Nazirlik rəsmisindən şəhid ailələrinə çağırış: Psixoloji yardıma ehtiyac varsa, müraciət edin

Psixoloji yardım üçün müraciət edənlərin 60 faizi müharibə iştirakçısı, 20-25 faizi terordan əziyyət görənlər olub.

Trend xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi, tibb xidməti mayoru Xanım Sofiyeva deyib.

O bildirib ki, ən az şəhid ailələri üzvlərindən müraciət daxil olub.

"Bu da mental dəyərlərdən irəli gəlir. Gündəlik işlərinə qayıtmaqda çətinlik çəkmələri, yuxusuzluq, iştah pozulmaları, depressiv vəziyyətdə olmalarını normal qarşılayırıq. Bizdə belə bir düşüncə var ki, əvvəlki həyat şəraitinə qayıtsalar, şəhidin xatirəsinə hörmətsizlik etmiş olarlar".

Xanım Sofiyeva şəhid ailələrini psixoloji yardım almaq üçün müraciət etməyə çağırıb.

"Şəhid olan insanlar Vətən üçün, torpaq üçün şəhid olublar. Onlar ailə üzvlərinin əziyyət çəkmələrini istəməzlər. Geridə qoyduqları övladlarının layiqincə böyüdülməsini istəyərlər. Ona görə, xahiş edirəm ki, psixoloji yardıma ehtiyac varsa, müraciət edin. Biz də əlimizdən gələn yardımı göstərək".