Millət Müəllimi üçün çiçəklər

Rafael HÜSEYNOV,

Milli Məclisin sədr müavini, akademik

 

İnsanın zaman-zaman ucaltdığı binalar içərisində həmişə ən mötəbəri və sədası ən uzaq sabahlara çatanı elm evi olub. Böyük azərbaycanlı Heydər Əliyev ömrü boyu elmi sevdi, alimi sevdi, elmə qayğı göstərdi, alimdən diqqətini əsirgəmədi, elm evini qorudu. Çünki özü də bütün məziyyətləri və qabiliyyətləriylə bir qüdrətli fikir adamı idi.

Azərbaycanın baş elm evi – Milli Elmlər Akademiyası bu gün Cavid prospektində, Heydər Əliyevin Azərbaycana yenidən qaytardığı dahi şairin möhtəşəm abidəsi ilə üzbəüzdür və mən buna rəmz kimi baxıram. Bütün insanları bərabər sayan Təməl Kitabın – “Quran”ın öyrətdiyi və Tanrı Elçisinin də təsdiqlədiyini Cavid şeir diliylə bəyan edir, yalnız biliklə, savadla bir insanın başqa insandan üstün olmasına inanırdı:

Gərçi xilqətdə bəşər birsə, yenə

Tay deyil bilməyən əsla bilənə.

Kişi ürfan işığından parlar,

Şübhəsiz, bilgidə Allah gücü var.

Heydər Əliyev də biliyin intəhasız gücünə, onda ilahi qüdrətin olmasına əmindi, ona görə biliyi sevirdi, millətinin zəkaca sağlam – savadlı-təhsilli olmasını daim arzulayırdı. İnandığı bu həqiqətə ömrü boyu sədaqətini azaltmadı, daim müəllimin yanında oldu, həmişə təhsilin qayğıları ilə yaşadı, müdam məktəbi qorudu. Bütün bu içəridən gələn əməklərinin sayəsində də Heydər Əliyev xalqının həmişəvar dərsliyinə, əbədi məktəbinə çevrildi.

 

Heydər Əliyevin tükənməz müəllim sevgisinin başlıca qaynaqlarından biri də bu idi ki, o, məktəb illərində də, sonrakı təhsil mərhələlərində də yaxşı müəllimlərdən dərs almışdı, kamil ustadlar görmüşdü və hər birini də daim ehtiramla anırdı. Elə həmin Hüseyn Cavidin böyük qardaşı və ilk müəllimi olmuş Şeyx Məhəmməd Rasizadə Heydər Əliyevə də indi ötmüş yüzilin uzaqlarında qalan 1930-cu illərdə Azərbaycan dilinin şirinliyini dadızdıran, onu ədəbiyyatımızın ülviyyətinə heyran qoyan ilk ustadlardan idi. Heydər Əliyev müəllim təlqinediciliyinin örnəyi saydığı Şeyx Məhəmmədi anarkən daim minnətdarlıqla söyləyirdi ki, uzun illər təhlükəsizlik orqanlarında çalışdığından və orada sovet dönəmində bütün yazı-pozunun rusca aparılması səbəbindən həmin sahə üzrə təhsilini də rusca alması, sonralar istər Sovet Azərbaycanına rəhbərlik etdiyi, Kremldə çalışdığı illərdə də həmişə işçi dilinin rusca olması ucbatından o da sağında-solundakı bir çox başqaları kimi, ana dilində səlis və ürəyi istəyən səviyyədə yazıb-danışmaq vərdişlərini yadırğamadısa, bunun ilk və başlıca səbəbkarı həmin tələbkar və öyrətməkdə mahir ustadıdır.

