Örnək ömür - Bayram Məmmədov yazır

Bir dəfə həmsöhbətlərimdən biri "Tanınmışlar haqqda yazmağa ehtiyac varmı?" - demişdi. Gülümsünmüsdüm. Bu, etiraz idi. Təbəssümümü aysberqi xatırlatmaqla, bir də "Tanınmışlardan yazmaq tanıtma niyyəti deyil, yaşatma niyyətidir", - kəlmələriylə tamamlamışdım. Tanıdığın tanınmışlar haqqında yazmaq həm də ehtiramın ifadəsidir...

Polkovnik İslah Paşayevi yaxşı tanıyırdım. Həm xalqını, dövlətini sevən azərbaycanlı kimi, həm də qohum kimi. Söhbətləri də yaddaşımdadır, nəsihətləri də, tapşırmaları da. Özü də xatırladardı, özüm də xatırlayardım ki, böyüklərin, bu anlamda aqillərin məsləhətini eşitmək, eşidib də ona əməl etmək  mənəvi kamilliyin təzahürüdür.  Onun "Haqqa tapınan ömür" kitabını təkcə tarix haqqında məqalələr kitabı kimi deyil, tarixi kitab kimi oxumuşdum. İşıqlı fikirlərin, bilməli olduğumuz tarixi hadisələrin mahiyyəti digər oxuyanlar kimi mənim də düşüncələrimə hopmuşdu. İslah müəllimin ziyalı, ziyalı-alim sözünə həmişə ehtiramı olub. Bu ehtiramı sevgi biçimli ehtiram kimi yaşadıb, ziyalı, ziyalı-alim kəlamını ömür ülgüsü bilib. O, "Haqqa tapınan ömür" kitabında akademik Ziya Bünyadovun bir fikrini də xatırladır. "Hər bir alim, jurnalist, bütövlükdə qələm çalanlar kəndlərinin, qəsəbələrinin, şəhərlərinin tarixini yazmağa təşəbbüs göstərsinlər...". İslah müəllim təkcə kəndin, regionun tarixini deyil, həm də dövrün tarixini yazıb. Bunları tarixçilər üçün tezis də adlandırmaq olar, elmi məqaləyə tarixi mənbə də. 

Mən İslah Teymur oğlunun ömürlüyündən yazmaq fikrində deyiləm; İslah müəllimin örnək ömür yolu tarixə də yaxşı tanışdır, günümüzün gənclərinə də. Bu ömrün işığı zaman-zaman yüzlərlə ömrün uğuruna işıq olub.

İslah Teymur oğlu təbiəti sevib: Dağların vüqarına, düzlərin genişliyinə, gen kölgəli ağacların göy üzüylə səssiz kəlmələşməsinə, şimşəklərin çaxışına, küləklərin titrəyişinə, yağışın melodik səslənişinə,... aludə olub. Bu aludəlik Vətənə sevgiydi - Vətən sevgisiydi. Ata yurdunu sevməyən kəndini, kəndini sevməyən ölkəsini - Vətənini sevə bilməz; İslah Teymur oğlu Teymur kişinin ocağını, Tatar kəndini sevirdi. Bu sevgi ona kəlam qüdrətində yaşarı, bəşəri fikir yazdırıb: "...Doğma kəndim Tatar Azərbaycan torpağının bir hissəsidir, deməli, Azərbaycan tarixi mənim də kəndimin tarixidir". Bu qəti inam, bu sevgi onun dünyagörüşünün genişliyindən, erudisiyasından, milli-xəlqi ruhumuzun tarixinə bələdlikdən (və buna müqayisəyəgəlməz vurğunluqdan) süzülürdü, süzülə-süzülə kəlmələşirdi, söz biçimində nəsihətə dönürdü. Və bu nəsihət də tarixləşəcək, tariximizi sevənlər belə kəlamları da sevərək yaşadacaq. Yəni İslah Teymur oğlu kəlamlarla kəlamlarda da yaşayacaq...

İslah müəllim insanları sevib, insanlığı sevib-bəşəriliyi sevib. Bu sevgini onun ömrünün uvertürası  bilmək suç olmazdı. Soruşulsaydı "Sən nə üçün yaşayırsan!" - sorğusuna tərəddüd etmədən "Xalqıma, dövlətimə xidmət üçün, insanların ürəyini, könlünü ziyarət üçün, dövlətçiliyimizin işığına sədaqət üçün!" - deyərdi.

Ağdam rayonunun polis rəisiydi. Moskvanın da, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin də erməniliyə münasibəti haqqında İslah Paşayevin yazdıqları əslində, müharibə ərəfəsində yaşanılan reallıqlardır və bu reallıqların ağır (əslində, faciəvi) nəticələrinin arqumentləşdirilməsində tarixi faktlardır. O illərdə, İslah müəllimin yazdığı kimi, "... ermənilər bizim adamlarımızı hər gün güllələyir, öldürürdülər. Ermənilərə törətdikləri qanlı cinayətlərə görə cəza kəsən, söz deyən yox idi. Bizimkilərin isə kiçik bir işini böyütmək onların peşəsi idi...". O dövrün reallığı həqiqətən beləydi.

