“Azərbaycan beynəlxalq ictimaiyyəti birgə mübarizəyə çağırır”

“Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) getdikcə beynəlxalq nüfuzunu artıran bir təşkilat olmaqla üzvlərinin sayını artıq 28-ə çatdırmışdır. Qurumun Qazaxstanın paytaxtı Astana şəhərində oktyabrın 13-də keçirilmiş 6-cı Zirvə Toplantısının plenar iclasında Küveytə AQEM-ə üzv statusu verildi. Beləliklə, Küveyt AQEM-in 28-ci üzvü oldu. Türkmənistan isə AQEM-ə müşahidəçi qismində qoşuldu. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu mötəbər beynəlxalq tədbirdə iştirak etmək üçün oktyabrın 12-də Qazaxstana səfər edib. Məlumdur ki, Azərbaycan xüsusilə son dövrlərdə iştirak etdiyi bütün beynəlxalq qurum və təşkilatlarda sülhün, sabitliyin və inkişafın bərqərar olunması məqsədilə ciddi səylər göstərir. Beynəlxalq təşkilatların, dünyanın aparıcı dövlətlərinin yürütdükləri ikili standartlar siyasətindən hamıdan çox əziyyət çəkmiş Azərbaycan bu gün öz həqiqətlərini dünyaya bəyan edərək beynəlxalq ictimaiyyəti terrora, işğalçılığa, milli və dini zəmində dövlətlər səviyyəsində törədilən cinayətlərə qarşı bigə mübarizə aparmağa çağırır.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin AQEM-in 6-cı Zirvə Toplantısının plenar iclasında etdiyi çıxışı Cənubi Qafqazda mövcud vəziyyət və gedən proseslər barədə təşkilata üzv dövlətlərin məlumatlandırılması baxımından mühüm əhəmiyyət kəsb edir: “Cənubi Qafqaz iki il bundan öncə bəlkə də XX əsrə qədər bütün tarixi boyunca heç zaman qarşılaşmadığı dəhşətli bir bəladan, erməni faşizminin təhdidindən qurtulmuşdur. Bu qurtuluşu region ölkələrinə və xalqlarına Azərbaycan gətirdi. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxış edən cənab Prezident İlham Əliyev Azərbaycanın iki il bundan əvvəl əldə etdiyi tarixi Qələbə ilə beynəlxalq hüququ təmin etdiyini bir daha diqqət mərkəzinə çəkdi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən və 28 il kağız üzərində qalan 4 qətnaməsinin icrasını özü təmin etdi. Lakin bu illər Azərbaycan üçün təsirsiz ötüşmədi. Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal dövründə şəhərlərimiz və kəndlərimiz, mədəni və dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdıldı və talan edildi, təhqir olundu. Bütün bu illər ərzində Ermənistan Azərbaycana qarşı olmazın vəhşiliklər, hərbi cinayət əməlləri törətdi. Birinci Qarabağ müharibəsindən bu günə qədər 3900-ə yaxın Azərbaycan vətəndaşı itkin düşmüş sayılır. Onların əksəriyyəti işgəncələrə məruz qalıb, öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. Bu deyilənləri son dövrlərdə işğaldan azad edilmiş ərazilərdə aşkar olunan kütləvi məzarlıqlarda tapılmış çoxsaylı dəlillər sübuta yetirir. Ermənistan isə hələ də Azərbaycana itkin düşənlərin taleyi və kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumatları təqdim etməkdən yayınır. Həmçinin Ermənistan Azərbaycana mina xəritələrini də bu günə qədər təqdim etməyib. Məhz Ermənistanın işğalçı-terror siyasəti nəticəsində Azərbaycan bu gün dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasında yer alıb. İlkin hesablamalara görə, Ermənistan işğal zamanı bizim torpaqlarımızda bir milyondan çox mina basdırıb. İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Öz çıxışında dövlətimizin başçısı bir daha nüfuzlu beynəlxalq mütəxəssislərin rəyinə istinad edərək bildirdi ki, hesablamalara görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır.”

Daha sonra N.Aslanov Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarda fəal və səmərəli iştirakının ölkəmizin beynəlxalq nüfuzuna xidmət edən amil olduğunu vurğulayaraq bunları deyib: “ Bu gün Azərbaycan minalardan təmizlənmə işləri ilə paralel, həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır və artıq keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdış prosesi başlanıb. Hər zaman ədalətli sülhün, inkişafın tərəfdarı olan Azərbaycan Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox soydaşımızın 30 il ərzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliklərə, yüzlərlə şəhər və kəndlərimizin dağıdılmasına baxmayaraq, yenə də məğlub etdiyi düşmənə qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib. Əlbəttə ki, Azərbaycanın bu təşəbbüsləri dünya ölkələrinin diqqətindən kənarda qalmır. 2019-cu ildən bəri Azərbaycan üzv ölkələrin yekdil qərarı əsasında dünyada BMT-dən sonra ən böyük beynəlxalq struktur olan Qoşulmama Hərəkatına sədrlik edir. Bu sədrlik yenə də yekdil qərar əsasında daha bir il, 2023-cü ilin sonuna qədər uzadılıb. Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyi gücləndirmək, bu Hərəkatın siyasi çəkisini və qlobal nüfuzunu artırmaq üçün böyük səylər göstərir. Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı yaradılmışdır. COVID-19-dan sonrakı dünya ilə bağlı fikir mübadiləsi aparmaq və Hərəkatın mövqeyini formalaşdırmaq məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin növbəti il üçün Azərbaycan tərəfindən yüksək səviyyəli iclasının keçirilməsi təklifi irəli sürülmüşdür. Bütün bu təklif və təşəbbüslər Azərbaycanın beynəlxalq nüfuzunun getdikcə daha da artmasına, mövqelərinin möhkəmlənməsinə dəlalət edir”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.