Nəsib Məhəməliyevdən son bir ilə həsr olunmuş yazı

27.09.2020-ci il müasir Azərbaycan tarixinin ən məsul, gərgin, həyəcanlı, əsəblərin tarıma çəkildiyi gün olaraq yaddaşlarda həkk olunmuşdur. Həmin gündən ötən 1 il, Azərbaycan xalqını dünyaya tamamilə başqa tərəfdən tanıtdı. Uzun illər ərzində düşmənlərin apardıqları çirkin piar kompaniyası nəticəsində xalqımız barədə formalaşmış stereotiplər dəyişdi. Eyni zamanda dünya erməniliyinin və havadarlarının tarixi saxtalaşdırmaqla yaratdıqları mifik illyuzaları darmadağın edildi. “Məğlubedilməz ordu”, “hər bir erməni-döyüşçüdür”, “sivilizasiyanın beşiyində duran ən qədim millət” imici cəmi 44 gün ərzində puç oldu. 44 günlük müharibə bütün bunların “sabun köpüyü” olduğunu bir daha göstərdi. Ancaq etiraf etməliyik ki, Ermənistanın arxasında duran, açıq və gizli dəstək verən, dünya siyasətində həll edici rola malik, kifayət qədər dövlətlər vardır. Belə olmasaydı kiçik, iqtisadi cəhətdən inkişaf etməmiş, diasporadan və xarici dövlətlərdən alınmış ianələr hesabına yaşayan bir ölkə 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğalda saxlaya bilməzdi. Qonşu dövlətlərə, ələxsus Türkiyə kimi qüdrətli bir dövlətə qarşı ərazi iddiaları irəli sürməzdi. Əsil tragikomediyadır; “dovşanın şirə hədə-qorxu gəlməsinə bənzəyir” . Ancaq faktdır. Bu kiçik dövlət 100 ildən artıqdır ki, beynəlxalq güclərin dəstəyi ilədünyanın çeşidli ölkələrində terror aktlarl təşkil edir, diplomatları qətlə yetirir, iri media resurslarını, siyasətçiləri satın alır, heç zaman olmamış saxta erməni genosidinin tanınması haqda qanunlar qəbul etdirir. Faşist əlaltiları olan daşnak ermənilərə abidələr ucaldır. Bəşər sivilizasiyasının əksər nailiyyətlərini, bir çox millətlərin yaratdıqları maddi və qeyri-maddi sərvətləri mənimsəməklə, beynəlxalq təşkilatlara yalan məlumatlar ötürürlər. Əgər onların törətdikləri cinayətlərin cüzi bir hissəsini hansısa digər millət etsəydi heç şübhəsiz beynəlxalq birlik belə kaprizlərə dözməzdi. Təbii ki bütün bunların kökündə ilk növbədə “türkəfobiya”, islamafobiya, böyük dövlətlərin geosiyasi təsirlər uğrunda mübarizəsi, ikili standartlar və xristian təəsüfkeşliyi” dayanır. Məhz bu amillər torpaqlarımızın azad olunmasını ləngitdi və ermənilərə 30 il özlərini başqalarının hesabına qəhrəman kimi hiss etməyə imkan verdi.

Qələbəni şərtləndirən səbəblər

SSRİ dağıldıqdan sonra milli zəmində əsasən 4 respublikada münaqişə ocağı yarandı. Qarabağ, Krım, Luqansk, Abxaziya, Cənubi Osetiya, Pridnestrovye. Onların arasında isə, ən mürəkkəbi Qarabağ problemi hesab olunurdu. Qeyd etdiyim ikili standartlara görə, bəzi beynəlxalq təşkilatlar hətta digər münaqişələrdən Qarabağ problemini fərqləndirir, bir mənalı şəkildə Ukraynanın, Gürcüstanın, Moldovanın ərazi bütövlüklərini dəstəkləyir, Azərbaycana gəldikdə isə problemin Minsk qrupu çərçivəsində danışıqlar yolu ilə həll olunmalı fikrini bildirirdilər. Minsk qrupu isə imitasiyadan başqa heç bir ciddi fəaliyyəti ilə yadda qalmadı.