 

1996-cı ilin oktyabrında unudulmaz Heydər Əliyevin başçılığı ilə Naxçıvana, Cavid məqbərəsinin açılışına getdiyimiz ərəfədə Şeyx Məhəmmədin ailəsi ondan qalan bir çamadan əlyazmanı mənə vermişdi və mən də bir-bir o yazıları oxuduqca həm güclü müəllim, həm yaxşı şair, həm də qabil tərcüməçi olmuş bu təmənnasız maarif carçısının bütöv şəxsiyyətinə vurulmuş, onun haqqında ayrıca yazı hazırlamaqçün axtarışlara başlamışdım. Qızının, digər qohum-əqrəbasının xatirələrini dinləyəndən sonra sonranın məşhurlarına çevrilmiş keçmiş şagirdlərini soraqlamağa başlamışdım və onları da müəyyənləşdirmək çətin olmamışdı. Çünki Şeyx Məhəmməddən qalan yazıların arasında müxtəlif illərdə dərs dediyi şagirdlərinin siyahıları da vardı, onlardan bir qisminin həmin illərdə yazdığı, xoşuna gəlmiş inşalarını da saxlamışdı. Heydər Əliyevin adını da o siyahılardan birində görmüşdüm və Naxçıvan səfərimiz əsnasında ilk fürsətdə ondan ustadı haqda soruşmuşdum.

Yetişməsində zəhməti olmuş müəllimlərinin hər birinə özünü borclu hesab etsə də, onların arasında Şeyx Məhəmmədin yerinin məxsusi olduğunu söyləyən Heydər Əliyev xüsusi vurğulamışdı ki, elə məktəb illərindən sevimli müəlliminin artıq həmin dövrdə məşhur olan kiçik qardaşı Hüseyn Cavidin vurğunu olub, illər ötdükcə də Cavidə məftunluğu artıb. Ona görə də sonralar Cavidin layiq olduğu əsl qiymətinin verilməsi, bir zamanlar tapdanmış haqlarının qaytarılması, ədəbi mirasının bütövlüyü ilə xalqa çatması üçün həmişə əlindən gələni edib və həmin işləri görərkən daim bunu da düşünərək təsəlli tapıb ki, bütün bunlarla həm də əziz müəlliminə, Şeyx Məhəmmədə azacıq da olsa borcunu qaytarır.

Müəllim haqqında Azərbaycanın başqa rəhbərləri də müxtəlif vaxtlarda hansısa çıxışlarında, görüşlərində, yazılarında yüksək fikirlər söyləyiblər, amma onların dedikləri zahirən sanki elə Heydər Əliyevin dilə gətirdiyi ali qiymətə bənzəsə də, hec vəchlə bu siqlətdə, bu istilikdə, bu səmimiyyətdə olmayıb. Çünki o sözləri söyləyəndə Heydər Əliyev bütövlükdə Azərbaycan müəllimini düşünsə də, həmişə gözləri önündə unuda bilmədiyi, ustadlığın timsalı kimi pərəstişə layiq Şeyx Məhəmməd kimi şəxsiyyət-müəllimlərinin surəti canlanıb: “Azərbaycan cəmiyyətində müəllim bu gün də, gələcəkdə də ən hörmətli insan kimi qəbul edilməlidir və müəllimlik peşəsi ən yüksək qiymətə layiq olan peşədir. Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda, qəhrəmanlıq göstərən insanlardır. Müəllimlik peşəsi asan peşə deyil. Bəziləri hesab edirlər ki, hər adam müəllim ola bilər. Bəzən olur ki, müəllimliyə layiq olmayan adam da müəllimlik edir. Belə hallar bu gün də var, gələcəkdə də ola bilər, ancaq Azərbaycan müəllimlərinin tam əksəriyyəti layiqli müəllimlərdir. Əgər bunlar belə olmasaydı, Azərbaycanın bugünkü elmi, bugünkü iqtisadiyyatı, bugünkü mədəniyyəti və bugünkü yüksəlişi ola bilərdimi?! Bunların hamısını biz məktəblərdən almışıq, bunların hamısını biz universitetlərdən almışıq, bunların hamısını siz müəllimlərdən almışıq”.

