Məktəblilər arasında “Zərərli vərdişlərə yox deyək!” adlı layihə həyata keçirilib

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə təşkil olunan “Zərərli vərdişlərə yox deyək!” layihəsi çərçivəsində 23 yanvar 2023-cü il tarixində Neftçala rayonu, Xəzərkənd kənd tam orta məktəbində seminar xarakterli tədbir həyata keçirilmişdir.

Tədbirin açılışını məktəbin direktoru Araz Əsədov etmiş, layihə rəhbərini, eksperti, polis əməkdaşını, həkimi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyinin direktorunu şagirdlərə təqdim edərək, layihənin faydalılığı haqqında iştirakçılara məlumat vermişdir. Daha sonra layihənin rəhbəri Anar Güllərli layihənin mahiyyəti, məqsədi, hədəf qrupu haqqında məlumat verdi. Eyni zamanda Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyinin direktoru Fərhad Baxışov çıxış edərək Azərbaycan Gənclər Fondunun fəaliyyət istiqamətləri, eləcə də “İdeyanı Reallaşdır – 2022” fərdi qrant müsabiqəsi haqqında ətraflı məlumat vermiş, neftçalalı gənclərin Fond tərəfindən icra olunan layihələrdə aktiv iştirakını diqqətə çatdırmışdır.

Tədbirdə ekspert qismində Bakı Dövlət Universitetinin Təhsildə sosial-psixoloji xidmət ixtisasının məzunu Mətanət Quliyeva şagirdlərə zərərli vərdişlər mövzusunda məlumatlar təqdim etmiş , gənclərin zərərli vərdişlərə qurşanması, zərərli vərdişlərin insan psixologiyasına təsiri və zərərli vərdişlərdən qurtulmaq yollarını diqqətə çatdırmışdır. Neftçala Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı və polis əməkdaşı zərərli vərdişlərin insan sağlamlığına təsiri, zərərli vərdişlərin yaratdığı cinayət məsuliyyəti haqqında məlumat verdilər. Mövzu barədə geniş müzakirə aparıldı, müəllimlər və şagirdlər müzakirədə fəal şəkildə iştirak etdilər.

Qeyd edək ki, layihə çərçivəsində növbəti seminarlar Neftçala Peşə Məktəbi, Salyan rayon M. Dadaşov adına Kürqaraşlı tam orta məktəbi və Salyan rayon Q. Mayılov adına Kürsəngi tam orta məktəbində həyata keçiriləcəkdir. Layihənin davamlılığını təmin etmək məqsədilə görüşdə iştirak etmiş şagirdlərlə mütəmadi əlaqə yaradılması, şagirdlər vasitəsilə layihənin daha çox şəxsə çatdırılması nəzərdə tutulur.