Nizami rayonunda açılış

Nizami rayonunda Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalan leytenant Süleymanlı Kənan Sadıq oğlunun doğum günündə xatirə kompleksinin açılışı olub.

Açılış mərasimdə Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının rəhbərliyi, həmçinin şəhid ailələri, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları öncə Fəxri Xiyabanda şəhidin məzarını ziyarət ediblər, dualar oxuyub, xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra xatirə kompleksinin açılış mərasimində çıxış edən şəhidin atası Sadıq Süleymanlı, Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Rauf Mehdiyev, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, tanınmış blogger Kamil Zeynallı, 141 və 145 saylı məktəblərin müəllimləri, döyüş yoldaşları və başqaları 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən şəhid leytenant Süleymanlı Kənan Sadıq oğlunun qəhrəmanlıqlarından, eləcə də şəhid ailələrinə, qazilərə olan dövlət qayğısından danışıblar.

Şəhid leytenant Süleymanlı Kənan Sadıq oğlunun ailə üzvləri də onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Çıxışlardan sonra məktəblilər şəhidin xatirəsinə hazırladıqları şeirləri səsləndiriblər.

Qeyd edək ki, leytenant Süleymanlı Kənan Sadıq oğlu Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən, şəhid leytenant Süleymanlı Kənan Sadıq oğlu ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.