Nəsib Məhəməliyev: “Regionda gərginlik artacaq” - MÜSAHİBƏ

Milli Məclisin deputatı Nəsib Məhəməliyev SABAHİNFO.AZ saytına müsahibə verib. Millət vəkili dünyada və regionda baş verən hadisələrdən, məlum 5 aperl görüşü barəsində fikirlərini bölüşüb.

-Nəsib müəllim ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək görüş barəsində sizin fikirləriniz maraqlıdır. Siz necə düşünürsünüz görüşün mahiyyəti açıqlandığı kimi yəni Ermənistana maddi dəstək verməkdir ya gizli məqamlar var?

-İstənilən halda bu tipli görüşlərin həm gizli həm də üzdə olan məqamları olur. Görüşün özünün formatı və gündəlikdə olan məsələlər müəyyən narahatlıq doğurur. Dövlət başçısı Cənab İlham Əliyev bunu ABŞ Dövlət Katibi ilə telefon danışığı zamanı da dilə gətirib. Əslində regionla bağlı keçirilən bu tipli görüşlərdə məsələlər birtərəfli qaydada müzakirə olunmamalıdır. Cənubi Qafqaz coğrafi olaraq vahid bir məkandır, bu məkanda baş verən istənilən proses regionun digər dövlətlərinə də sirayət edir. Rəsmən görüşün məqsədi, Ermənistana iqtisadi dəstək, demokratiyanın inkişafına yardımla bağlı məsələlər olaraq göstərilir. Ancaq, bəzi detalları təhlil etdikdə görürük ki, burda Ermənistanı yenidən silahlandırmaq, Ermənistan ordusunun yenidən formalaşdırılması, mövcud olmayan sərhədlərin möhkəmləndirilməsi və digər məsələlər öz əksini tapır. Bu baxımdan, görüş nəinki sülhə xidmət etmir, əksinə regionda gərginliyin artacağını düşünürəm. Çünki, Cənubi Qafqazın tarixən geosiyasi güclərin maraqlarının toqquşduğu yer olması, heç kimə sirr deyil. 44 günlük müharibənin yaratdığı yeni reallıqlar və Rusiya-Ukrayna müharibəsindən sonra yaranmış vəziyyət, həmin güclərin bölgəyə təsir uğrunda mübarizəsini şiddətləndirmişdir. Ona görə də, həmin qüvvələr bölgənin qara yarası, zəif bəndi olan ermənilərdən bir alət olaraq istifadə edirlər. Ermənistan olduqca riskli, təhlükəli oyuna girişib. Ənənəvi himayədarı Rusiyanı kollektiv Qərblə əvəzləməyə çalışır. Amma çətin ki, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan bu mümkün olsun. Düşünürəm, Ermənistan özündə siyasi iradə tapıb konsturiktiv yola gəlməsə, bu ölkənin suriyalaşması prosesi çox yaxındadır.

-Fransa və Avropada erməniləri dəstəkləyən qüvvələr var. Fransa həm Rusiyaya həm də Azərbaycana qarşı kəskin mövqe ortaya sərgiləyir. İndiki məqamda Fransanın mövqeyinə necə don geyindirmək olar?

-Fransanın mövqeyi ümumilikdə sağlam məntiqə sığmır. Rusiya-Ukrayna müharibəsi fonunda indiyə qədər ən liberal mövqe tutan, məhz Fransa Prtezdenti Makron idi. Son günlərdə isə, tam əksinə, ən aqressiv mövqeyi Fransa nümayiş etdirir. O cümlədən, Fransanın Qafqaz siyasətində də ziddiyyətli məqamlar həddindən çoxdur. Azərbaycanın haqlı mövqeyini görməyən, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazibütövlüyünü qəbul etməyən bir dövlət açıq şəkildə beynəlxalq hüququn norma və prinsiplərini tapdayaraq Ermənistanı silahlandırmaqla, Ermənistanı yenidən müharibəyə sürükləməklə məşğuldur. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Fransa olmasaydı Ermənistan çoxdan sülh müqaviləsini imzalamışdı. Fransanın verdiyi dəstək Ermənistanı yenidən işğalçılığa sövq edir. Ermənistanda yeni müharibəyə inam yaradır.Fransanın belə davranışlarının kökündə əsasən türk, islam düşmənçiliyi dayanır.Digər tərəfdən tarixi ədavətlə də izah etmək olar. Bu ölkənin Yaxın Şərq, Afrika, Aralıq dənizi siyasəti iflasa uğradı və əzəli rəqibi qardaş Türkiyəyə uduzdu. Fransa və bəzi qlobal güclər maraqlıdır ki, ,,erməni məsələsi,, beynəlxalq gündəlikdən çıxarılmasın. Fransa tarixən erməni akrtından istifadə edib. Yüz il əvvəlki hadisələrə nəzər salsaq görərik ki, fransızlar ermənilərdən Osmalı əleyhinə istifadə etdikdən sonra necə atıblar. İndi də eyni proses gedir.

