Polşada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü 20 dekabr 2021 tarixində Polşa Respublikasının Krakov şəhərində Hüseynqulu xanın nəticəsi, bəstəkar Emin Sabitoğluna həsr olunmuş tədbir proqramı ilə qeyd edildi. Azerforum.com xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Polşa Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfirliyinin maliyyə dəstəyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Mərkəzi Avropa ölkələri üzrə Ticarət Nümayəndəsi Aparatı, Varşavada yerləşən Azərbaycan Ticarət Evinin Azərbaycan Məhsulları təminatı ilə Polşa Azərbaycanlıları Şurası və Xarı Bülbül Mədəni dərnəyinin birgə təşkilatçılığı ilə baş tutmuşdur.
Tədbirdə açılış sözünə Xarı Bülbül Mədəni Dərnəyinin rəhbəri Muxtar Şeyxzamanlı başlamış, daha sonra Polşa Azərbaycanlıları Şurasının idarə heyətinin üzvü Nicat Həsənli davam etmişdir. 
Gecədə Krakov Azərbaycan İcması, Polşa Azərbaycanlıları Şurası, Azərbaycan Respublikasının Polşa Respublikasındakı konsulu və eyni zamanda səfirlik nümayəndələri iştirak etmişdir.
Bayram şənliyində Emin Sabitoğlunun musiqiləri, milli oyun havalarımız, rəqslərimiz nümayiş olundu, Azərbaycan mətbəxi nümunələri xaricdə yaşayan həmvətənlərimizə təqdim edildi.
"Tədbirdə iştirak etmiş və bizə dəstək olmuş hər bir kəsə təşəkkür edirik. Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edirik",-deyə tədbir iştirakçıları bildiriblər.