Ombudsmandan Qubadlı və Zəngilanda insan qalıqlarının aşkarlanması ilə bağlı AÇIQLAMA

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərə aid olduğu ehtimal olunan növbəti insan qalıqları Qubadlı rayonunun Məlikəhmədli və Zəngilan rayonunun Vejnəli kəndlərində aşkarlanaraq ekshumasiya edilib. Müvafiq orqanlar tərəfindən aidiyyəti tədbirlər görülərək onların şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər aparılacaq.

Sabahinfo,az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Qubadlı və Zəngilanda insan qalıqlarının aşkar olunması ilə bağlı şərhində deyib.

Ombudsman qeyd edib ki, otuz ilə yaxın müddət ərzində işğal altında qalmış Qubadlı və Zəngilan rayonlarında da məzarlıqların aşkarlanması faktı Ermənistan tərəfindən azərbaycanlı əsir, girov və itkin düşmüş şəxslərə qarşı törədilmiş amansız cinayətlərin miqyasının genişliyini göstərir.

"Bu kimi hallar Ermənistanın beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozmasının aşkar sübutlarındandır.

Azad edilmiş ərazilərdə çoxsaylı kütləvi məzarlıqların olması aidiyyəti araşdırmaların aparılmasını və tədbirlərin görülməsini zəruri edir. Ermənistan tərəfi dəfn yerlərinin koordinatlarını təqdim etməsə də, Azərbaycan tərəfi müvafiq araşdırmalarla həmin məzarlıqları üzə çıxararaq itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsinə çalışır.

Bir daha dünya ictimaiyyətini beynəlxalq hüquq və insan hüquqları sahəsində mövcud tələblərin təmini naminə Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4000-ə yaxın azərbaycanlının sonrakı taleyi ilə bağlı məlumatları təqdim etməsi üçün Ermənistana qəti çağırışlar etməyə dəvət edirik", - deyə S.Əliyevə bildirib.

Qeyd edək ki, Qubadlı rayonunun Məlikəhmədli kəndində və Zəngilan rayonunun Vejnəli kəndində Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal olunan insan meyitinin qalıqları ekshumasiya edilib, həmin meyit qalıqları ilə bağlı məhkəmə-tibbi kriminalistik və məhkəmə molekulyar-genetik ekspertizaları təyin edilərək icraya yönəldilib və digər zəruri hərəkətlər yerinə yetirilib. Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən xalqımıza qarşı törədilmiş sülh və insanlıq əleyhinə olan, müharibə, terrorçuluq, qəsdən adam öldürmə və digər cinayət faktları ilə bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 103-cü (Soyqırım), 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə), 120.2.12-ci (Milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə istintaq olunan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.