Novruzəli Aslanov: “Ulu Öndər Heydər Əliyev Azərbaycan Ordusunu qısa müddət ərzində inkişaf etdirərək bölgənin ən üstün hərbi gücünə çevirdi”

“Bu gün artıq üçüncü ildir ki, Azərbaycan xalqı Silahlı Qüvvələr Gününü qalib xalq olaraq böyük təntənə ilə qeyd edir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik”. 2003-cü ildən sonra Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, ordunun ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Dövlət başçısının bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer alıb. Bu onun nəticəsidir ki, dövlət başçısı tərəfindən Azərbaycan Ordusunun maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsi istiqamətində davamlı olaraq məqsədyönlü addımlar atılır və bütün bunlar ölkəmizdə həyata keçirilən ordu quruculuğu siyasətinin əsas istiqamətləridir. Ölkə Prezidenti Ordu quruculuğu ilə əlaqədar öz çıxışlarının birində belə demişdir: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.” Qeyd olunmalıdır ki, dövlət başçımızın sərəncamı ilə Azərbaycanda yaradılmış hərbi sənaye kompleksi bu gün mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Ölkəmizdə son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib.”

Bu sözləri 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Azərbaycanın xarici ölkələrlə hərbi sahədə əməkdaşlığı barədə fikirlərini davam etdirərək, deputat bu istiqamətdə Türkiyə, İsrail və Pakistanla tərəfdaşlığın əhəmiyyətindən bəhs edib: “Bu gün qardaş Türkiyə dövlətinin Azərbaycanın ən etibarlı tərəfdaşı, müttəfiqi olması, eləcə də Türkiyə Silahlı Qüvvələrinin peşəkarlığı və döyüş təcrübəsi Azərbaycan Ordusunun da Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılmasına zəmin yaradıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin kiçik modeli kimi yeni keyfiyyət mərhələsinə keçməsi barədə göstəriş verib. Bununla bağlı Azərbaycan Ordusunun təşkilati-ştat strukturu optimallaşdırılıb, idarəetmə təkmilləşdirilib və əməliyyat qabiliyyəti inkişaf etdirilib. Azərbaycan və Türkiyə hərbi əməkdaşlığının perspektivi. İki ölkənin silahlı qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və həyata keçirilən çoxsaylı birgə təlimlər də birlik və əməkdaşlığın önəmli istiqamətlərindəndir. Eyni zamanda İsrail dövləti ilə hərbi əməkdaşlıq Azərbaycanın beynəlxalq hərbi strategiyasında mühüm yer tutur. Son illər bu ölkə ilə hərbi sahədə əməkdaşlıq dinamik inkişaf edir. Azərbaycan İsrailin müdafiə sənayesi şirkətlərindən müasir pilotsuz uçuş aparatları, radarlar, raket sistemləri və sahil mühafizə vasitələri alır. 2005-ci ildən başlayaraq Azərbaycan və İsrail arasında hərbi sahədə fəal əməkdaşlıq aparılır. Həmçinin Azərbaycanın hərbi sahədə və xarici siyasətdə mühüm tərəfdaşlarından biri də Pakistan İslam Respublikasıdır. Pakistan daim beynəlxalq arenada ölkəmizi dəstəkləyir və açıq şəkildə bəyan edir ki, hər zaman Azərbaycanın yanındadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında imzalanmış “İkitərəfli Hərbi Əməkdaşlıq Planı” da iki ölkə arasında hərbi müttəfiqlik effektini yaradır.”

Daha sonra dövlət və xalq qarşısında bütün digər sahələrdə olduğu kimi, ordu quruculuğu məsələsində də Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olduğunu vurğulayan N.Aslanov Ümummilli Liderin bu istiqamətdə atdığı həyati əhəmiyyətli addımlardan bəhs edib: “1969-cu ildə, Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən sonra Azərbaycanda hərbi kadrların hazırlanması prosesinə start verildi. Həmin dövrdə Ümummilli Liderimizin bu istiqamətdə atdığı ən mühüm, ən vacib addımlardan biri əlbəttə ki, 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması oldu. Bu gün həmin hadisələrdən danışarkən SSRİ-nin öz qüdrətinin ən pik həddində olduğu bir vaxtda Azərbaycanda hərbi məktəbin açılmasına nail olmağın necə mürəkkəb, eyni zamanda da riskli bir məsələ olduğunu tam dolğunluğu ilə təsəvvür etmək çox çətindir. Lakin Ulu Öndər özünün mahir diplomatiyası, uzaqgörən siyasəti ilə bu müstəsna əhəmiyyət kəsb edən missiyanın da öhdəsindən gələ bilmişdi. Bu tarixi hadisədən cəmi 20 il sonra öz müstəqilliyini bərpa etmiş Azərbaycanda C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Həmçinin Ulu Öndərin gərgin səyləri nəticəsində o dövrdə azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxumaları, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbulu mümkün olmuşdu. Ümummilli Liderimizin atdığı təkcə bu addımlar artıq Azərbaycanda ordu quruculuğu prosesinin ən əhəmiyyətli tarixi mərhələlərinin məhz Ulu Öndərimizin adı ilə bağlı olduğunu deməyə əsas verir. Lakin Ulu Öndərin bu sahədə gördüyü daha möhtəşəm işlər artıq müstəqillik illərinə təsadüf edir. 1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə ordu quruculuğu işinə start verildi. Ulu Öndərin səyləri nəticəsində 1994-cü ilin may ayında Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Milli Ordumuzun formalaşması prosesi daha da sürətləndi. Bu istiqamətdə əhatəli islahatlar aparıldı, qısa müddət ərzində hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması başa çatdırıldı, Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı. Qısa müddət ərzində Azərbaycan Ordusu böyük inkişaf yolu keçərək, bölgənin ən güclü silahlı qüvvələrinə çevrildi”.

Həmçinin N.Aslanov ölkəmizdə aparılan ordu quruculuğu siyasətinin tərkib hissələrindən birinin də hərbiçilərimizin Vətən müharibəsinin gedişində nümayiş etdirdikləri misilsiz qəhrəmanlıqlarının əbədiləşdirilməsi işinin olduğunu qeyd edib: “Azərbaycanın ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində 2003-cü ildən bəri son dərəcə uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev hər zaman deyirdi ki, mövcud münaqişənin hərbi yolla həlli mümkündür və lazım gələrsə Azərbaycan bu hüququndan istifadə edəcək. 2020-ci il sentyabrın 27-də Silahlı Qüvvələrimiz erməni təxribatlarına birdəfəlik son qoymaq və torpaqlarımızı işğaldan azad etmək məqsədilə hərbi əməliyyatlara başlamaq haqqında Ali Baş Komandanın əmrini aldılar. Əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində tam və qəti qələbə qazanaraq Şanlı Ordumuz tarixi nailiyyətə imza atdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman hərbçilərimizin nümayiş etdirdikləri şücaət və rəşadətin hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Ölkə Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medalları, o cümlədən “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal -“Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə”təsis edilmişdir ki, bu da tarixi Qələbənin əbədiləşdirməsi və iştirakçılara dövlətimiz tərəfindən ayrılan ali diqqətinin bariz təcəssümüdür”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.