Muğamın mənşəyinə dair dəyərli əsər işıq üzü gördü

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasına “Kitabxanaya kitab hədiyyə edirik” layihəsi çərçivəsində biokimya üzrə fəlsəfə doktoru, humanitar elmlər üzrə master, şair Tariyel Azərtürkün “Hanki məkandan, hanki zamandan başlanır muğam?” kitabı hədiyyə olundu. 

Dərin düşüncəyə, güclü məntiqə malik olan fədakar alim əsərini Azərbaycanın, bütövlükdə qədim türk dünyasının tarixinin, musiqi mədəniyyətinin, etnoqrafiyasının araşdırması nəticəsində yaradıb. Araşdırmalar nəticəsində müəllif sübut edib ki, mixi yazılarını türklər yaradıb.

Müəllifin çoxillik və peşəkar araşdırmaları nəticəsində yazılan kitab 2010-2016-cı illərdə ABŞ-ın Sietl şəhərində ərsəyə gəlib, 2022-ci ildə isə təkrar işlənərək çapa imzalanıb. Müəllif gil üzərindəki mixi yazılarından əjdadlarımızın şeir, qəzəl, musiqi, rəqs, muğam və incəsənətin başqa sahələri haqqında bilikləri toplayaraq oxuculara təqdim edir. Əsər şumerlərin (qədim türklərin) musiqi dünyasına həsr edilmişdir. Müəllif mixi yazılarının araşdırılması nəticəsində Azərbaycan-türk musiqi incisi sayılan muğamın mənşəyinin dərin köklərinə aid nadir faktları aşkara çıxarmışdır. Kitabda muğamların adları, muğamın növləri, musiqi alətləri və terminləri haqqında, onların Azərbaycan-türk mədəniyyətinə aid olduğuna dair inandırıcı dəlillər gətirilmişdir. Əsərdə “Səmayi-Şəms”, “Mahur-Hindi”, “Bayatı-Qacar” və b. muğamlarımız haqqında maraqlı fikirlər var.    

Əsər qədim musiqi tariximizin və musiqi mədəniyyətimizin xəzinəsinə daxil olan ən qiymətli incilərdən biridir. 

Kitabın elmi məsləhətçisi – AMEA-nın müxbir üzvü, sənətşünaslıq elmləri doktoru, professor Rəna Məmmədova, elmi redaktoru – sənətşünaslıq elmləri doktoru, Azərbaycan Milli Konservatoriyasının professoru Abbasqulu Nəcəfzadə, redaktoru – sənətşünaslıq üzrə fəlsəfə doktoru Suraya Ağayeva, rəyçiləri – filologiya elmləri doktoru, mərhum professor Buludxan Xəlilov və tədqiqatçı, fizik Razim Əliyevdir. 

Kitab Azərbaycan, rus və ingilis dillərində yazılmışdır.

Müəllifin mixi yazıları əsasında türk xalqının və türk dilinin mənşəyinin araşdırılmasına dair 1295 səhiflik ilk kitabı rus dilində Bişkekdə, Nyu-Yorkda,

Sietlda, Sankt-Peterburqda və Bakıda 2018-ci ildə nəşr olunmuşdur.

Oxucular kitabları Yasamal rayonunun kütləvi kitabxanalarında oxuya bilərlər.