Milli ordumuzun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Tarixə nəzər salsaq görərik ki, Milli Ordumuzun yaradılması hələ Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir. 1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata bildi. Hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı.

Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı.

Müstəqilliyin ilk illərində ölkəmizə rəhbərlik edənlər Ermənistanın torpaqlarımızı işğal etdiyi bir vaxtda ordu quruculuğu kimi vacib və məsuliyyətli işin öhdəsindən gələ bilmədilər. Həmin dövrdə nizami ordudan əsər-əlamət yox idi. Müxtəlif hərbi dəstələr ayrı-ayrı qüvvələr tərəfindən idarə olunurdu. Bundan istifadə edən düşmənin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas alırdı. Azərbaycan müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir ağır vaxtda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi. 1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı.

Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində Müdafiə Sənayesi Nazirliyində 400-dən çox müdafiə təyinatlı məmulatın istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının mühüm göstəricilərindən biridir. Bu, Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə Ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Silahlı qüvvələrin daha da modernləşdirilməsi və ən son hərbi texnologiyaların orduya cəlb edilməsi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin siyasətinin strateji istiqamətlərindəndir. Ordu quruculuğu sahəsində həyata keçirilmiş böyük islahatlar: şəxsi heyət arasında hərbi-vətənpərvərlik tərbiyəsinin qüvvətləndirilməsi, ordumuzun ən müasir hərbi texnika ilə silahlandırılması, yüksək ixtisaslı, peşəkar zabit korpusunun formalaşdırılması Azərbaycana regionda ən güclü orduya sahib olmaq imkanı qazandırmışdır. Ölkə başçısının Azərbaycan Respublikasının müdafiə qüdrətinin artırılması istiqamətində ardıcıl olaraq həyata keçirdiyi davamlı və məqsədyönlü siyasət Dağlıq Qarabağda böyük Qələbəyə aparan yolun ən mühüm hadisələrindəndir.

Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində - noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Düşmənin tam məğlubiyyəti ilə nəticələnən bu müharibə noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalamaları ilə başa çatdı. Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları Azərbaycana təhvil verildi. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidi oldu.

 

Arzu Daşdəmirov - ADPU-nun Fizika fakültəsinin dekanı, dosent, əməkdar müəllim