Novruzəli Aslanov: “Azərbaycan və Türkiyənin güclənməsi bütün Türk dünyasının güclənməsi deməkdir”

“Bu gün Azərbaycan-Türkiyə münasibətlərindən bəhs edərkən, ilk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Bu mühüm tarixi əhəmiyyət kəsb edən sənədin icrası ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edir. Şuşa Bəyannaməsi ölkələrimiz arasındakı müttəfiqlik əlaqələrini yeni səviyyəyə qaldırmaqla regionda sülhə və inteqrasiyaya yol açır. Azərbaycan və Türkiyə dövlət başçılarının prezident seçkilərindən sonra etdikləri və artıq ənənəyə çevrilmiş qarşılıqlı səfərləri də iki qardaş ölkə arasında əlaqələrin yeni mərhələdə sürətlə genişləndiyini bir daha nümayiş etdirir. O cümlədən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə 7 fevral tarixində keçirilmiş seçkilərdən sonra, fevral ayının 18-19-da ilk rəsmi dövlət səfərini də məhz Türkiyəyə etməsi iki ölkə arasında olan birlik və qardaşlığın bütün regionda sabitlik, inkişaf və sülhə xidmət edən çox mühüm beynəlxalq amil olduğunu və bu amilin mahiyyətini bir daha qabarıq şəkildə bütün dünyaya göstərmiş oldu.”

Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Deputat Azərbaycan ilə Türkiyə arasında imzalanmış sənədlərin əhəmiyyətini vurğulayaraq, qarşılıqlı əlaqələrin müəyyən edilmiş yeni inkişaf istiqamətlərinin perspektivliliyini də qeyd edib: “Cənab Prezident İlham Əliyevin Türkiyəyə səfəri zamanı ölkələrimiz arasında bir sıra vacib sənədlər imzalanmışdır. O cümlədən “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” birmənalı olaraq, hər iki ölkənin təhsil sisteminin inkişafına böyük töhfələr verəcək. Dövlət başçımızın fevralın 19-da Ankarada mətbuata bəyanatla etdiyi çıxışında qeyd olunduğu kimi, bu Anlaşma Memorandumu gələcəyə yönəlmiş təşəbbüsdür. Hər iki qardaş ölkənin gəncliyi həm Türkiyədə, həm də Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında formalaşmalı, xalqlarımızın milli-mənəvi dəyərlərinə sadiq olmalı, yad təsirlərdən uzaq olmalıdır. Türkiyə-Azərbaycan Universitetinin yaradılması, həm də sadəcə olaraq, təhsil məsələsi deyil, eyni zamanda da iki qardaş xalqın birliyinin növbəti rəmzidir. Əlbəttə ki, Azərbaycan-Türkiyə əməkdaşlıq əlaqələrinin prioritet istiqamətlərindən biri də müdafiə sənayesi sahəsindədir. Təsadüfi deyil ki, öz çıxışında cənab Prezident İlham Əliyev bu məsələyə xüsusi toxunaraq bildirdi ki, bu sahədə təqdirəlayiq irəliləyişlər var. Həmçinin dövlət başçısı prezident seçkilərindən iki gün sonra “Bayraktar Akıncı” PUA-sının təqdimatında iştirak etdiyini vurğuladı və PUA-ların artıq Azərbaycan səmasında uçmasının hərbi sahədə texnoloji inkişafın təmin olunması üçün önəmli şərt olduğunu bildirdi. Bu gün Azərbaycan və Türkiyə öz gücünə güc qatır və təbii ki, bu, bütün Türk dünyasının, Türk Dövlətləri Təşkilatının hər bir üzvünün güclənməsi deməkdir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.