Birinci şərt: Azərbaycan dövlətinin iqtisadi inkişafı, iqtisadiyyatın imkanlarından yararlanaraq güclü, ən müasir silahlara, döyüş texnikası və infrastruktura malik ordunun yaradılması.

İkinci şərt: Torpaqlarımızın itirilməsinə, milyona yaxın məcburi qaçqın və köçkünlərin qarşılaşdıqları problrmlərin olmasına baxmayaraq, milli döyüş ruhunun qorunub saxlanması, xüsusilə gənclər arasında vətənpərvərlik tərbiyəsinin düzgün aparılması. Ölkədə ictimai-siyasi sabitliyin qorunması.

Üçüncü şərt: Milli maraqlara söykənən xarici siyasət və diplomatiya. Beynəlxalq təşkilatlarla və müxtəlif qitələrdən olan dövlətlərlə aparılan çoxtərəfli və ikitərəfli əməkdaşlıq, o cümlədən parlamentlər səviyyəsində. Nəticədə əksər universal və regional təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələrin qəbul olunması. 10-dan çox ölkə tərəfindən erməni vəhşiliklərinin, Xocalı qətliamının tanınması.

Ən əsas şərt isə bu siyasəti, onun strateji və taktiki cəhətlərini müəyyənləşdirən, həyata keçirən prezident İlham Əliyev kimi liderin olmasıdır. Xalqımızın başında belə bir liderin olması 200 il ərzində itirdiklərimizi cəmi 44 gündə geri qaytarmaqla yanaşı, onun timsalında real şəraitdə azərbaycanlının və ermənin nəyə qadir olduğunu təsdiq etmiş oldu.

Münhen Təhlükəsizlik Konfransında hər dəfə erməni dövlət başçılarının prezident İlham Əliyevlə açıq debatın keçirilməsi təklif olunurdu. Ancaq həm Robert Koçaryan, həm də ki, Serj Sarkisyan İlham Əliyevlə debatdan yayınırdılar. Gözlənilmədən Nikol Paşinyan razılıq verdi və bütün dünya qarşısında məhdud düşüncə tərzi, dünya görüşü ilə biabır oldu. Bu onun birinci və axırıncı debatı oldu və düşünürəm ki, bir daha İlham Əliyev kimi beynəlxalq münasibətlər və təhlükəsizlik sistemini, geosiyasi reallıqları, tarixi prosesləri yüksək səviyyədə mənimsəmiş intellektualla açıq mübarizəyə girişməz.

Müharibədən qaçmaq mümkün idimi?

2018-ci ildə Ermənistanda siyasi hakimiyyət dəyişdi. Rəngli inqilab nəticəsində Sorosun maliyyə dəstəyi ilə Paşinyan və qərb yönümlü komandası hakimiyyətə yiyələndi. Açığı, kriminal Qarabağ separatçılarının 20 illik hakimiyyətindən və Ermənistanı dilənçi vəziyyətinə salmış Koçaryan və Sarkisyandan sonra, problemin həlli istiqamətində yeni hakimiyyətdən müsbət gözləntilər var idi. Düşənbə sammitində Paşinyan prezident İlham Əliyevdən hakimiyyətini möhkəmlətmək üçün müəyyən vaxt istəmişdi. Daha sonra isə, Qarabağa səfər etdi və ona erməni separatçıları və hərbiçiləri müqavimət xəttində görülmüş işləri və məşhur “Ohanyan səddini” göstərdilər. Nümayiş olunanlardan cuşa gələn Paşinyan “Qarabağ Ermənistandır nöqtə” və bir sm-də torpaq qaytarılmayacaq bəyanatlarını verdi.

ABŞ-da səfərdə olan müdafiə naziri Tonoyanın “yeni ərazilər uğrunda- yeni müharibə” tezisini müdafiə etdi. Arvadını və bəzi erməni axçilərini Qarabağda karikatur hərbi təlimlərə cəlb etdi. Anna da öz səviyyəsində olan ərindən geri qalmayaraq hörmətli Mehriban xanım Əliyevanı Şuşaya, muğama qulaq asmağa dəvət etdi. Mehriban xanım Əliyeva Şuşaya getdi və muğam dinlədi. Ancaq, ən maraqlısı odur ki primitiv erməni axçisinin sözlərinə heç bir reaksiya vermədi.

