“Məktəbə qayıdış” adlı xeyriyyə aksiyası keçirildi

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) “Kontakt” mağazalar şəbəkəsinin dəstəyi ilə yeni tədris ilinin başlaması ərəfəsinə təsadüf edən “məktəbə qayıdış” adlı xeyriyyə aksiyası həyata keçirib.

“Qafqazinfo” xəbər verir ki, xeyriyyə aksiyası ucqar dağ kəndlərində yaşayan məktəblilərin çanta və digər məktəb ləvazimatları ilə təmin edilməsindən ibarət idi. Aksiya “Kontakt” mağazalar şəbəkəsinin ad gününə həsr olunub.

İsmayıllı rayonunun Sulut, Əhən, Zərnava, Cülyan, Sərdahar və Müdri kimi ucqar dağ kəndlərində keçirilən “Məktəbə qayıdış” adlı xeyriyyə aksiyası 107 nəfərdən ibarət olan 1-6 sinif şagirdlərini əhatə edib. Məktəblilər çanta, penal, qələm, dəftər və şagirdlərin sinfinə uyğun olaraq digər tələb olunan məktəb ləvazimatları kimi 1 illik tədarük ilə təmin olunub. Paylanışda AzQAC əməkdaşları və könülləri ilə yanaşı, “Kontakt” mağazalar şəbəkəsinin nümayindəsi də iştirak edib.

 

Qeyd edək ki, AzQAC tərəfindən göstərilən humanitar xidmətlər və hüquqi hərəkətlərin rəqəmsallaşdırılması məqsədi ilə yaradılmış “YARDIM.ET” adlı İanə İdarəetmə Sistemi fəaliyyət göstərir. Bu sistem çərçivəsində HÖP, ASAN PAY, SMS, MilliÖn, eManat, hesab.az, ePul, bank kartı (VISA, Mastercard) və s. kimi vasitələrlə ianələrin toplanması və idarəolunması həyata keçirilir. Toplanmış ianələr ehtiyaclı insanlara müvafiq sosial və humanitar yardımların edilməsinə yönləndirilir və heç bir kommersiya və gəlir məqsədi daşımır.