Ağdamın Muradbəyli kəndinin sakinləri Xocavəndli bir erməni ailəsini (ər-arvadı, dörd uşağı) döyüblər, maşınlarını əziblər. Bu məsələnin səs-sədası, daha dəqiqi, hədəsi Moskvadan gəlib. Azərbaycan Respublikasının Daxili işlər naziri bunu biabırçılıq adlandırır. Qəribədir, biabırçılıq nə idi və kimin yanında utanc yaradacaqdı? Biabırçılıq deyildi, yüksək vəzifəlilərin kreslosunun titrəyişinə vəsilə ola biləsi hadisə idi. Onda İslah Paşayev nazirə cavab olaraq deyir ki, ermənilər hər gün iki-üç azərbaycanlını qətlə yetirir, ev-eşiyini yandırır. Bunlar haqqında sizə gündəlik məlumat verilir, heç səsiniz çıxmır, indi 2-3 erməni döyülüb deyə respublika bir-birinə dəyib...

Bir erməni ailəsinin - Ovanesyanların döyülməsi hadisəsi ilə bağlı SSRİ Daxili İşlər Nazirliyindən Oleq Qromov üç nəfərlə Ağdama gəlir, İslah müəllimin cəsarəti, məntiqli izahatı (və savadı) gələnlərin hadisəyə real, gerçək münasibət bildirməsini təmin edir, araşdırmalar Ağdam polisinin (deməli, Azərbaycan Respublikasının) günahsızlığını təsdiqləyir. Yəni Moskva rayon polis idarəsinin rəisi olan  İslah Paşayevin qətiyyətli mövqeyi, azərbaycançılığı, milli-mənəvi kamilliyi hesabına Azərbaycana qarşı yeni bir ittiham yürüdə bilmir.

İrəvandan Xankəndinə gedən sərnişin avtobusları Qərvənd kəndindən keçəndə camaat irəlidəki avtobusu daşa basır. Xalqın erməniliyə qəzəbinin təzahürü kimi...

Səhərisi gün Ağdama sərnişin avtobusuna atılan 4-5 daşa görə SSRİ Daxili İşlər nazirinin birinci müavini, İstintaq Baş İdarəsinin rəisi general-polkovnik İvan Şilovun rəhbərliyi ilə böyük bir istintaq qrupu gəlir.

Onda İslah Teymur oğlu nə gələnlərin tərkibindən çəkinir, nə vəzifələrindən, nə də rütbələrindən. Hadisə ilə bağlı müfəssəl məlumat  verdikdən sonra ittiham həddində deyir:

- ...Ermənilər bizim öz torpaqlarımızda hər gün azərbaycanlılardan neçəsini öldürür, yaralayır, əmlakını dağıdır, istədikləri hərəkətləri edirlər. Bütün bunlar barədə dərhal Respublika və SSRİ Daxili İşlər Nazirliklərinə məlumat verirdik, amma əhəmiyyət verən, maraqlanan yoxdur. Ermənilərin avtobusuna daş atılıb, bütün Sovet İttifaqı qalxıb ayağa. Bəs azərbaycanlıların hüquqlarını kim müdafiə edəcək, məgər onlar da SSRİ vətəndaşı deyillərmi?

Bu, ittiham idi!

Bu, xalqın adından deyilən ittiham idi!

Vəzifəsindən uzaqlaşdırılacağından, digər səbəbsiz səbəblə ittihama cəlb oluna biləcəyindən çəkinməyən, milli heysiyyəti, qətiyyəti, xalqın adına layiq səviyyədə yaşadan polis zabitinin ittihamı! Gələnləri bu ittihamla qarşılayan cəsarətli polis rəisi onlara son bir gündə ermənilərin törətdikləri cinayət hadisələri haqqında da dəqiq məlumat verir. - Şilova və Azərbaycan KP MK-nin katibi Rafiq Zeynalova.

Bunlar Moskvadan gələnlərin də, Rafiq Zeynalovun rəhbərliyiylə Bakıdan gələnlərin də qərəzini azaldır, azaltmaqla tamamlanmır, aradan qaldırır. Budur o illərdə erməniliyin küyünə düşən Moskvanın yaratmaq istədiyi cinayət şəbəkəsinə qarşı təkbaşına cəsarətli mövqenin təntənəsi, İslah Paşayevin timsalında vətənpərvərliyin qələbəsi! Təəssüf ki, bu qətiyyəti, bu qələbəni Azərbaycan KP MK qətiyyətlə davam etdirə bilmədi; "düşmən dəyirmanına su tökənlər" daha da fəallaşdılar...