Qarabağda keçirilən “seçkilərin” nəticəsi olaraq “inaqurasiya” mərasiminin ilk dəfə Şuşada keçirilməsi, orada “parlament” binasının tikintisinə başlanılması, tut arağından vurub “yallı” getməsi küçədən hakimiyyətə gəlmiş təsadüfi insanların eyforiyası idi. Onlar düşünürdülər ki, böyük dövlətlərin tam himayəndəsindədirlər və Azərbaycan heç zaman müharibəyə başlamağa cürət etməz.

Nəhayət, iyul ayında Tovuz istiqamətində təxribatlar baş verdi. Strateji neft-qaz kəmərlərini hədəfə almaqla, Azərbaycan iqtisadiyyatını çökdürmək planlarını işə salmağa cəhd etdilər. Artilleriya atəşlərindən sonra general Polad Həşimov və bir neçə hərbçilərimiz həlak oldu. Bu hadisə cəmiyyətdə qığılcım rolu oynadı. Pandemiya ilə əlaqədar sərt karantin rejiminə baxmayaraq, ölkənin bütün bölgələrində milyonlarla insan küçələrə axışdı.

Prezident İlham Əliyev BMT Baş Assambleyasında on-layn çıxış edərək, Ermənistanın təxribatları barədə ətraflı məlumat verdi və bunun regionun təhlükəsizlik sistemini ciddi təhdid etdiyi haqqında dünya birliyinə xəbərdarlığını bildirdi. Təəssüflər olsun ki, dünya birliyi yenə susdu və prinsipiallıq göstərmədi.

MÜHARİBƏ QAÇILMAZ iDİ

27 sentyabrda səhər tezdən erməni qoşunları cəbhənin müxtəlif istiqamətlərindən mövqelərimizi atəşə tutmağa başladılar. Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrə “İRƏLİ” əmrini verdi. Artıq müharibənin ilk günü düşmənin müdafiə xətti iki istiqamətdən yarıldı. Bir neçə kənd və strateji yüksəklik azad olundu. Ümumiyyətlə, qoşunlarımız 44 gün ərzində, hər gün bir neçə yaşayış məntəqəsini azad etməklə, düşmənə sarsıdıcı zərbələr vurur, bir addım da olsa geri çəkilmirdilər. Zərgər dəqiqliyi ilə hazırlanmış döyüş əməliyyatları nəticəsində, 30 il ərzində qurulmuş mürəkkəb mühəndis-istehkam qurğularına, çətin relyefə malik dağlıq şəraitə və hücum edən tərəf olmasına baxmayaraq, Qəhrəman Əsgərlərimiz ölümün gözünə dik baxaraq yalnız irəlilədilər. Ən innovativ metodların və silahların tətbiq olunduğu döyüş əməliyyatları dünya hərb tarixinə qızıl hərflərlə yazıldı.

XARİCİ TƏSİRLƏR

Müharibənin ilk günlərindən qardaş Türkiyə və Pakistanın hərbi-siyasi rəhbərliyi bütün imkanları ilə, Azərbaycanın yanında olduqlarını açıq şəkildə bəyan etdilər. Beynəlxalq münasibətlər sistemində xüsusi çəkiyə malik, iki güclü dövlətin verdiyi mənəvi-siyasi dəstək, ölkəmizə yönəlik, Ermənistana himayədarlıq edən beynəlxalq güclərin neytrallaşmasında son dərəcə əhəmiyyətli rol oynadı. Məmnuniyyət hissi ilə, özünün müasir silahlarını Ermənistana satmaqdan imtina edən İzrail dövlətini, mövqeyimizi dəstəkləyən Ukraynanı, ərazisindən silah daşınmasına imkan verməyən Gürcüstanı, BMT Təhlükəsizlik Şurasında tutduqları obyektiv mövqeyə görə Qoşulmama Hərəkatının bəzi üzvlərini, İngiltərəni minnətdarlıq hissi ilə xatırlamaq yerinə düşər. Müharibə ərəfəsində Təhlükəsizlik Şurasında Fransanın təşəbbüsləri ilə, iki dəfə cəhd olundu ki, əvvəllər bu təşkilatın qəbul etdiyi qətnamələr ləğv olunsun. Azırbaycan əleyhinə yeni qətnamələr qəbul edilsin. Güclü dövlətlər tərəfindən edilən təzyiqlərə baxmayaraq, Prezident İlham Əliyevin müvəffəqiyyətlə sədrlik etdiyi Qoşulmama Hərəkatı və ikinci dəfə isə, Böyük Britaniya buna imkan vermədi.

