanın birinci xanımı bir çox beynəlxalq mükafatlara layiq görülüb. Xeyirxahlıq, mərhəmət, insanpərvərlik nümunəsi olan Mehriban xanım Əliyevanın ölkə daxilində həyata keçirdiyi humanitar missiyası dövlətimiz tərəfindən yüksək dəyərləndirilmiş və Mehriban xanım Azərbaycanın ən ali dövlət mükafatlarına – “Heydər Əliyev” ordeninə və Heydər Əliyev Mükafatına layiq görülmüşdür. Xarici ölkələrin ali dövlət mükafatları sırasında xüsusi olaraq qeyd etmək olar: Fransanın “Şərəf Legionu”, Rusiyanın “Dostluq”, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri, Vatikanın IX Piy Ordeninin Böyük Xaçı, Rus Pravoslav Kilsəsinin II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordenləri, UNESCO-nun “Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Qızıl medalı, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qızıl medalı, Küveyt Dövlətinin Fəxri diplomu, Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin mükafatı, Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı.

Mehriban xanım Əliyevanın UNESCO-nun Xoşməramlı səfiri və ölkəmizin Birinci vitse-prezidenti kimi 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsinə təşəbbüs göstərməsi və buna nail olması tarixi hadisədir.

Xüsusi olaraq vurğulanmalıdır ki, Mehriban xanım Əliyeva hər zaman Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ailələrinə, doğma torpaqlarından məcburi köçkün düşmüş vətəndaşlarımıza xüsusi qayğı ilə yanaşıb, onların sosial problemlərinin həllinə diqqət göstərib və ümumiyyətlə, cəmiyyətin diqqətini bu məsələlərə cəlb edib. Eyni zamanda, erməni işğalçıları ilə döyüşlərdə yaralanmış və əlil olmuş hərbiçilərimizə və mülki şəxslərə maddi-mənəvi dəstək, onların müalicəsi və sağlamlığının bərpasına lazımi diqqət də Mehriban xanım Əliyevanın humanizm fəaliyyətinin əsasını təşkil edir. Müharibə əlillərinin əksəriyyəti Birinci vitse-prezidentin köməyi ilə dünyanın nüfuzlu xəstəxanalarında müalicə olunub və bugün də bu işlər davam etməkdədir.

Azərbaycan xalqı, böyük Türk dünyası və bütün dünya Azərbaycanın 44 günlük Vətən müharibəsindəki parlaq qələbəsindən sonra misilsiz tarixi hadisələrə, ölkəmizdə gedən möhtəşəm milli dirçəliş dövrünə, bir millətin, xalqın öz tarixi, mədəniyyəti ilə birlikdə ata-baba torpaqlarına addım-addım Böyük Qayıdışına şahidlik edir. Prezident, Azərbaycan Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun, əsgər və zabitlərimizin şücaəti, mərdliyi, mətanəti, fədakarlığı, ən əsası isə ürəklərindəki müqəddəs Vətən sevgisi və qələbə ruhu nəticəsində 44 günlük Vətən müharibəsi Azərbaycanın parlaq Qarabağ Zəfəri, düşmən tapdağı altında olan Vətən torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün, dövlət sərhədlərimizin bərpası ilə nəticələndi.

Müharibə bitdikdən sonra Ali Baş Komandanımızın ailə üzvləri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə işğaldan azad olunmuş bölgələrə səfərləri, bu səfərlər zamanı İlham Əliyevin, Mehriban xanımın səmimi dialoqları, sözlərində, gözlərində, jest və hərəkətlərində olan sevinc, qürur hər bir azərbaycanlının yaddaşına Böyük Qayıdışın rəzmi kimi əbədi həkk olundu, Lider-xalq birliyini daha da möhkəmləndirdi və sarsılmaz etdi. İşğaldan azad olunan Füzuli, Ağdam, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın rayonlarına və bu səfərlərin kuliminasiya nöqtəsi olan Şuşa şəhərinə səfərlər zamanı Ali Baş Komandanımızın və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər bir müsəlman üçün əziz və müqəddəs olan dini məbədlərimizə, daha doğrusu işğalçı erməni vandallarının simasını və İslam dininə olan düşmənçiliyinin nümunəsi olan dağıdılmış məscidlərimizə, ibadətgahlarımıza ziyarətləri xüsusi qeyd olunmalıdır. Azərbaycanın viran qoyulmuş torpaqlarına səfərləri zamanı yolboyu törədilmiş vəhşilik, barbarlıq, vandalizm nümunələrini, dağıdılmış kəndlərin, evlərin canlı kadrlarını dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların diqqətinə təqdim edən Ali Baş Komandanımız erməni vəhşiliyini və onların işğalçı, faşist xislətini bir daha ifşa etdi. Erməni vandalları tərəfindən viran qoyulmuş Azərbaycan torpaqlarında bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi, Heydər Əliyev Fondunun iştirakı ilə möhtəşəm yenidənqurma, bərpa, tikinti-quruculuq işləri aparılır və ən müəsir tələblərə cavab verən infrastruktur yaradılır. Çox qısa zamanda işğaldan azad olunan ata-baba yurdlarımızda xalqımızın tarixi, mədəni, dini irsi ən yüksək səviyyədə, milli ruhumuza uyğun bərpa olunacaq və o torpaqlar əsl cənnət məkanına çevriləcəkdir.

Xalqımız haqlı olaraq Prezidentmiz, Ali Baş Komandanımız İlham Əliyevlə və ölkə başçısının ən yaxın və etibarlı silahdaşı, qayğıkeş ana, xeyriyyəçi, yüksək idarəçilik mədəniyyətinə malik rəhbər və cəmiyyətimizdə xüsusi yanaşma tələb edən ən həssas məsələləri yüksək diqqət və qayğı ilə həll edən dövlət xadimi kimi böyük məhəbbət və rəğbət qazanan Birinci vitse-prezident Mehriban xanımla, güclü, müstəqil, məğrur və qüdrətli Azərbaycan dövlətimizlə fəxr edir. Mehriban xanım Əliyevanın Azərbaycan xalqının və dövlətinin mənafeyinə xidmət edən genişmiqyaslı və çoxşaxəli fəaliyyəti bizim üçün ikiqat fərəhlidir. Çünki Mehriban xanım Əliyeva həm Yeni Azərbaycan Partiyası Sədrinin Birinci müavinidir, həm də Səbail rayonunda partiya qeydiyyatındadır. Biz Mehriban xanım Əliyevaya möhkəm cansağlığı, şərəfli və məsuliyyətli işində daha böyük uğurlar arzu edirik. Əminik ki, Mehriban xanımın çoxşaxəli və genişmiqyaslı fəaliyyəti bundan sonra da Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə, xalqımızın rifahının yüksəldilməsinə misilsiz töhfələr verəcəkdir.

Şəmsəddin Hacıyev

YAP Səbail rayon təşkilatının sədri,

iqtisad elmləri doktoru, professor