“Ordumuzun qarşısında Ermənistanın heç bir şansı yoxdur!”

Sentyabrın 12-də Ermənistan ordusunun Azərbaycanla sərhəddə həyata keçirdiyi təxribat erməni hərbçiləri arasında ciddi itkilərə yol açıb. Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev məlum təxribat və bu təxribatı doğuran səbəblərə diqqət çəkib, bunun mümkün nəticələrini şərh edib: “Ermənistan ordusunun ciddi itkilər verməsinin və ümumiyyətlə, sərhəddə baş vermiş təxribatların məsuliyyəti, əsasən baş nazir Paşinyanın üzərinə düşür. Çünki Vətən müharibəsində aldığı ağır məğlubiyyətdən düzgün nəticə çıxarmayan Ermənistan rəhbərliyi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınır. Müxtəlif bəhanələrlə, spekulyativ davranışlarla Qarabağdan silahlı erməni dəstələrini, ağır texnikanı çıxarmır, sərhədlərin delimitasiya, demarkasiya proseslərinə başlamır, kommunikasiyaların açılmasını ləngidir. Əsas məqsəd, vaxt udmaq, yenidən toparlanmaq və vəziyyətin öz xeyirlərinə dəyişilməsinı nail olmaqdır. Təbii, burada ənənəvi olaraq, ermənilərə havadarlıq edən xarici qüvvələri də nəzərə almaq lazımdır. Hansı ki, 100 ildən artıq bir müddətdə ermənilərdən öz geosiyasi maraqlarının təmin olunmasında aktiv şəkildə istifadə etmişlər. Həmin qüvvələr hesab edir ki, Ermənistanla Azərbaycan arasında böyük sülh müqaviləsinin imzalanması, ,,erməni məsələsini,, əbədi olaraq tarixin arxivinə atılması deməkdir. Eyni zamanda, Türkiyə-Ermənistan münasibətləri normallaşacaqdır. Bu baxımdan, regionda dayanıqlı sülhün bərqərar olması, müəyyən xarici güclərin planları ilə uzlaşmır. 44 günlük müharibədən sonra Ermənistan dövləti və cəmiyyəti kəskin psixoz, çaşqınlıq vəziyyətindədir. Dövlət idarəetmə sistemində vahid birliyin olmaması, Moskvada, Brüsseldə və digər yerlərdə keçirilən görüşlərdə əldə olunan razılıqlara rəğmən, tam fərqli davranışların sərgilənməsi, imzalanan sənədlərin məsuliyyətini dərk etməmələri, Ermənistanın əsil mahiyyətinin göstəricisidir. Ermənistan ciddi dövlət olmaqdan çox uzaqdır və hələ də bəzi qüvvələrin əlində maşa rolunu oynamaqda davam edir. Bir neçə saat ərzində, bu qədər canlı qüvvə itirən və külli miqdarda silahı, ağır texnikası məhv edilən Ermənistanın, təxribatçılıq siyasətindən əl çəkməsi, bilavasitə hərbi-siyasi rəhbərliyin növbəti addımlarından asılıdır. Bu ölkə başa düşməlidir ki, Azərbaycanın tələbləri beynəlxalq hüquqa, ədalətə söykənir və öhdəliklərin icra edilməsi, şərtdir. Əks halda, Azərbaycan Ordusu öz sözünü deyəcəkdir. 44 günlük müharibədə sözünü demiş Müzəffər Ordumuzun qarşısında isə, ermənilərin cüzi belə şansları yoxdur”.