“Son 20 ildə ardıcıl və məqsədyönlü şəkildə icra olunan regional inkişaf proqramları nəticəsində ölkənin əsas infrastruktur dayaqları formalaşdırılıb. Elektrik enerjisi, qaz, su, yollar və kommunikasiya sistemləri vahid bir mexanizm kimi işləyir. Bu isə yeni çağırışlara daha çevik və düşünülmüş cavab verməyə imkan yaradır. Cənab Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirədə səsləndirilən fikirlər də bir daha göstərdi ki, Azərbaycan artıq infrastruktur problemlərini həll etməyə çalışan ölkə deyil, bu sahədə strateji planlama mərhələsinə keçmiş dövlətdir. Xüsusilə enerji sahəsində əldə olunan nəticələr ümumi infrastruktur siyasətinin miqyasını aydın göstərir. Bir vaxtlar enerji qıtlığı ilə üzləşən Azərbaycan bu gün tələbatını tam ödəməklə yanaşı, artıq elektrik enerjisini ixrac edən ölkəyə çevrilir. Təxminən 10 min meqavatlıq generasiya gücünün yaradılması, yarımstansiyaların, ötürücü xətlərin və paylayıcı şəbəkələrin yenilənməsi ölkəni enerji təhlükəsizliyi baxımından tam fərqli mərhələyə çıxarıb. Bu təcrübə göstərir ki, düzgün planlama və uzunmüddətli baxışla ən mürəkkəb problemlər belə mərhələli şəkildə həll oluna bilər.”
Bu fikirləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov ifadə edib.
İrimiqyaslı infrastruktur layihələrinin digər sahələrdə də uğurla reallaşdırıldığını vurğulayan millət vəkili bildirib ki, eyni yanaşma su təsərrüfatı sahəsində də özünü göstərir: “İçməli su və kanalizasiya məsələləri illər boyu əhalini ciddi narahat edən problemlərdən olub. Lakin son illər bu sahədə atılan addımlar nəticəsində ölkənin əksər şəhərlərində müasir su və kanalizasiya sistemləri qurulub. Dörd böyük su anbarının – xüsusilə Taxtakörpü və Şəmkirçay anbarlarının – inşası həm Bakının, həm də regionların su təminatında həlledici rol oynayıb. Bu layihələr təkcə bugünkü tələbatı deyil, gələcək riskləri də nəzərə alan strateji qərarlar kimi dəyərləndirilir. Müşavirədə vurğulanan əsas məqamlardan biri də ondan ibarətdir ki, bu gün su təhlükəsizliyi artıq yalnız texniki məsələ deyil, milli təhlükəsizlik məsələsidir. İqlim dəyişiklikləri, əhalinin artımı və sənayeləşmə prosesləri suya olan tələbatı ildən-ilə artırır. Əgər ötən illərdə bu sahədə vaxtında investisiyalar edilməsəydi, bu gün Azərbaycan çox ciddi problemlərlə üzləşə bilərdi. Məhz yaradılmış güclü infrastruktur bazası indi daha geniş və əhatəli Dövlət Proqramının qəbulunu mümkün edir. “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı” da məhz bu möhkəm təməl üzərində qurulub. Proqramın 10 illik dövrü əhatə etməsi, maliyyə mənbələrinin əvvəlcədən müəyyənləşdirilməsi və icraya ciddi nəzarət mexanizmlərinin nəzərdə tutulması dövlət idarəçiliyində sistemli yanaşmanın göstəricisidir. Beləliklə, müşavirədə səslənən əsas mesajlar budur ki, Azərbaycan artıq problemləri sadəcə onlar yarandıqdan sonra deyil, daha çox qabaqlayıcı strateji düşüncə ilə həll edir. Buna görə də son 20 ildə yaradılmış infrastruktur təkcə keçmiş uğurların göstəricisi deyil, həm də gələcək üçün etibarlı zəmanətdir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.