Novruzəli Aslanov: “Dünya erməni faşizminin törətdiyi vəhşilikləri heç zaman unutmamalıdır”

Prezident İlham Əliyev yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinə verdiyi müsahibədə hər zaman olduğu kimi, Azərbaycan ictimaiyyətini maraqlandıran bir çox vacib məsələlərə toxunmuş, ölkəmizdə, Cənubi Qafqaz regionunda və dünyada cərəyan edən hadisələr barədə önəmli açıqlamalar vermişdir. O cümlədən dövlətimizin başçısı hazırda bəzi qüvvələr tərəfindən erməni faşızminin dirçəldilməsinə cəhdlər göstərildiyini də vurğulamışdır. Bu məsələ ilə bağlı növbəti dəfə qəti mövqeyini bildirən Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan heç zaman buna yol verməyəcək və əgər Ermənistan tərəfindən ölkəmizə qarşı hər hansı bir təhdid yaranarsa, buna qarşı dərhal və ən ciddi şəkildə müvafiq tədbirlər görüləcək. Məlumdur ki, Vətən Müharibəsinin gedişində erməni faşist ordusu mütəmadi olaraq bizim cəbhə bölgəsindən kifayət qədər uzaqda yerləşən rayon və şəhərlərimizə raket hücumları həyata keçirmişdir. O cümlədən, Gəncə şəhəri dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. Şəhərə 13 raket atılıb, onlardan 8-i partlayaraq dinc əhalinin həyatına son qoyub. Onların arasında uşaqlar, qadınlar, yaşlı insanlar olub. Təkcə Gəncə şəhərində 26 mülki vətəndaş, o cümlədən 6 azyaşlı uşaq namərd atəş nəticəsində həlak olub, erməni faşizminin qurbanına çevrilib. Əlbəttə ki, bu, təsadüfən açılan atəş deyildi, məqsədyönlü şəkildə yaşayış binasını vurmaq, Azərbaycan vətəndaşlarını öldürmək, Azərbaycan xalqının gözünü qorxutmaq, Azərbaycan rəhbərliyini torpaqların azad edilməsindən çəkindirmək məqsədi daşıyırdı. Bu, hərbi cinayətdir və hərbi cinayət kimi dünya tərəfindən tanınmalıdır.

Bunu mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycan Ordusu müharibə dövründə belə cinayətlərə əl atmayıb və müharibəni ləyaqətlə aparıb. Bütün şəhidlərimizin qanı düşməndən yalnız döyüş meydanında alınıb.

“Gəncə və digər şəhərlərimiz - Mingəçevir, Bərdə, Tərtər, Goranboy, Ağdam rayonu, Füzuli rayonu, Naftalan bombalananda Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev deyirdi ki, biz döyüş meydanında qisasımızı alacağıq. Biz ermənilərdən fərqli olaraq heç vaxt hərbi cinayətə əl atmarıq. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir, dövlət başçımızın yürütdüyü siyasətin düzgünlüyünü göstərir. Ermənistan döyüş meydanında məğlub oldu. 10 min fərari verən erməni ordusu tamamilə məhv edildi. Lakin bu gün yenə də bəzi qüvvələr tərəfindən Ermənistanda revanşist əhval-ruhiyyəsi qızışdırılır, erməni faşizminin yenidən dirçəldilməsinə cəhdlər olunur. Gəncə şəhərinin namərd erməni hücumları nəticəsində dağıdılmış ərazilərindən birində yaradılacaq Memorial Kompleksin təməlini qoyan Prezident İlham Əliyev öz müsahibəsində tamamilə düzgün olaraq vurğuladı ki, Azərbaycan xalqı erməni faşizminin törətdiyi vəhşilikləri heç zaman unutmamalıdır. Çünki belə bir unutqanlıq bizim böyük səhfimiz olardı. Həmçinin Azərbaycan erməni faşizminin nəticələrini batan dünyaya da daim xatırlatmalı və bu bəlanı yenidən region üçün təhdidə çevirmək istəyən qüvvələrə qarşı beynəlxalq həmrəyliyi təmin etməlidir” – deyə N.Aslanov bildirib. Millət vəkili həmçinin qeyd edib ki, bu günlərdə Rusiyada erməni faşist Qaregin Njde haqqında filmin yayımının dayandırılması da məhz Azərbaycanın növbəti diplomatik uğuru, təbliğat-informasiya cəbhəsində növbəti qələbəsi və beynəlxalq səviyyədə faşizmə qarşı mübarizəyə növbəti böyük töhfəsi kimi qiymətləndirilməlidir. Bu barədə fikirlərini paylaşan N.Aslanov belə deyib: “Prezident İlham Əliyev öz müsahibəsində qeyd etdi ki, cəllad Qaregin Njde haqqında filmin yayımının dayandırılması ilk növbədə, Rusiya ictimaiyyətinin təkidi nəticəsində baş verdi. Lakin biz bunu da mütləq qeyd etməliyik ki, ilk dəfə olaraq, bu məsələni siyasi müstəviyə gətirən məhz Azərbaycan Prezidenti cənab İlham Əliyev olmuşdur. Dövlətimizin başçısı əvvəlki illərdə də beynəlxalq təşkilatlar qarşısında, ölkələr qarşısında dəfələrlə öz çıxışlarında bu məsələni qaldırmışdı ki, faşistlərin qəhrəmanlaşdırılmasına qətiyyən imkan vermək olmaz. O cümlədən Prezident İlham Əliyev MDB Zirvə görüşünün birində çıxış edərkən faşist cəlladı Njde ilə bağlı məsələ qaldırmış və bəyan etmişdi ki, əlləri dirsəyə qədər günahsız azərbaycanlıların və İkinci Dünya müharibəsi zamanı sovet ordusunun əsgər və zabitlərinin qanına bulaşmış bu faşist cinayətkarına Ermənistanın paytaxtında - İrəvanda qoyulan abidə birbaşa faşizmin təbliğatıdır və buna son qoyulmalıdır. Əlbəttə ki, məkanından asılı olmayaraq faşizmin baş qaldırmasına heç bir halda yol vermək olmaz. İkinci Dünya müharibəsinin tarixi ilə bağlı təhrifetmə cəhdlərinə son qoyulmalıdır. Çünki bu siyasət dünyanı uçuruma apara bilər. Ermənistan rəsmən bu fikirlərə qoşulsa da, faktiki olaraq Njde kimi faşistin qəhrəmanlaşdırılması ilə bağlı konkret addımlar atır. Bu günə qədər Ermənistanda, İrəvanda faşist Njdenin adını daşıyan küçələr, meydanlar, metro stansiyası var, ona böyük - altımetrlik abidə qoyulub. Bu abidə bu günə qədər sökülməyib. Bu onu göstərir ki, erməni faşizmini yenidən dirçəltmək istəyən qüvvələr var. Lakin bu qüvvələr də bilməlidirlər ki, Azərbaycan heç vaxt imkan verməyəcək ki, bizim bölgədə erməni faşizmi yenidən baş qaldırsın. Bunu hər kəs bilməlidir və Azərbaycanın görə biləcəyi əks-tədbirlərin Ermənistana çox baha başa gələ biləcəyini də hər kəs dərk etməlidir.”

Daha sonra millət vəkili bildirib ki, Prezident İlham Əliyevin bütün digər rayon və bölgələrə etdiyi səfərlər kimi, Gəncə şəhərinə səfəri də bir çox mühüm açılışlar və təməlqoyma mərasimləri ilə əlamətdar olub. Novruzəli Aslanov beynəlxalq Şərq-Qərb nəqliyyat dəhlizinin Gəncədən keçdiyini və bu amilin şəhərin strateji əhəmiyyətini daha da artırdığını vurğulayıb.

“Məlumdur ki, Gəncə Azərbaycanın ikinci ən böyük şəhəridir və bu şəhərə diqqət həmişə yüksək səviyyədə olub. Əlbəttə, bu gün əsas diqqət mərkəzində azad edilmiş torpaqlar - Qarabağ və Zəngəzur iqtisadi rayonlarıdır. Lakin bütün başqa şəhər və rayonlarımız da qətiyyən diqqətdən kənarda qalmır. O cümlədən Prezident İlham Əliyevin Gəncəyə səfəri çərçivəsində bu şəhərdə “ASAN xidmət” Mərkəzinin açılışını, Gəncə Dram Teatrının açılışını etməsi də bunu əyani şəkildə sübut edir. Digər tərəfdən isə, İkinci Qarabağ müharibəsindən sonra Gəncə, eyni zamanda, Kəlbəcər rayonunun inkişafı ilə bağlı mühüm əhəmiyyət kəsb edir. Çünki hazırda Kəlbəcərə aparan yol Gəncə-Göygölə-Kəlbəcər marşrutu ilə çəkilib. Hazırda Murov dağının altından böyük - uzunluğu təqribən 12 kilometr olan tunel çəkilir. Yəni, Kəlbəcərin gələcək inkişafı, vətəndaşların oraya qayıtmaları və Kəlbəcər rayonunun, eyni zamanda, Laçın rayonunun təchizatı böyük dərəcədə bu bölgədən təşkil ediləcəkdir. Ona görə Gəncə və bu zona azad edilmiş torpaqların bərpası, vətəndaşların rahat yaşaması üçün xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda hazırda Azərbaycanın sərhəd boyunca yerləşən hərbi postlarına da əsas təchizat buradan gedir. Ona görə Gəncə və Gəncənin ətrafında yerləşən ərazilərin bundan sonra da ölkəmizin həyatında, xüsusilə azad edilmiş torpaqların həyatında xüsusi rolu olacaqdır. İkinci bir tərəfdən də Gəncənin beynəlxalq Şərq-Qərb nəqliyyat dəhlizinin üzərində yerləşməsi bu şəhərin strateji əhəmiyyətini artırır. Dövlət başçımız da öz müsahibəsində qeyd etdi ki, hazırda Gəncəyə Bakıdan dəmir yolu xətti də tam modernləşdirilib və bu, əslində, Şərq-Qərb nəqliyyat dəhlizinin bir parçasıdır. Həmçinin Gəncədə lokomotiv deposunun yaradılması artıq başa çatıb. Bütün bu açılışlar və təməlqoyma mərasimləri bir daha göstərir ki, ölkəmizin hər bir yerində inkişaf davam edir və Azərbaycan bundan sonra yalnız irəliyə gedəcək” - deyə Novruzəli Aslanov öz fikirlərini tamamlayıb.