Milli tariximizə möhürünü vurmuş, millətiylə birgə daim yaşayacağına əmin olduğunu öncədən söyləmiş qüdrətli Heydər Əliyevin uca boyunun tarixin bütün uzaqlarından görünəcəyinə və yeni nəsillərin də həmişə onun yolunu araşdıracağına, şəxsiyyətinə maraq göstərəcəyinə, irsinə qiymət verməyə çalışacağına şübhə yoxdur. Qiymətlər, əlbəttə, müxtəlif olacaq – böyük dövlətçi, böyük siyasətçi, böyük qurucu. Amma həmin dəyərləndirmələr arasında hökmən bir başqa qiymət də daim yer alacaq və zənnimcə, Ulu Öndərin ən yüksək və dəqiq qiyməti də məhz bu olacaq – maarifçi Heydər Əliyev.

 

“Maarif” kəlməsi həm səslənişcə, həm mahiyyətcə “arif” kəlməsi ilə qohumdur. Heydər Əliyev arif insan idi və umurdu ki, milləti və dövləti də mürəkkəb yeni zamanın qəliz gedişatında arif, bilgin, oxumuş olsun, zəkası ilə irəli getsin, dünya xalqları içərisində seçilsin.

 

Ona görə də sovet dövründə də, müstəqillik illərində də Heydər Əliyev apardığı dövlətçilik siyasətində təhsilə, maarifə, elmə məxsusi əhəmiyyət verdi, bu sahələrə qayğısı mütəmadi oldu.

İndi o söhbətdən 20 il keçir. 2005-ci il idi, Azərbaycan Elmlər Akademiyasının ağsaqqallarından olan akademik Musa Musayevlə (1921–2010) görüşmüşdük və 1949-cu ildən həyatını respublikanın bu beyin mərkəzinə bağlamış, 1960-cı ildən Zoologiya İnstitutunun direktoru, 1967-ci ildən akademik, Heydər Əliyevəqədərki akademiya ilə Heydər Əliyev çağlarının akademiyasının təfavütünü canlı şahid kimi görüb gələn, bütün bunları ömrünün fəsilləritək yaşamış şəxs kimi müqayisələr apararaq qiymətlər verməkçün əvəzsiz və nadir həmsöhbət olan bu canlı klassikdən daha mötəbər münsif o vaxtlar çətin ki, tapılaydı.

Musa müəllim söhbətini belə başlamışdı ki, yarım əsrdən artıq müddətdə akademiyada işlədiyindən XX əsrin ortalarından etibarən respublikaya rəhbərlik etmiş bütün Mərkəzi Komitə birinci katiblərini görüb. Heydər Əliyevi tanıyanacan da onun böyük qardaşı Həsən Əliyevlə 1944-cü ildən dostluq münasibətləri olub. Musa müəllim söyləyirdi ki, Heydər Əliyev respublikanın rəhbəri seçiləndən sonra ilk addımlarından biri akademiya rəhbərliyinin möhkəmləndirilməsi oldu. Birinci növbədə institutlarla tanış oldu, Fizika İnstitutuna getdi, bütün bir iş gününü orada keçirdi, ardınca akademiyada alimləri qəbul etdi, respublika akademiyasının rəhbərliyini kimə tapşırmaq haqqında geniş məsləhətlər apardı.