Bunlarla yanaşı, adını islam dövləti qoymuş cənub qonşumuzun düşmənə verdiyi hər tərəfli dəstək də unudulmamalıdır. 30 il ərzində, İran beynəlxalq iqtisadi sanksiyalardan əziyyət çəkməsinə rəğmən, bütün mümkün imkanlarından istifadə edərək, Ermənistan üçün nəfəslik rolunu oynadı. Yaxın Şərq ölkələrindən gələn erməni terrorçuları məhz bu ölkənin ərazisindən Qarabağa daxil olurdular. Müharibənin bitməsinə 5 gün qalmış, Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı verdiyi bəyanat isə, riyakarlıqdan başqa bir şey deyil. Özünün də gözləmədiyi halda, Azərbaycan sürətlə cəbhədə irəliləyirdi və İran proseslərdən kənarda qalmışdı. Türkiyənin Rusiya ilə birlikdə tənzimləmə missiyasını həzm edə bilmirdi. Zəngəzur dəhlizinin açılmasına qarşı fəaliyyətləri, Ermənistan ordusunun yenidən qurulması, Qarabağa qanunsuz yüklərin daşınması, Azərbaycan-Türkiyə-Pakistan birgə təlimlərinə qısqanclığı, bu ölkənin əsil sifətinin göstəricisidir.

QƏLƏBƏDƏ İNFORMASİYA MÜHARİBƏSİNİN ROLU

Məlumdur ki, Ermənistan, ümumiyyətlə dünya erməniliyi harada yaşamaqlarından asılı olmayaraq, fasiləsiz Azərbaycan və Türkiyə əleyhinə təbliğat aparmaqla məşğuldur. Son 100 ildə özlərindən minlərlə yalan nağıllar, saxta tarix və s. uydurmuşlar ki, artıq özləri də inanmağa başlamışlar. Yeni dünyaya gələn bütöv nəsillər heç bir tarixi faktlara söykənməyən nağıllarla təhsil və tərbiyə almışlar. Beləliklə, dünya ictimaiyyətinin lağ-lağı obyektinə çevrilmiş, məşhur “erməni xəstəliyi”yaranmışdır.

Etiraf etmək lazımdır ki, ermənilər yalanlarının sənədləşdirilməsi istiqamətində xeyli iş görmüşlər. On minlərlə kitab çap etdirməkdən tutmuş, planetin hər bir guşəsində qəzet, jurnal, televiziya, internet resurslarına sahib olmuş, müxtəlif media-qruplarını, siyasətçiləri satın almış, lobbi, diaspora təşkilatları yaratmışlar. Güclü maliyyə vəsaitlərinə malik olan dünya erməniliyi ,,erməni mifinin,, yaşaması üçün əllərindən gələni edirlər. Bunun nəticəsidir ki, insanlıq adına qara ləkə olan, hamilə qadınları, körpə uşaqları, yaşlı adamları amansızcasına qətlə yetirməkləri ilə açıqcasına fəxr edən cəlladlar, dünyaya ən qədim, mədəni millət, mələk qismində təqdim olunur. Hətta müharibə bitdikdən sonra, yerlə yeksan olunmuş Ağdamda, Füzulidə və digər işğal altında olmuş yerlərdə qəbirlərin sökülərək meyitlərdən qızıl dişlərinin çıxarılması, baş daşlarının Ermənistana daşınaraq yazılarının silinərək satılması, tarixi faktların xüsusi texnologiyalarla saxtalaşdırılması belə, erməni təbliğat maşınında fərqli məna kəsb edir.

