"Özünə başqa ünvan axtar!"

"Jirinovski müasir Rusiya siyasətində qeyri-ciddi, ifrat millətçi, utanmadan populist şoular göstərən bir təlxək kimi qəbul olunmuş şəxsdir".

Bunu Sonxeber.az-a açıqlamasında deputat Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, onun növbəti axmaq sayıqlamaları Azərbaycan xalqı ilə yanaşı, keçmiş SSRi respublikalarının bir çox xalqlarına ünvanlanıb:

"Jirinovski kimi partiya rəhbəri olan ölkəyə başqa düşmən lazım deyil. Onun kimilərinin apardığı təbliğat nəticəsində bir çox xalqların şimal qonşumuzla münasibətləri düşmənçilik həddinə çatıb. Milli kimliyini ictimaiyyətdən gizli saxlayan Vladimir Volfoviç əksər çıxışlarında digər millətləri aşağılamaqla, ölkələri raketlərlə hədələməklə özünə reytinq qazanır. Ən böyük arzusu keçmiş Rusiya imperiyasına daxil olan xalqların kölə vəziyyətində yaşaması və loyal vassala çevrilməsidir. O, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı müstəqil siyasəti və müharibədə əldə etdiyimiz möhtəşəm qələbəni həzm edə bilmir, Azərbaycan-Türkiyə-Pakistan formatında hərbi-siyasi-iqtisadi əməkdaşlığı təhlükə olaraq görür.

Rusiyada, ümumiyyətlə bütün dünyada Jirinovskinin öz sözünü yox, müəyyən səbəblərdən başqalarının ifadə etmədiyi fikirləri həyasızcasına dilə gətirdiyi hər kəsə bəllidir. Ancaq o başa düşməlidir ki, Azərbaycan artıq 90-cı illərin zəif ölkəsi deyil, heç kimdən asılı olmayan, güclü dövlət idarəetmə sisteminə və orduya malik ölkədir. Hansısa "5-ci kolon"un və yaxud xaricdən maliyyələşən dairələrin təşkil etdiyi dəyişiklikləri Azərbaycan xalqı qəbul etməz. Cəmiyyət istənilən anda vahid yumruq kimi Prezident İlham Əliyevin ətrafında birləşmə bacarığını bütün dünyaya nümayiş etdirdi".

Deputat Volfoviçə Rusiyanın Cənubi Qafqaz regionunda ən etibarlı, yeganə tərəfdaşı olan Azərbaycanla dostluq münasibətlərinə erməni dostlarının təhriki ilə düşmənçilik toxunlarını səpməməyi məsləhət görərək bu sözləri ünvanlayıb:

"Sən dediyin variantlar Azərbaycanda keçməz. Özünə başqa ünvan axtar!"