Musa müəllim respublikaya rəhbərliyə başladığı ilk günlərdən Heydər Əliyevin Elmlər Akademiyasına necə həssas, qayğıkeş və tələbkar yanaşdığı kimi, 1982-ci ildə Siyasi Büronun üzvü seçiləndən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunduqdan sonra Bakıdan ayrılıb Moskvaya köçməli olanda akademiyayla, alimlərlə necə vidalaşdığını da riqqətlə anırdı. Danışırdı ki, Moskvaya gedişindən qabaq Heydər Əliyevin ziyalılarla keçirdiyi görüşlər silsiləsindən biri də akademiyanın alimləri ilə oldu, həmin görüşdə ali məktəb rektorları da iştirak edirdi: “Bugünkü kimi yaddaşımdadır. İki saatadək söhbət oldu. Sözünün əvvəli də, axırı da bu idi ki, elmi, təhsili indiyə qədər mənim iştirakımla necə irəli aparmısınızsa, o cür də davam etdirin. Mən də lazım olanda sizi Moskvada dəstəkləyəcəyəm. Açığı, Heydər Əliyevin Moskvaya təyinat almasını eşidəndə bir tərəfdən sevinmişdik ki, eloğlumuz SSRİ rəhbərliyindəki 3-4 şəxsiyyətdən biri olacaq, o biri tərəfdən də bu xəbər yayılandan sonra akademiyada, rəyasət heyətində yığışaraq öz aramızda dərdləşmişdik ki, aqibətimiz necə olacaq, Heydər Əliyev sanbalında ikinci bir şəxsiyyət tapılacaqmı bizə əvvəlki kimi arxa dura, çətinə düşəndə işlərimizi yoluna qoya bilsin. Düzü, Heydər Əliyevin özünün də qırımından, hansı sözləri seçərək necə danışmasından, nitqinin ahəngindən hiss edirdik ki, təyin olunduğu vəzifə nə qədər yüksək olsa da, elə bil ki, heç buralardan ayrılmaq istəmir. Hər halda mənə belə gəldi. Ancaq bu cür düşünən tək mən deyiləmmiş. Həmin görüşdən bir neçə saat sonra gec saatlarda mənə akademik Həsən Abdullayev zəng vurdu ki, Musa, sənə elə gəlmirmi Heydər Əliyevin ürəyi burda qalır, Azərbaycandan könülsüz ayrılır?! Baxdım ki, elə fikirlərimiz üst-üstə düşür. Qayıtdım ki, məndə də o təəssürat yarandı, ancaq bunu da düşünürəm ki, Moskvada, Nazirlər Soveti xətti ilə nəzarətində olan sahələr arasında, yəqin ki, elm də, təhsil də olacaq. Cavan Siyasi Büro üzvü, bilikli, işlək adam kimi, yəqin, başqa respublikalarda da bu sahələrin inkişafına əncam çəkər, bir əli də bizim üstümüzdə olar. Həsən müəllim yenə fikirli-fikirli dilləndi ki, bilirəm e, düz deyirsən, Heydər Əliyev elə adamdır ki, ona hansı vəzifəni tapşırırsan-tapşır, o işi heç kimin bacarmayacağı qədər yüksək səviyyədə aparacaq. Ancaq bu mühit onunçün çox doğma idi. Elə bil ailəsindən ayrılır”.

Sonra dünya dəyişdi, 15-20 il ərzində həyat, hadisələr ikiqat, üçqat çox zaman ötübmüş kimi yeyin cərəyan etdi. İllərlə sədaqətlə xidmətində olduğu rejim ona qarşı namərdliklər də etdi, yarandığı gündən törətdiyi saysız haqsızlıq və qansızlıqların cəzasını alırmış ki, sovet quruluşu çökdü də, Tanrının və Taleyin töhfəsi kimi 70 illik həsrətdən sonra müstəqillik də qayıtdı, sönmüş ulduz hesab edilən, artıq bir çoxlarının köməksiz təqaüdçü, daha hakimiyyət pillələrində heç bir gələcəyi olmayan kimi təsəvvür edilən Heydər Əliyev də qayıtdı.

Elmlər Akademiyasının ona məxsusi məhrəmliyinin bir əyani göstəricisi də bu oldu ki, elə qayıdışının əvvəlində yenə akademiya dururdu, bu doğma məkan ilk üz tutduğu yerlərdən idi.

1980-ci illərin sonlarında çalxantılı zamanın, 1990-cı illərin əvvəllərində cahil və ədalı yanaşmaların nəticəsində heysizləşmiş, hörmətdən, nüfuzdan salınması üçün hər mərdümazarlıqlar törədilmiş Elmlər Akademiyasına Heydər Əliyev yenə qüvvətli əllərini uzatdı, ziddiyyətli zəmanələr ayrıcında əvvəlki şəfqətlə yenə akademiyanın hayanına çevrildi.

