Orta dəhliz: Zəngəzurdan keçəcək vacib xətt: Azərbaycanın strateji hədəfi

Prezident İlham Əliyev ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında çox mühüm məqamlara toxundu. Dövlət başçısı vurğuladı ki, Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri olmalıdır. Təbii ki, təhlükəsizlik və iqtisadi idarəetmə bacarığı olmadan regional əhəmiyyətə malik Orta Dəhlizin tam istismara verilməsi mümkün deyildir. Azərbaycanda uzun illərdir mövcud olan sabitlik, dinamik investisiya mühiti ölkəmizin inkişafı üçün başlıca amil hesab edilir.

Azərbaycanın beynəlxalq arenada ciddi tərəfdaş imici qazanması, əldə etdiyi uğurlar daxildə düzgün iqtisadi-siyasi konsepsiyanın əsasında mümkün olub. Güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və siyasi hədəflərin proqnozlaşdırılması mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulmasına səbəb olur. Ölkəmizin əlverişli coğrafi mövqedə yerləşməsi, Avropa ilə Asiyanın arasında  Azərbaycanın mühüm iqtisadi və siyasi tərəfdaş kimi vacib amilə çevirib. Azərbaycan eyni zamanda infrastrukturun inkişafına uzun illər ərzində sərmayə yatıran ölkədir. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi kimi vacib kommunikasiya xəttinin formalaşması bu mənada xüsusi önəm kəsb edir. Paralel olaraq formalaşan nəqliyyat marşrutları Xəzər regionunun bütün ölkələrinin inteqrasiya olunmasına imkan verir. Bu baxımdan ölkəmiz Türkmənistandan daxil olan yüklərin daşınması üçün vacib tranzit bölgəsi statusu əldə edib. Bir məqamı xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan və Türkiyənin dost və qardaş ölkələr olması, dünya üçün örnək münasibətlər sərgiləməsi bəzi dairələr tərəfindən qısqanclıqla qarşılanır.

Ötən il Şuşada Azərbaycanla Türkiyə arasında imzalanan Müttəfiqlik Bəyannaməsi münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu söyləməyə imkan verir. Sözsüz ki, iki qardaş ölkə arasında əməkdaşlıq bundan sonra yüksələn xətt üzrə inkişaf edəcək. Bu birlik regional sabitliyin və inkişafın mühüm təminatıdır. Türkiyə ilə Azərbaycan arasında iş birliyi və birgə fəaliyyət bölgədə sabitliyin möhkəmləndirilməsinə xidmət edir. Müdafiə, təhlükəsizlik sahəsində də iki qardaş ölkənin atmış olduğu addımlar regional sabitlik üçün olduqca vacibdir. Azərbaycan və qardaş Türkiyəyə qarşı məkrli planlar düşünənlər unutmasınlar ki, bu birlik istənilən hücumu, təhdidi dəf etmək gücündədir. Məkrli qüvvələrə xəbərdarlıq olaraq Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Türkiyə Ordusu elə Azərbaycan Ordusu deməkdir.

Mətanət Səfərli,

YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı