Naftalanda şahmat turniri keçirilib - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatının təşəbbüsü ilə Partiyamızın sədri, Müzəffər Ali Baş Komandan, Respublikamızın Prezidenti cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin 20 illiyi  münasibətilə yeniyetmələr arasında “şahmat məsələlərinin əyani həlli” üzrə turnir keçirilib.

Sabahinfo.az xəbər verir ki, turnirin açılış mərasimində çıxışın edən YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov bildirib ki, artıq 20 ildir ki, Vətənimiz Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı, siyasi varisi cənab İlham Əliyev başçılıq edir. Elə bunun nəticəsidir ki, Heydər Əliyev siyasəti Azərbaycanda bu gün də yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən cənab İlham Əliyev bu gün müstəqil Azərbaycanın Prezidenti olmaqla yanaşı, həm də dünyanın 5 qitəsində yaşayan 50 milyondan artıq azərbaycanlının şəriksiz lideridir.

Möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin uzaqgörən, prinsipial və milli maraqlara əsaslanan siyasətindən  geniş bəhs edən YAP Naftalan şəhər təşkilatının sədri maraqlı idman yarışında iştirak edən idmançılara uğurlar arzulayıb.

Sonda turnirdə müxtəlif yaş qrupları üzrə qalib şahmatçılara YAP Naftalan şəhər təşkilatının diplomları, fəxri fərmanları və medalları təqdim olunub,xatirə şəkilləri çəkilib.