“Mənim qarşıma sənədlər hazır vəziyyətdə gəlirdi, imzalayırdım”

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin məhkəməsi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə R.Quliyev bildirib ki, heç kimdən pul almayıb: “Mən ittihamda qeyd olunan Tamella xanımı ümumiyyətlə tanımıram. Həmin tikintiyə icazə ilə bağlı mənim qarşıma sənədlər hazır vəziyyətdə, sənədin arxasında lazımı rəylər verilmiş şəkildə gəlib. Mən də imzalamışam, onun mahiyyətini araşdırmağa vaxtım olmayıb.

Sənədlər mənə o vaxtki Memarlıq və Şəhərsalma Baş İdarəsinin baş memarı Akif Abdullayev tərəfindən təqdim olunub. Hansı ki, bu insan qəbuluna gələn vətəndaşlar haqqında deyirdi ki, "qarpızı verdim, yola saldım".

BŞİH-in başçısının sərəncamı ilə mənə müavinin səlahiyyətləri həvalə olundu. Çünki bu ekstremal vəziyyət idi. Müavin Rauf Pənahov rəhmətə getmişdi. Mən də başçının sərəncamını icra etmək məcburiyyətində idim. Həmin müddətdə mən yalnız vəfat edən müavinin elektron poçtuna gələn məktubları aidiyyatı üzrə yönləndirmişəm. Gün ərzində bəzən 5 qovluq sənədə baxmışam. Fiziki olaraq onların hamısını yoxlamaq mümkün deyildi”.

R.Quliyev qeyd edib ki, onun müavin səlahiyyətini icra etmək üçün nə ərizəsi, nə əmək müqaviləsi olub, nə də müavinin vəzifə maaşını alıb: “

Binanın tikintisi 2013-cü ildə başlayıb, məndən əvvəl orada görülən işlər nəticəsində həmin abidəyə ziyan dəyib. Mənim şahidim orada yaşayan xalq artisti Şeyx Əbdül və digər sakinlərdir.

Üstəlik mənim imzaladığım sərəncam 4 ay sonra icra başçısı səlahiyyətlərini icra edən Eldar Əzizov tərəfindən ləğv edildi. Mənim sərəncamıma qədər isə orada 4 mərtəbə artıq tikilmişdi”.

Növbəti proses sentyabrın 6-na təyin olunub.