Heydər Əliyevin onillər boyu Elmlər Akademiyasına bəslədiyi ehtiram və sevginin təmənnasızlığının ən bariz təsdiqi də bu oldu ki, günlərin birində Elmlər Akademiyasının Rəyasət Heyəti yığışaraq onun akademiyaya həqiqi üzv seçilməsi haqda qərar qəbul edəndə razılaşmadı.

Belə bir hadisənin, Heydər Əliyevin Elmlər Akademiyasının həqiqi üzvü seçiləcəyinin lap yaxın günlərdə baş verəcəyini mənə unudulmaz şair dostum Rəfiq Zəka (1939–1999) hər şey olub qurtaranədək kimsəyə bir kəlmə söyləməmək şərti ilə söyləmişdi. Kimsə bu təklifin əslində elə Rəfiqdən gəldiyini də bilmir. 1997-ci ildə Elmlər Akademiyasının prezidenti seçilmiş və ömrünün axırınadək həmin vəzifədə olmuş Fəraməz Maqsudovla (1930–2000) bizim yaxınlığımız 1987-ci ildən, Hüseyn Cavid və Müslüm Maqomayevin sərgüzəştli talelərindən bəhs edən “Vaxtdan uca” kitabım nəşr edilərək ciddi əks-səda doğurandan sonra oldu. Yaxın vaxtlarda respublika dövlət mükafatlarının veriləcəyi gözlənilirdi, ona görə də ayrı-ayrı sahələr üzrə əsərlərin müxtəlif müəssisələrdə təqdimat mərasimləri keçirilirdi. “Vaxtdan uca”nın birinci tirajı 10 min idisə də, camaat arasında kitaba qızğın marağı, hətta kitabın baha qiymətə artıq piştaxta altından satıldığını görüncə onu dərhal 100 min tirajla yenidən buraxdılar və hələ sonra yenə təkrar böyük tirajlar olacaqdı. Lakin kitab böyük şöhrət qazanmışdısa da, ona qıcqanc yanaşanlar da az deyildi. Odur ki, mənim kitabımı da dövlət mükafatına təqdim etmək təşəbbüsü ilə çıxış edən bircə ədəbi təşkilat da yox idi. Bu arada günlərin birində heç gözləmədiyim halda o vaxtlar Elmlər Akademiyası Riyaziyyat İnstitutunun direktoru işləyən akademik Fəraməz Maqsudov mənə zəng vurdu ki, sabah səni institutumuza, kollektivimizlə görüşə dəvət edirik. O çağlar mən Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda çalışırdım və Fəraməz müəllimin institutuna getməkçün sadəcə yolun obiri üzünə keçmək lazımdı. Ertəsi gün çox səmimi və məzmunlu bir görüş keçirildi və mərasimin sonuna yaxın Fəraməz müəllim ayağa qalxaraq bildirdi ki, Riyaziyyat İnstitutunun Elmi Şurası “Vaxtdan uca” əsərini respublika Dövlət Mükafatına təqdim etmək haqda qərar qəbul edib. Toplantının yönü dəyişdi, artıq hamı bu mövzuda danışmağa başladı və bir neçə gün sonra da Fəraməz Maqsudovun rəhbərlik etdiyi institutun təmsilçiləri təqdimat barədə sənədləri respublika Dövlət Mükafatları Komitəsinə təqdim etdilər.

Fəraməz müəllimlə Rəfiq Zəka dost idilər, mən də Fəraməz müəllimlə yaxınlığım yaranınca Rəfiqlə dostluq etdim. “Vaxtdan uca” bizim üçümüzü birləşdirdi, ondan sonra tez-tez müxtəlif məclislərdə vaxtaşırı olaraq birgə görünməyə başladıq.

1990-cı illərin ortalarında mən həm də “Amerikanın səsi” radiosunun xüsusi müxbiri idim, Prezident Heydər Əliyevin bütün yerli görüşləri və xarici səfərlərində iştirak edərək həm reportajlar hazırlayır, həm də ayrı-ayrı qəzetlərə, ən çox da "Zaman" qəzetinə məqalələr yazırdım. 1998-ci il mayın ortalarında bir axşam Rəfiq Zəkanın Hökumət evinin yaxınlığındakı mənzilinin balaca bağçaya bənzəyən balkonunda əyləşib çay içirdik və mənə o sirri açdı ki, Fəraməzə yaxşı bir təklif vermişəm, əvvəl tərəddüd edirdi, ancaq sonra onu bu addımı atmasına inandıra bildim.

