Pirallahıda Mətbuat küçəsi təmir edilir - VİDEO

Bakının Pirallahı rayonunun Pirallahı qəsəbəsində Mətbuat küçəsinin əsaslı təmiri aparılır.

Bu barədə Sabahinfo.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 435 metr uzunluğa malik küçədə torpaq yatağının eni 8, yolun hərəkət hissəsinin eni 6 metrdir. Sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi. Aparılan əsaslı təmir işləri ilə bu problem aradan qaldırılacaq.

Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının tikintisi və küçənin profilə salınması işləri görülüb.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonuncu mərhələdə yeni asfalt-beton örtüyünün döşənməsi, avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

Yenidənqurma işləri tərtib olunmuş qrafikə və texnoloji ardıcıllığa uyğun şəkildə icra olunur.