"Mutasiyaların aşkar olunması da pandemiyanın sona doğru getməsinin əlamətidir"

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli SİA-ya müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Pandemiya nə zaman bitəcək?

- Bu günə qədər gedən proseslərə nəzər yetirsək, bir məsələdə tam əmin ola bilirik, bütün pandemiyaların başlama, sürətlənmə, pik həddi, stabilləşmə, eniş və tədricən yoxolma dövrü vardır. “Yoxolma” dedikdə yəni adaptasiya olmaq nəzərdə tutulur. Bu adaptasiya dövründə insanlar artıq uyğunlaşma mərhələsinə keçirlər.

- Bəzi alimlər virusun yaz fəslində sonlanacağını proqnozlaşdırırdılar. Lakin yeni variantlar aşkarlandı. Sizcə, yeni ştamm pandemiyanın gedişatına necə təsir edəcək?

- Yoluxmanın intensivliyində mövsümi amillərin rolu var. Ancaq yeni koronavirus infeksiyasını digər tərkibli RNT viruslar ilə müqayisə etdikdə, analiz etdikdə çoxlu fərq müşahidə olunmur. Diqqət yetirsək, görərik ki, yoluxmanın intensivliyində mövsümün rolu var, amma digər virus infeksiyalarında olduğu kimi deyil. Digər bir məsələ isə immuniteti formalaşmış insanların 80%-dən yuxarı olmasıdır. Yəni hansı insanlar ki, virusa tez yoluxur, onlar bu immuniteti qazanmalıdır. Vaksinasiya və xəstələnərək sağalan insanların qazandıqları immunitet pandemiyanın bitməsini şərtləndirən amillərdir. Mutasiyaların aşkar olunması da pandemiyanın sona doğru getməsinin əlamətidir.

- Bu gün ölkədəki epidemioloji vəziyyəti qənaətbəxş hesab etmək olarmı?

- Hazırda ölkədəki epidemioloji vəziyyət qənaətbəxşdir. Bildiyimiz kimi artıq yumşalmalar başlayıb. Həm yoluxanların, həm də sağalanların sayına baxsaq, biz artıq rahatlıqla deyə bilərik ki, Azərbaycandakı epidemioloji vəziyyət nəzarət altındadır. Müsbət dinamika müşahidə olunur. Biz tədricən üfüqdə görünən normal həyata dönüşün astanasındayıq.

- “Omikron” ştammına yoluxduğumuzu necə müəyyən edə bilərik? Axı, testdə hansı ştamma yoluxmağımız barədə məlumat qeyd edilmir.

- Bir insanın “omikron” ştammına yoluxub-yoluxmamasının akademik çərçivədə rolu var. Koronavirusa yoluxan şəxsin hansı ştamma yoluxmasının epidemioloji vəziyyətin idarə olunması prosesində o qədər də əhəmiyyəti yoxdur. Müəyyən tədbirlər həyata keçirilməlidir və bu tədbirlərin həyata keçirilməsi istiqamətində addımlar atılır.

- “Omikron” ştammının spesifik simptomları hansılardır?

- İstər “omikron” ştammı olsun, istər “delta” ştammı olsun, istər Braziliyada aşkar olunan ştamm olsun fərqi yoxdur, bunların hər birinin bir adı var. Bu ştammlar ümumilikdə yeni koronavirus infeksiyası adlanır. “Omikron” ştammının əlamətləri ondan ibarətdir ki, həmin ştamma yoluxan şəxs xəstəliyi daha yüngül keçirir. Amma bəzi insanların orqanizmi elə xüsusiyyətə malikdir ki, “omikron” ştammına yoluxsa belə ağırlaşmaların olması realdır. Bu da immun sisteminin hər bir insanda fərqli olması ilə əlaqədardır.

- “Omikron” ştammına yoluxan şəxsi ev şəraitində necə müalicə etmək olar?

- Əgər, xəstəlik yüngüldürsə, ev şəraitində müəyyən siptomatik müalicələr olunur. “Omikron” ştammına yoluxan şəxs yataq şəraitində olmalı və müəyyən preparatları qəbul etməlidir. Bundan əlavə xəstə lazımsız müalicə almamalıdır. Bu, koronavirusun daha da ağırlamasına səbəb olur.