 

Rəfiq təfərrüatı da açdı ki, Heydər Əliyevin hansı zəkanın sahibi olması bizə də, dünyaya da bəllidir, özün də akademiya işçisi kimi şahidsən ki, bu gözəl qurumu 5-6 il əvvəl məhv etməyə tətiklənmişdilər, Heydər Əliyev gəldi, çox şeylər kimi, akademiyanı da xilas etdi, ona yeni nəfəs verdi. Bu kişi akademik adını həm biliyi, siyasət, tarix elminə bilavasitə xidmətləri ilə, həm də akademiyaya göstərdiyi qayğıları ilə daşımağa hər kəsdən daha əvvəl həm haqq edir, həm də layiqdir.

Rəfiq əlavə etdi ki, bu təklifini Fəraməz müəllimə açanda o, sözünü ağzında qoyub ki, bu, alınası iş deyil. Mən Heydər Əliyevin özündən icazə almamış belə iş görə bilmərəm. O isə, yəqin ki, bu təkliflə razılaşmaz, bəlkə əsəbiləşər də.

Rəfiq rəhmətlik söyləyirdi ki, təkid elədim, Fəraməzi inandırmağa çalışdım, elə buna nail də oldum ki, akademiya müstəqil təşkilatdır, siz heç Heydər Əliyevə bildirməyin, akademiklər özləri yığışıb müzakirə keçirsinlər, qərar çıxarsınlar, hadisə baş verəndən sonra Prezident nə deyəcək ki, artıq gec olacaq.

Elmlər Akademiyasının Nizamnaməsinə görə, həqiqi və müxbir üzvlər yalnız Ümumi Yığıncağın qərarı ilə seçilə bilər. Ona görə də bir gün əvvəl Rəyasət heyətinin iclasını təşkil edərək Ümumi Yığıncağın çağırılması qərarını vermiş, ardınca da 1998-ci il mayın 23-də Ümumi Yığıncaqda Heydər Əliyevin siyasi elmlər ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi barədə vəsatəti açıq müzakirəyə çıxarmışdılar. O illər idi ki, Elmlər Akademiyamızın həqiqi və müxbir üzvləri sırasında köhnə nəslin sanballı alimləri qafiləsindən olan Fuad Qasımzadə, Firidun və Tofiq Köçərlilər, Məqsəd Səttarov, Asəf Nadirov, Teymur Bünyadov və digərləri həyatdaydılar, fəaliyyətdəydilər, dedikləri sözün, atdıqları imzanın çəkisi vardı. İclas, düşünüldüyü kimi, ruh yüksəkliyi ilə keçir, qərar yekdilliklə qəbul edilir və artıq bir az da təntənə ilə keçmiş Ümumi Yığıncağın eyforiyasında olan Fəraməz müəllim akademik diplomunu Prezidentə çatdırmaq üçün əlaqə saxlayanda dərin pərtliyə düçar olur. Heydər Əliyev bir qədər şair çılğınlığı qatışmış və razılaşdırılmadan edilən təşəbbüsə görə Fəraməz Maqsudovu danlasa da, dərinə getmir.

Ümumən, Heydər Əliyev Fəraməz Maqsudovun xətrini istəyirdi, insan və alim kimi ona rəğbət bəsləyirdi və bu da xatirimdədir ki, 1996-cı ildə Naxçıvana Cavid məqbərəsinin açılış mərasiminə getdiyimiz səfərdə Ulu Öndər axşam qurulan ziyafətdə Fəraməzin tamadalıq etməsi təklifini şəxsən özü irəli sürmüşdü.

