Milli Məclisin Gənclər və idman komitəsində görüş - FOTOLAR

Fevralın 2-də  Milli Məclisin Gənclər və idman komitəsində 2 fevral - Gənclər günü ilə əlaqədar ölkəmizdə fəaliyyət  göstərən Gənclər təşkilatlarının nümayəndələri və bir qrup fəal gənclərlə görüş keçirilib. 

Xüsusi karantin rejiminin tələbləri gözlənilməklə baş tutan görüşü Milli Məclis Sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev açaraq iştirakçları  salamlayıb. Vitse-spiker Azərbaycanda gənclər siyasətinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu,  Ümummilli liderin bu sahəni daim diqqət mərkəzində saxladığını deyib. Qeyd  edilib ki, ölkəmiz dünyada Gənclər Forumu keçirən ilk ölkələrdən biridir.   İlk dəfə 1996-cı il  fevralın 2-də baş tutan Azərbaycan Gənclərinin I Forumundan artıq 25 il ötür. 

Milli Məclis  Sədrinin müavini vurğulayıb ki, hazırda ölkə başçısı İlham Əliyev  tərəfindən böyük uğurla davam etdirilən gənclər siyasətinin əsas xəttini gənclərin ölkənin ictimai-siyasi həyatında yaxından iştirakı təşkil edir. Qeyd  edilib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən aparılan 44 günlük Vətən müharibəsində gənclərimiz ağlasığmaz şücaətlər göstərib, bu  şərəf  savaşında  istər ön cəbhədə, istərsə də arxa cəbhədə ləyaqətlə  vuruşublar.  Hərbdə olan  gənclər  ön cəbhədə  düşmənin başına  od  yağdırıb, müqəddəs  torpaqlarımızı  mənfur yağıların işğalından azad  edib, arxa  cəbhədə olan gənclər də informasiya cəbhəsində düşmənə tutarlı cavablar verib, elmi, texniki  və tarixi  faktlara, araşdırmalara  istinad edərək  onları  susdurublar. Vitse-spiker  bu səbəblə  bütün Azərbaycan gəncliyinə xüsusi minnətdarlığını ifadə edib,  döyüşlərdə  şəhid  olan  gənclərə Allahdan  rəhmət,  yaralı olanlara  tezliklə şəfa  diləyib. 

Görüşdə iştirak edən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvü Çinarə Kazımova ölkədə aparılan gənclər siyasətinin uğurlu istiqamətlərindən,  gənclərimizin ictimai-siyasi  həyatda aktiv  iştirakından  söz  açıb. 

Sonra “Karabakh is Azerbaijan” Milli Platformasının rəhbəri Şəbnəm Səfərova, “İrəli” İB-nin sədri, Vətən müharibəsi iştirakçısı Şahin Rəhmanlı gənclərimizin Dağlıq Qarabağın işğaldan  azad  edilməsi uğrunda  gedən  döyüşlər zamanı ön  və arxa cəbhədəki xidmətlərindən danışıblar.
Görüşdə iştirak edən Diaspora ilə İş üzrə Dövlət Komitəsinin əməkdaşı, “Karabakh is Azerbaijan” Milli platformasının koordinatoru Bəxtiyar Rəhimov həmin günlərdə xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin tarixi  həqiqətlərin və müharibə  faktlarının  dünya ictimaiyyətinə çatdırılmasındakı  rolunu diqqətə çatdırıb. 

Görüşdə gəncləri narahat edən məsələlər müzakirə edilib, iştirakçıların qanunvericiliklə bağlı təklifləri dinlənilib. Parlamentin gənclər təşkilatları ilə qarşılıqlı əməkdaşlığının intensivləşdirilməsinin zəruriliyi vurğulanıb. 

Toplantıda  həm çıxışçılar,  həm də həmin günlərdə  ermənilərə qarşı informasiya müharibəsində fəal virtual mübarizə  aparan, 200 nömrəli məktəbin 11-ci sinif şagirdi Sofiya Məmmədova və vaxtaşırı Vikipediyada  tutarlı  faktlara  əsaslanan   materiallarla çıxış edən Ayxan Zayıdzadə Gənclər və İdman Komitəsinin “Fəxri Fərmanı” ilə təltif ediliblər.