Müharibənin ilk günlərindən erməni təbliğatı var gücü ilə, Azərbaycan tərəfdən müxtəlif ölkələrdən gəlmiş terrorçu qrupların vuruşması barədə yalanlar uydurmağa başladı. Fransa prezidenti Makron və bəzi ölkələrin siyasətçiləri də onlara qoşularaq, ölkəmizi terrorçularla əlbir olmaqda günahlandırdılar və dərhal müharibənin dayandırılmasını tələb etdilər. Azərbaycan Prezidenti Makronun zənglərinə və ittihamlarına layiqincə cavab verməklə, sübut, dəlil tələb etdi. Təbii ki, sübut yox idi və Makron özünü gülünc vəziyyətə saldı.

İnformasiya müharibəsində televiziyaların rolu çox böyükdür. Qonşu Rusiyanın federal kanallarında yayımlanan bəzi tok-şoular ermənilər və ermənipərəst qüvvələri tərəfindən zəbt olunmuş və Azərbaycana qarşı siyasi qərəzlikləri ilə seçilirlər. (Mən bu barədə dəfələrlə yazmışam) Müharibənin başlandığı ilk günlərdə Rossiya kanalında yayımlanan “ 60 dəqiqə” verilişində əvvəlcə Prezident İlham Əliyev, sonra isə, Nikol Paşinyan canlı yayıma bağlandılar. On milyonlarla insanın izlədiyi verilişdə Prezident Əliyev sərrast nitqi, soyuqqanlı şəkildə faktları sistemləşdirərək ardıcıllıqla sadalamaqla real vəziyyəti dəqiqliklə təsvir etdi və erməni təbliğatını alt-üst etdi. Nəinki, milyonlarla insanın, eyni zamanda Azərbaycanın düşmənlərinin rəğbətini qazandı.

Cəbhədə və diplomatik masada uğurlarımız artdıqca, düşmənlər daha da aqressivləşir, dünyanın nüfuzlu mətbuat nümayəndələrini, televiziya kompaniyalarını, əksər hallarda ələ alınmış jurnalistləri ölkəmizə göndərirdilər. Gərgin iş qrafikinə, işin həddən ziyadə çox olmasına baxmayaraq, Prezident onları şəxsən qəbul edir, Azərbaycanın haqlı davasını dünyaya çatdırırdı. Təxminən 30 -a yaxın mətbuat nümayəndəsi ilə saatlarla, səbr və təmkinlə izahat işi aparmaqla, ən qərəzli, böhtan xarakterli suallarını cavablandırdı. Döyüş meydanında olduğu kimi, informasiya müharibəsinin də Baş Komandanı olmaqla, bir çox siyasətçilərə örnək oldu.

Xüsusilə, milli KİV-lə yanaşı, informasiya savaşında qardaş Türkiyə mediasının rolunu qeyd etmək istərdim. Həm texniki imkanları, həm də yüksək peşəkarlıq nümunəsi göstərməklə, Türkiyəli mətbuat işçiləri, gecəli-gündüzlü operativ və obyektiv şəkildə bütün dünyaya əsil həqiqətləri çatdırmaqla, Azərbaycan xalqının əbədi məhəbbətini qazandılar.

Onların tam əksinə olaraq, nəhayət ki, müharibənin nəticələrinə həsr olunmuş mətbuat konfransında iştirak edən, molla rejiminin təmsilçisi Azərbaycanı ittiham xarakterli sual verdi və cənab Prezident onun əsil mahiyyətini ustalıqla üzə çıxardı. Çox maraqlıdır, 5 saata yaxın davam edən mətbuat konfransında iştirak edən mətbuat nümayəndələri Ali Baş Komandanı tarixi qələbə ilə təbrik edərək, suallarını səsləndirdikləri halda, üzünü çarşabla gizlədərək sual yox, təxribatçı çıxışı ilə seçilən o məxluqun niyyəti nə idi. Onu və onun sahiblərini təşvişə salan nədir? Suallar ritorik də olsa, düşünməyə dəyər.