Ümumi Yığıncağın sabahı günü Elmlər Akademiyasına Heydər Əliyevin imzaladığı məktub gəlir: “Hörmətli akademiklər! Azərbaycan dövlətinin ən yüksək elm müəssisəsi Azərbaycanın Elmlər Akademiyasıdır, o, dövlətə mənsubdur və bu akademiyanın işi və bu akademiyada işləyən adamların səviyyəsi, şübhəsiz ki, başqalarından yüksəkdir və yüksək olacaq. Biz bu akademiyanın hörmətini həmişə qoruyub saxlamalıyıq və heç vaxt imkan vermək olmaz ki, bizim akademiyamız və yüksəksəviyyəli elmi-tədqiqat institutlarımız başqa belə, özəl, cürbəcür yaranan elm müəssisələri arasında ərisin, itsin. Buna yol vermək olmaz”.

Mən ali məktəbi bitirəndən təyinatımı akademiyamıza alaraq artıq yarım əsrə yaxındır ki, orada fasiləsiz çalışıram, laborantlıqdan akademikliyə qədər qədəm-qədəm irəliləmişəm və bu təsisatın hər üzünə bütün tarixiylə bələdəm, Azərbaycan Milli Elmlər Akademiyasını da tam qətiyyətlə xalqımızın XX yüzildə qazandığı ən qiymətli sərvətlərdən hesab edirəm. Bunu da tam qətiyyətlə təsdiq edirəm ki, akademiyanın Ümumi Yığıncağının 1998-ci ilin 23 mayındakı o qərarı yerindəymiş, ədalətliymiş, böyük Heydər Əliyev gerçəkdən də fitrətindən alim olan insandı.

Mən bilmirəm akademiya Heydər Əliyevin ifrat təvazökarlıq nümunəsi olan həmin məktubundan sonra qərarını ləğv edib, ya yox, ancaq mənim nəzərimdə o mütəfəkkir insan elə alimlərimizin ən üstünü, akademiklərimizin ən kamili kimi həmin ada yüzdə-yüz layiq idi, mənim düşüncəmdə və ürəyimdə unudulmaz akademiya üzvlərimizin, görkəmli elm xadimlərimizin 1998-ci ilin gözəl bir yaz günündə bir səslə çıxardıqları o qərar həmişə elə mayın 23-dəki qüvvəsində qalır!

Heydər Əliyev hansı elmin yiyəsi olduğunu isə bu hadisələrdən çox-çox əvvəl, hələ cavan çağlarında, Azərbaycan respublikasına birinci dönəm rəhbərliyinin yenicə başlandığı əyyamlarda alimlər aliminin qarşısında isbat etmişdi.

1970-ci ildə SSRİ Elmlər Akademiyasının ovaxtkı prezidenti, böyük riyaziyyatçı alim Mstislav Keldış (1911–1978) Azərbaycana gəlir. Azərbaycan elmini oçağkı sovet elmi kontekstində təhlil edərək respublikanın yeni elmi üfüqləri fəth etməyə hazır olmasının perspektivləri haqda Heydər Əliyev Mstislav Vsevolodoviçin da qatıldığı toplantıda elə parlaq çıxış edir ki, akademik mat qalır və bu heyrətinin müqabilində də belə bir qərar qəbul edilir ki, ən tez bir zamanda o dövrdə Mərkəzin yalnız hərbçilərə ayırdığı BESM-6 elektron hesablama maşınının ilkləri Azərbaycana gətirilsin və bununla da Azərbaycan Elmlər Akademiyasında hesablama texnikasının inkişafında yeni bir mərhələ başlanır.

İctimaiyyətin xəbərsiz qaldığı, amma bilinməsi gərək olan o qədər belə məqamlar var ki! Elə həmin sovet dönəmində Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda qurulan və elmi texnologiyaların müasir nailiyyətlərini tətbiq edən bir yığın müəssisələr, zavodlar vardı ki, onların bir çoxu qapalı idi, orada aparılan araşdırmaların, görülən işlərin çoxu məxfi idi. “Nord”, “Peyk”, “Ozon” kimi müəssisələr, böyük mikroelektronika elmi istehsalat birlikləri vardı ki, onlar birbaşa SSRİ müdafiə sənayesinə işləyirdilər.