Novruzəli Aslanov: “Azərbaycan-İraq münasibətləri yeni inkişaf mərhələsinə keçir”

“Noyabr ayının 20-də İraq Prezidenti Əbdüllətif Camal Rəşid ölkəmizə ilk dəfə rəsmi səfər etmişdir. Səfər çərçivəsində Azərbaycan və İraq Prezidentləri təkbətək və nümayəndə heyətləri ilə birgə görüşlər keçirmiş, ikitərəfli əlaqələrin inkişaf perspektivlərini ətraflı müzakirə etmişlər. Qərara alınmışdır ki, iki həftədən sonra Azərbaycanın nümayəndə heyəti hökumətlərarası komissiyanın yeni iclasının keçirilməsi üçün Bağdada səfər edəcək. Müzakirə olunan məsələlər arsında enerji sahəsində əməkdaşlıq məsələsi xüsusi yer tutub. Həmçinin dövlət başçıları müdafiə sənayesi, turizm sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər. Görüşlərin nəticəsi olaraq ölkələrimiz arasında dostluq münasibətlərinin olduğu bir daha təsdiq edilib. Qeyd olunub ki, İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir. BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birini dəstəkləyir, bir-birinin suverenliyini və ərazi bütövlüyünü müdafiə edir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Daha sonra deputat bildirib ki, Prezident İlham Əliyevin mətbuatla bəyanatla etdiyi çıxışında yer almış açıqlamalar dost ölkə olan İraq dövlətinin rəhbərliyində Cənubi Qafqazda yaranmış vəziyyətə dair dolğun və obyektiv fikir formalaşması baxımından xüsusi əhəmiyyət kəsb edir: “Ölkə Prezidenti cənab İlham Əliyevin çıxışında yer almış detallı açıqlamalar istər son üç ildə Cənubi Qafqazda yaranmış yeni reallıqların mahiyyəti barədə dürüst bilgilərin formalaşması, istərsə də gələcəkdə hadisələrin hansı məcrada inkişaf edə biləcəyinə dair təxminlərin müəyyən edilməsi baxımından xüsusi önəm kəsb edir. İlk növbədə dövlətimizin başçısı 30 il davam edən və üç il bundan öncə başa çatmış Ermənistan-Azərbaycan münaqişəsində məhz qarşı tərəfin, yəni Ermənistanın birmənalı olaraq işğalçı ölkə qismində çıxış etdiyini diqqət mərkəzinə çəkərək, 1990-cı illərin əvvəlində bu ölkənin Azərbaycana qarşı təcavüzə başladığını vurğulamışdır. Qeyd olunmuşdur ki, bu təcavüz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizinin işğalı ilə nəticələndi. Ermənilər etnik təmizləmə siyasəti həyata keçirərək bir milyondan çox azərbaycanlını keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ətraf rayonların ərazilərindən qəddarlıqla qovdular. İşğal dövründə Ermənistan nəinki zəbt etdiyi torpaqları geri qaytarmayacağını, hətta ölkəmizə qarşı yeni ərazi iddiaları da irəli sürə biləcəyini açıq-aşkar dəfələrlə bəyan etmişdi. Yəni Azərbaycan torpaqlarının sülh yolu ilə işğaldan azad olunması imkanları ümumiyyətlə sıfıra endirilmişdi. Buna görə də işğala son qoymaq üçün həll yolu tapmaqdan ötrü müvafiq mandatı olan ATƏT-in Minsk qrupu yaradılandan 28 il sonra Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərini özü döyüş meydanında, hərbi gücdən və BMT Nizamnaməsinin özünümüdafiə hüququna dair 51-ci maddəsi ilə bizə verilmiş qanuni imkandan istifadə edərək işğaldan azad etdi.”

Həmçinin deputat qeyd edib ki, Fransa kimi qanlı müstəmləkə keçmişinə malik bir dövlətin hansısa Ermənistanın maraqlarını düşünəcəyini zənn etməklə, rəsmi İrəvan bir daha səriştəsizliyini və siyasi korluğunu nümayiş etdirmiş olur: “Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tam və qəti qələbəsinin nəticəsi və təsdiqi kimi imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat əslində Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olması üçün əlverişli zəmin yaradan bir sənəddir. Əgər Ermənistan bu Bəyanatı imzalamaqla üzərinə götürdüyü bütün öhdəliklərə vaxtında və könüllü şəkildə əməl etsəydi, bu zaman Azərbaycanın da öz qanuni hüquqlarını hərbi gücü hesabına təmin etməsinə ehtiyac olmazdı. Lakin Ermənistan sağlam düşüncənin deyil, xəstə ambisiyaların çağırışlarına qulaq asmağa üstünlük verdi. Öz ölkəsini indi də Fransanın marionetinə çevirən rəsmi İrəvan hərbi hissələrini Azərbaycan ərazilərində mümkün qədər çox saxlamaqla nəyəsə nail ola biləcəyini düşündü. Azərbaycan dövləti isə, yenə də sülhsevərliyini nümayiş etdirərək buna da kifayət qədər uzun müddət dözdü. Yalnız tarixi Qələbəmizdən 3 il sonra, bu ilin sentyabr ayında ölkəmiz cəmi bir gün davam edən antiterror əməliyyatı keçirməklə Qarabağda yaradılmış qondarma separatçı rejimin mövcudiyyətinə son qoydu. Təəssüflər olsun ki, bu günün özündə də Ermənistan öz xalqının deyil, rüsvayçı qanlı müstəmləkə keçmişi olan Fransanın ambisiyalarını düşünməkdə davam edir. Bu isə regional sabitliyə ciddi təhlükə ola bilər. Əgər Ermənistan yeni bir müharibəyə başlamaq qərarı versə, nə Fransa, nə də kəs onlara kömək etməyəcək və edə də bilməz” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.