Oqtay Əsədovdan Prezident İlham Əliyevə yubiley təbriki

Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin doğum günüdür. Cənab Prezidenti təbrik edir, uzun ömür, cansağlığı, uğurlar arzulayıram.

İlham Əliyevin 60 illik ömür yolunun əhəmiyyətli hissəsi Azərbaycan dövlətinə, xalqına xidmətdə keçib. İlham Əliyev Azərbaycanın inkişafını, beynəlxalq aləmdə onun nüfuzunun möhkəmlənməsini təmin edən liderdir.

Ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı kimi bu gün Prezident İlham Əliyev dünyanın ən təcrübəli dövlət başçılarındandır, xalqımızın sevimli rəhbəridir.

İlham Əliyevin hər bir addımı Azərbaycanımızın inkişafı üçün, Azərbaycan xalqının rifahının yaxşılaşdırılması üçün atır. Cənab Prezidentin verdiyi hər bir qərar Azərbaycan dövlətinin milli maraqlarına hesablanır.

Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq İlham Əliyevin həyat fəlsəfəsidir. İlham Əliyevin “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” sözləri onun hər işində təsdiqini tapır. Bu gün təkcə Azərbaycanda yaşayanlar deyil, xaricdəki soydaşlarımız da İlham Əliyevə haqlı olaraq “mənim Prezidentim” deyirlər.

İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın dünyanın siyasi sistemində özünəməxsus yeri var. Artıq dünya ölkələri Azərbaycanla hesablaşır, ona hörmət və ehtiramla yanaşırlar.

Prezident İlham Əliyevin adı tarixə Qarabağı işğaldan azad etmiş sərkərdə, 30 illik münaqişəyə son qoymuş sülhpərvər siyasətçi və diplomat kimi yazıldı. Onun haqqında ən obyektiv proqnoz ulu öndər Heydər Əliyevə məxsusdur: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

İlham Əliyevin 18 ilik prezidentlik fəaliyyəti müddətində onun üçün ən gərgin, həm də ən fərəhli və qürurverici anlar xalqımızın Prezidentin ətrafında birləşərək, düşmən üzərində qazandığı qələbə oldu.

İşğal altındakı torpaqlarımızın qaytarılması ilə nəticələnən 44 günlük Vətən müharibəsi qəhrəmanlıq dastanı kimi yaddaşlara yazıldı. Bu tarixi cənab Prezident yazdı. Ilham Əliyev qalib lider, tarix yazan Prezidentdir.

Dünya qələbəmizlə başa çatan Vətən müharibəsi ilə müstəqil Azərbaycanın gücünü, qüdrətini, bu tarixi uğurların müəllifi olan cənab Prezidentin liderlik bacarığını aydın gördü. Dövlətimizin başçısının “Qarabağ Azərbaycandır və nida” ifadəsi “Dəmir yumruq” əməliyyatında böyük Qələbəmizin rəmzinə çevrildi.

Azad edilmiş ərazilərimiz bu gün nəhəng tikinti meydanına çevrilib. İnanırıq ki, 44 günlük müharibədə qazanılan Qələbə kimi, cənab Prezidentin rəhbərliyi ilə bu işlər də tezliklə başa çatacaq, İlham Əliyevin dediyi kimi, Qarabağ və Zəngəzur cənnətə çevriləcək.

Bir daha Prezident, Ali Baş komandan İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edir, Azərbaycanımızın çiçəklənməsi, inkişafı inkişafı və qüdrətli olması üçün atacağı bütün addımlarda uğurlar arzulayıram.

Oqtay Əsədov
Milli Məclisin deputatı