Peşə təhsilinin diqqətdə saxlanması rayonun sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək

Milli Məclisdə müzakirə olunan 2026-cı il dövlət büdcəsi sosial rifahı, insan kapitalının inkişafını və iqtisadi dayanıqlığı prioritetləşdirən mühüm bir sənəddir. Xüsusilə təhsil, səhiyyə və sosial müdafiə sahələrinə ayrılan vəsaitlərin artırılması dövlət siyasətinin strateji istiqamətlərini aydın şəkildə nümayiş etdirir. Bununla belə, ayrılan resursların səmərəli istifadəsinin təmin edilməsi və nəticəyönümlü idarəetmə mexanizmlərinin gücləndirilməsi vacib məsələ olaraq qalır.

Müzakirələr göstərir ki, büdcənin əsas prioritetləri ölkəmizin strateji inkişaf xəttinə tam uyğundur. Bu kontekstdə xüsusilə diqqət çəkən istiqamətlərdən biri təhsil sahəsidir. İnsan kapitalına edilən hər bir investisiya həm iqtisadi dayanıqlığa, həm də cəmiyyətin gələcək inkişafına birbaşa təsir göstərir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə müəllimlərin sosial müdafiəsi gücləndirilir, yeni məktəblər tikilir və mövcud təhsil müəssisələri əsaslı şəkildə yenidən qurulur, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl addımlar atılır. Ali təhsildə həyata keçirilən islahatlar, universitetlərin beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsi, müasir təhsil proqramlarının tətbiqi və rəqabətədavamlı kadr hazırlığı ölkəmizin elm və təhsil məkanında mövqeyini daha da gücləndirir.

Eyni zamanda, müasir dövrün tələblərinə uyğun inkişaf edən istiqamətlərdən biri peşə təhsilidir. Bu baxımdan böyük məmnunluqla qeyd etmək istəyirəm ki, cari tədris ilində Qobustan rayonunda İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusu istifadəyə verilmişdir. Artıq Qobustanda müasir peşə təhsili sistemi fəaliyyət göstərir və gənclərin əmək bazarında tələb olunan ixtisaslara yiyələnməsi həm onların gələcəyinə, həm də rayonun sosial-iqtisadi inkişafına mühüm töhfə verir.

İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusunun istifadəyə verilməsi münasibətilə Qobustan seçiciləri adından bu işdə əməyi olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, Peşə Təhsili üzrə Dövlət Agentliyinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, eləcə də Qobustan Rayon İcra Hakimiyyətinə təşəkkürümü bildirirəm.

Şahin Seyidzadə
Milli Məclisin deputatı