Polkovnik İslah Paşayevin Ağdamda xidmət etdiyi o ağır, çətin şəraitdə belə hadisələr çox olub. İctimaiyyət bunları əhatəli şəkildə bilmədiyindən bu cəfakeş zabitin, xalqımızı, dövlətimizi dəruni sevgilərlə sevən zabitin mənəvi dünyasına necə bələd ola bilərdi? Haqqa tapınan ömrüylə həmişə haqqın yanında oldu İslah Teymur oğlu.

Başlanğıcı 1932-ci ilin may ayı olan duru bir ömür yaşadı. Belə ömürlərin başlanğıcı bəllidir, sonu yoxdur - sonu əbədiyyətdir.

1958-ci ildə İndiki İqtisad Universitetini (1980-ci ildə isə SSRİ Daxili İşlər Nazirliyi Akademiyasının Rostvov filialını) bitirən, rayon Komsomol Komitəsinin katibi seçilən, fəallığına, siyasi səbatlığına görə Daxili İşlər orqanlarına xidmətə göndərilən, İslah Teymur oğlu 1961-ci ildən 1992-ci ilədək Zəngilan Rayon Daxili  İşlər şöbəsində SƏDM xətti üzrə  əməliyyat müvəkkili, Göranboy Rayon Daxili  İşlər şöbəsində rəis müavini, Gəncə Şəhər Daxili İşlər İdarəsi cinayət-axtarış şöbəsinin rəisi, Göranboy, Göyçay, Ağdam və Xacmaz rayonlarında Polis idarəsinin rəisi vəzifələrində  xidmət etdiyi müddətdə dövlətçiliyin cəfakeşi olub.

1993-cü ildə təqaüdə çıxan polkovnik İslah Paşayev yaxşı bələd olduğu tariximizin işığında həm yaxın keçmişimizin, həm də yaşadığı dövrün, bu sıradan Birinci Qarabağ müharibəsinin tarixini yazıb. Tarixçi kimi yox, tarixi faktlara istinadən vətənpərvər kimi, jurnalistikanın bütün yaradıcılıq şərtlərinə əməl edilməklə yazıb. Bu yazıların publisistik səviyyəsi diqqətçəkəndir, oxunaqlıdır, könüləyatımlıdır, deməli, gərəklidir...

İslah Paşayev yüksək rütbəli polis zabitiydi, dövlətçiliyimizi qoruya-qoruya xalqımızın zaman anlamında dünənlərinin də mühafizəkarıydı.

İslah Teymur oğlu dürüst düşüncəli vətəndaş idi. Bu düşüncələrin mahiyyətində Vətən olardı, xalq olardı, dövlət olardı, dövlətçilik olardı.  Tabeçiliyində olanlara deyərmiş ki, yerinə yetirdiyiniz iş sizin vəzifə borcunuzdur, vətəndaşlıq borcunuzu da həmin məsuliyyətlə yerinə yetirin ki, sonralar özünüz-özünüzü qınamayasınız. Həm də deyərmiş ki, vətəndaşlıq borclarını Vətənə, dövlətçiliyə sədaqətlə yerinə yetirməyənlərin yaxşı işçi olmasına inanmamışam, inanmaram da. Fikrinə qüvvət kimi böyük Nizaminin misralarını xatırladarmış:

 

Çalış öz xalqının işinə yara,

Geysin əməlindən dünya zər-xara.

 

...İslah Teymur oğlu ədəbiyyatımızı sevirdi, bu sevgi həm də ədəbiyyat tarixinə olan sevgiydi. Mir Möhsün Nəvvabın yaradıcılığına bələdlik, həm də bu yaradıcılığı haqqında gözəl fikirlər bildirmək  - fikrimin təsdiqi zəmanətləridi.

İslah Teymur oğlu etnoqrafiyaya, şəcərəşünaslığa da vaqif idi. "Haqqa tapınan ömür" kitabında nəsil şəcərəsinin tərtibi, tərtibin elmiliyi onun erudisiyasının səviyyəsinin göstəricisidir, şübhəsiz.

İslah Paşayev məsuliyyətli ata idi. Övladlarını Vətənin övladı kimi böyütmüşdü...

Bu yazı 2022-ci il aprelin 5-də əbədiyyətə qovuşan dəyərli vətəndaşa, hamımızın sevdiyimiz insana, ağsaqqalımıza vida sözüdü. Onun işıqlı ömrünün nuru mənim də ömrümdə var - minlərdən biri kimi mən də o işığı unuda bilmərəm, unutmaram...

Vida sözümü hamımıza əziz olan ruhuna salavat bilirəm, İslah müəllim. Həyat sevginlə, xalqa, Vətənə sevginlə sən gerçək müəllim idin...

Ruhun şad olsun!..