MÜHARİBƏNİN NƏTİCƏLƏRİ

Sözsüz ki, müharibənin məsuliyyəti Ermənistan əvvəlki və hazırki hərbi-siyasi rəhbərliklərinin üzərinə düşür. Onlar zamanın hökmü ilə törətdikləri cinayətlərin, Azərbaycanın tarixi-mədəni irsinə, iqtisadiyyatına, ekologiyasına vurduqları ziyana görə cavab verəcəklər. Beynəlxalq qanunlarla ermənilərlə yanaşı, onlara zəhər verənlər də Allah qarşısında cavab verəcəklər.

Azərbaycan 3000-ə yaxın Şəhid verdi. Minlərlə qazilərimiz var. Allah Şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə rəhmət eləsin.

Müharibə itkisiz olmur. Ötən bir il Azərbaycan xalqı həyatını dəyişdi, 30 il ərzində sınmış qürurunu bərpa etdi. Dövlətin beynəlxalq nüfuzu artdı, Harada yaşamasına baxmayaraq, hər bir azərbaycanlıya hörmətlə yanaşılır. Bölgədə yeni reallıqlar yarandı. Türk dünyasının inteqrasiyası istiqamətində ciddi artımlar atıldı. Hər bir vətəndaşımızın dövlətinə, gələcəyinə inamı artdı. Azərbaycan Ordusunun apardığı döyüş əməliyyatları, bir çox inkişaf etmiş ölkələrin mütəxəssislərinin rəyinə görə 21-ci əsrin müharibəsi kimi qiymətləndirildi. Bəzi əməliyyatlar xarici ölkələrin hərbi məktəblərində tədris olunur.

QURUCULUQ

Azərbaycan dövləti bütün çətinliklərə baxmayaraq müharibədən qalib çıxdı. Növbəti imtahan ermənilərin vəhşicəsinə xarabazara çevirdikləri əraziləri bərpa etmək, Qarabağın əsil sahiblərini öz yurdlarına qaytarmaqdır. Əsas çətinlik ondan ibarətdir ki, ərazilər sıx şəkildə minalanmışdır və tam təmizlənməsi üçün illər lazımdır. Vaxt isə, yoxdur. Prezidentin tapşırığı ilə qərargah yaradıldı. Xarici ölkələrdən ən müasir minatəmizləyən texnika alındı, əlavə mütəxəssislər cəlb olundu. Paralel olaraq, infrastruktur layihələrinin icrasına başlanıldı, bir çox marşrutlar üzrə yeni yollar, tunellər çəkilir. İnzibati, yaşayış binaları inşa olunmağa, tarixi abidələrin bərpasına başlanıldı. Füzuli beynəlxalq hava limanı istifadəyə verilməkdədir. Zəngilan və Laçın beynəlxalq hava limanlarının inşası davam edir, dəmir yolları çəkilir.

Qarabağın ənənəvi mədəni həyatı yenidən canlanır. Artıq Şuşada Xarı bülbül festivalı, ermənilərin vəhşicəsinə dağıtdığı şair Molla Pənah Vaqifin bərpa olunmuş məqbərəsi önündə poeziya günləri keçirilmişdir.

Olduqca doğru addımdır ki, xarici ölkələri təmsil edən diplomatların, parlamentərilərin, mətbuat və ictimaiyyətin nümayəndələrinin, iştirakı ilə Qarabağa səfərlər təşkil olunur. Onlar öz gözləri ilə ermənilərin törətdikləri vəhşilikləri görürlər. Eyni zamanda Azərbaycanın qısa zaman kəsiyində gördüyü işlərlə tanış olur, təəccüblərini gizlətmirlər. Azərbaycan xalqının nəyə qadir olmasına şahidlik edirlər.

Bəli, bu imtahandan da Azərbaycan uğurla çıxacaq, dünyanı heyrətləndirməyi bacaracaqdır.

Düşünürəm ki, yekunda son bir ilə həsr olunmuş yazını bütün bu qələbələrin memarı, Prezident, Ali Baş Komandan İlham Əliyevin bu fikirləri ilə tamamlamaq yerinə düşər.

MƏN NƏYİ, NECƏ, NƏ VAXT ETMƏYİ YAXŞI BİLİRƏM.

 

Nəsib Məhəməliyev
Milli Məclisin deputatı