Milli Məclisin Gənclər və idman komitəsində növbəti dəfə idmançılarla görüş keçirilib - FOTO

Fevralın 5-də Milli Məclisin Gənclər və idman komitəsində bir qrup gənc idmançıyla görüş keçirilib.

Artıq ənənə halını almış və Gənclər Günü münasibətilə keçirilmiş görüşdə idmançıların həyat və fəaliyyətləri, qarşılaşdıqları çətinliklər və bu il üçün nəzərdə tutulmuş beynəlxalq yarışlarda iştirak məsələləri müzakirə olunub.

Görüşdə Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev ölkə başçısının idmana göstərdiyi diqqət və qayğıdan danışaraq bildirib ki, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Son illər Azərbaycan bir sıra beynəlxalq səviyyəli idman yarışlarına ev sahibliyi etməklə yanaşı, həmin yarışları ən yüksək səviyyədə təşkil edən ölkələrdən birinə çevrilib. İdmançılarımızın qazandığı uğurlar, göstərdikləri yüksək nəticələr hamımızı sevindirir.

Söhbət zamanı Vitse-spiker 2020-ci ildə hərbi və diplomatik müstəvidə qazandığımız qələbələrin növbəti illərdə də idmançılarımız tərəfindən müxtəlif olimpiadalarda davam etdiriləcəyinə əminliyini ifadə edib.

Görüşdə iştirak edən idmançılar təmsil etdikləri müxtəlif idman yarışlarında qalib olmaq üçün əllərindən gələni edəcəklərini, Şanlı bayrağımızın göylərə ucalması, himnimizin bir daha səslənməsi üçün var qüvvələri ilə çalışacaqlarını diqqətə çatdırıblar.

Tədbirin sonunda ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edən idmançılar və Vətən müharibəsinin iştirakçıları Milli Məclisin Gənclər və idman komitəsi tərəfindən Fəxri Fərmanla təltif ediliblər.