Müasir Müsavat Partiyası bəyanat yaydı

Dekabrın 22-də Fransanın İl-dö-Frans regionunun prezidenti, Fransada keçiriləcək prezident seçkilərinə Respublikaçılar Partiyasının namizədi Valeri Pekrez Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfər etmişdi. O vaxtdan bir çoxları tərəfindən bu səfər tənqid olundu.

Bunun ardınca isə Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drianın ölkənin Milli Assambleyasında Azərbaycanla bağlı xoşagəlməz çıxışına etdi. Ötən gün Azərbaycan Xarici İşlər Nazirliyi fransız nazirin çıxışına cavab olaraq, bəyanat yayıb.

Fransanın Azərbaycana qarşı atdığı düşmənçilik addımları ilə bağlı Müasir Müaavat Partiyası da bəyanat yaydı.

PİA.az Müasir Müsavat Partiyasının yaydığı bəyanatı təqdim edir:

“Fransanın Azərbaycana qarşı həmişə məkirli siyasəti davam etdirilib. Azərbaycan öz torpaqlarını azad etmək üçün başladığı anti-terror əməliyyatı dövründə də Fransa Azərbaycanın qələbəsinə kölgə salmaqdan ötrü əlindən nə gəlirsə etdi. Amma heç nəyə nail ola bilmədi. Fransada prezidentliyə namizəd birinin bizim əbədi torpağımız Qarabağa və Xankəndinə səfər etməsi qəti yolverilməz hal idi. Gərək bizim hərbiçilər onu tutub, dövlətə təhvil verəydilər.

Biz Müasir Müsavat Partiyası olaraq Fransanın Ermənistanı müdafiə etməsini və Azərbaycana qarşı apardığı düşmən münasibəti qətiyyətlə pisləyirik. Biz düşünürük ki, bundan sonra Azərbaycan-Fransa münasibətləri tamamilə sıfır vəziyyətə endirilməlidir. Azərbaycan Fransada gördüyü bütün işləri geri götürməlidir. Fransa Azərbaycan ilə heç vaxt dost olmayıb və ola da bilməz. Fransada prezidentliyə namiz olan Azərbaycana şər-böhtan atır.

Biz Müasir Müsavat Partiyası olaraq həmişə Azərbaycanın dövlət maraqlarını hər şeydən üstün tutmuşuq. Buna görə də bəyan edirik ki, biz Fransanın bu hərəkətini qətiyyətlə pisləyirik. Bundan sonra da partiya olaraq Fransa-Azərbaycan münasibətlərinə kölgə salan bütün halları pisləyəcəyik. Düşünürük ki, Fransanın bu addımına qarşı Azərbaycan Fransaya çox sərt münasibət göstərməlidir, sərt mövqe sərgiləməlidir. Çünki Azərbaycan dövləti güclü dövlətdir. Onun ali baş komandanı da çox cəsarətlidir. Həmçinin düşünürük ki, prezidentin heç kəsin qarşısında öhdəlikləri yoxdur.

Bu günə qədər Azərbaycanın müstəqilliyini qoruyub-saxlayan şəxsə biz heç zaman imkan vermərik ki, şər-böhtan atsınlar. Əgər Fransa bundan sonra da belə addımlar atmağa davam etsə, biz bu addımlara qarşılıq Azərbaycanda olan Fransa səfirinə öz sözümüz çatdırmalıyıq”.