-Belə çıxır ki, Ermənistan Rusiyanın maşasından çıxıb, Fransanın maşası olur?

-Ermənilər tarixən öyrəniblər ki, öz problemlərini başqalarının əli ilə həll etsinlər. Məsələn, Rusiyada yaşayan ermənilər Rusiya ilə Türkiyəni, Azərbaycanla qarşı-qarşıya qoymaq istəyir, Fransa da yaşanalar Fransa ilə Türkiyəni, ABŞ-da və digər ölkələrdə məskunlaşanlar da həmçinin. Bu millətin xisləti ondan ibarətdir ki, diasporanın dəstəyi ilə beynəlxalq ictimai rəyi Türkiyə və Azərbaycana qarşı nifrət ruhunda formalaşdırsınlar. 
İndi vəziyyət elədir ki, 44 günlük müharibədəki məğlubiyyətdə Rusiyanı günahlandırırlar. Rusiyadan küsüblər. Ona görə də, Rusiyanı Fransa ilə əvəzləməyə çalışırlar. Əsas iqtisadi subyektləri, infrastrukturu Rusiyanın əlində cəmləşən, ərazisində böyük bir hərbi baza yerləşən, sərhədləri də rus sərhədçiləri tərəfindən qorunan ölkə üçün bu asan məsələ deyil. Düşünmürəm ki, Fransa və yaxud Avropa İttifaqı xarici ticarət dövriyyəsində Rusiyanı əvəz edə bilsin. 

-Nəsib müəllim əldə olunan qələbə erməni lobbisinin fəaliyyətinə kölgə salmadımı?

-Əldə olunan Qələbə Erməni diasporasına sarsılmaz zərbə vurdu, məhv etdi! Eyni zamanda, onların arxalandığı lobbi təşkilatlarına qarşı inamsızlıq yaratdı. Ən əsası isə, Azərbaycanda 200 illik erməni separatizminə son qoydu. Sadəcə, olaraq bunların tam məhv olmasını istəməyən qlobal güclər var. Və onlar daim maraqlıdırlar ki, erməni kartından indi də və gələcəkdə də istifadə etsinlər.

-Qısa zaman ərzində 3 ölkədə prezident seçkiləri keçirildi. Azərbaycan, Türkiyə və Rusiyada keçirilən seçkilərdə prezidentlər dəyişmədi. Növbəti seçki həyəcanı ABŞ-da yaşanacaq və bu seçkilərdə müəyyən dəyişiklik gözlənilir...

-ABŞ-da prezidentlər menecer rolunu oynayır. İstər respublikaçı, istər demokrat prezident olsun, xarici siyasətdə köklü dəyişikliklər baş vermir. Onlar konkret ssenari üzrə fəaliyyət götərirlər. Bəzi, cüzi istisnalar Trampın dövründə müşahidə olundu. Tramp administrasiyası 4 illik fəaliyyətində digər ölkələrin daxili işinə qarşımadı.  İndiki rəy sörğularına görə Trampın reytinqi daha üstündür. Bu da, Avropa İttifaqını narahat edir. Trampın yenidən seçilməsi, Avropa üçün arzu olunan hal deyil. 

Cənubi Qafqaz məsələsinə gəldikdə isə, bu region hər zaman qlobal güclərin maraq dairəsində olub. Kənar təhdidləri nəzərə alaraq, biz özümüz daxildə daha da güclənməliyik, milli birliyi, yaranmış ictimai-siyasi sabitliyi qorumalıyıq. Belə olarsa, xarici neqativ təsirləri neytrallaşdırmaq daha asan olacaq.

-Cənab Prezedent andiçmə mərasimindən sonra Milli məclisin tribunasında çıxış etdi və qarşıdakı illər ərzində görülən işlərlə bağlı bir sıra tapşırıqlar ver. Bu yöndə nə deyə bilərsiniz?

-Cənab Prezidentin çıxışı proqram xarakterli tezislərlə yadda qaldı. Bu istiqamətdə işlər gedir, islahatlar aparılır. Bugünkü əldə olunan nəticələrə görə demək olar ki, effektiv işlər görülür. Hökumət qarşısında duran vəzifələri yerinə yetirir. Böyük Qayıdış Dövlət Proqramı uğurla icra olunur. Artıq bir neçə rayonlara Qayıdış prosesi həyata keçirilib. Demək olar ki, hər gün biz keçmiş məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıdışına şahidlik edirik. Bununla yanaşı işğaldan azad olunan ərazilərdə genişmiqyaslı layihələr icra olunur. İnsanların orda yaşaması və işləməsi üçün əhəmiyyətli işlər görülür. Bu da faktdır ki, məcburiyyət qarşısında milyardlarla vəsait yeni silahların, döyüş texnikasının alınmasına sərf olunur. Halbuki, həmin vəsait iqtisadiyyatın inkişafına, sosiial layihələrə yönəldilə bilərdi. Ermənistanın və onun arxasında duran dövlətlərin davranışlarına uyğun olaraq addımlarımızı atmalıyıq. 

Ədilzadə Ədil Tahir oğlu