Prezident İlham Əliyev: “Biz öz torpağımızdayıq, Qaragöl də bizimdir,  başqa yerlər də bizimdir”

Azərbaycan Respubikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın həm döyüş meydanında, həm də diplomatik danışıqlar nəticəsində qazandığı möhtəşəm zəfər Azərbaycan xalqının tarixi qələbəsini əbədiyyətə qızıl hərflərlə həkk etdi və bu hər birimizdə böyük qürur, fəxarət hissi yaratdı. İkinci Qarabağ müharibəsi Şanlı Zəfərimiz kimi tarixdə əbədi qalacaqdır.

Azərbaycanın inamlı tarixi Qələbəsi, Ermənistanın rüsvayçı kapitulyasiyası nəticəsində Kəlbəcər, Laçın və Ağdam rayonlarının hərbi əməliyyatlar aparılmadan işğalçılardan azad edilməsi isə müharibələr tarixində çox az təsadüf olunan unikal hadisələrdən biri kimi dünya tarixində öz yerini aldı.

Azərbaycan artıq işğaldan azad olunan torpaqlarda abadlıq-qurucuqluq, viran qoyulmuş ərazilərin yenidən qurulması, kəsilmiş, yandırılmış nadir meşə zolaqlarının dirçəldilməsi, tarixi ata-baba yurdlarımızda xalqımızın mədəni, dini irsinin bərpası işlərinə start verib. Cənab Prezidentin bu torpaqlara səfəri əlbəttə ki, bu ərazilərin yaxın vaxtlarda dirçələcəyindən, yeni görünüş qazanacağından xəbər verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın müharibədən sonra Kəlbəcərə ilk səfərləri zamanı Cənab Prezident burada Kəlbəcərin bərpası, yenidən qurulması prosesinə start verərək, reallaşacaq bir neçə layihənin təməlini qoydu.

Dövlət başçısı qarşımızda duran əsas məqsədləri də müəyyən edərək, bu hədəflərə tezliklə nail olacağımıza dair əminliyi ifadə etdi: “İndiki mərhələdə bizim əsas vəzifəmiz müharibənin nəticələrini möhkəmləndirməkdir, azad edilmiş torpaqlarda möhkəmlənməkdir. Azərbaycan-Ermənistan sərhədində bundan sonra da mövqelərimizi gücləndirməkdir. Yenidənqurma, bərpa işlərinə artıq start verilib, bu da əsas vəzifələrdən biridir. Keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmaq da gündəlikdə duran məsələdir. ... Beləliklə, biz bundan sonrakı əsas hədəfləri düzgün müəyyən edərək, bu hədəflərə çatmağa da nail olacağıq. Biz bu gün buradayıq, Kəlbəcərdəyik, Azərbaycanın çox gözəl guşələrindən biri olan Kəlbəcərdəyik və biz bundan sonra burada əbədi yaşayacağıq.”. Əlbəttə ki, ölkə başçısı cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib və ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Ölkəmizlə bağlı dərc edilən hər bir yazıda Azərbaycanın işıqlı sabahı aydın görünür. Ölkə başçısının imzaladığı sərəncamlar, verdiyi qərarlar, apardığı islahatlar Azərbaycanın bu gününə və parlaq gələcəyinə hesablanıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın səfər çərçivəsində Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunelin təməlini qoyması, tamamilə yenidən qurulan Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası ilə tanış olması, 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışında iştirak etməsi, uzunluğu 72,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunun üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin, Laçın Beynəlxalq Hava Limanının təməlini qoyması bir daha Qarabağ və Şərqi Zəngəzurun cənnətə çevrilməsi prosesinin sürətlə reallaşdırıldığını isbat edir və Azərbaycan dövlətinin iradəsini nümayiş etdirir.

Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq. Bir sözlə, gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq.

Bölgəyə səfəri zamanı ölkə başçısı bildirmişdir ki: “Biz pilot layihələr kimi Kəlbəcər və Laçın rayonlarının arıçılıqla və heyvandarlıqla məşğul olan sakinlərini buraya göndərdik, ezam etdik, şərait yaratdıq ki, onlar işə başlasınlar və artıq bu işlərə də start verildi”. Dövlət başçısı yol infrasturukturuna da diqqəti çəkdi və artıq daxili əhəmiyyət daşıyan 700 kilometr uzunluğunda yolların çəkilişi prosesinin getdiyinin də vurğuladı: "Mən hələ əsas şəhərlərarası yolları kənara qoyuram, o layihələr haqqında kifayət qədər məlumat verildi. Bizim sərhədlərə gedən 700 kilometr yolların çəkilişi prosesi gedir və artıq qış gələnə qədər bu işin təqribən 80 faizi görüləcək. Yəni, torpaq, çınqıl örtüklə döşənmiş yollar və bu, bizə imkan verəcək ki, həm hərəkət üçün, həm hərbi nöqteyi-nəzərdən bu bölgələrdə daha da möhkəmlənək”.

Həyata keçirilən layihələr, görülən işlər işğaldan azad olunan ərazilərimizdə tezliklə yeni həyatın canlanmasından xəbər verir. Bu ərazilər müasir standartlara uyğun olaraq qurulacaq, dağıdılmış və talan edilmiş məkanlar bərpa edilərək dayanıqlı və davamlı iqtisadi fəallığının təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşdırılacaqdır.

Bu gün hər birimiz Prezident İlham Əliyevlə qürur duyuruq. Cənab Prezidentin hər çıxışında səsləndirdiyi fikirlərdəki qətiyyət, Azərbaycan xalqının iradəsini ifadə edən cümlələr, xalqımızın tarixinə, soy-kökümüzə, milli-mənəvi dəyərlərimizə sadiqliyi, düşmənə verdiyi layiqli cavablar hər birimizi qürurlandırır: “Biz, eyni zamanda, Kəlbəcər, Laçın istiqamətində dövlət sərhədimizi möhkəmləndiririk. Bu sərhəd 30 ilə yaxın müddət ərzində ermənilərin əlində idi və biz may ayında qarlar əriyəndən sonra bu sərhədlərə çıxmışıq, öz mövqelərimizi tutmuşuq, Zəngəzurda yerləşmişik və orada möhkəmlənirik. Bu, bizim torpağımızdır. Ermənistan tərəfindən səslənən fikirlər tamamilə əsassızdır. Biz öz torpağımızdayıq, Qaragöl də bizimdir, başqa yerlər də bizimdir. Biz gəlmişik. ... Biz düz yerdə durmuşuq, harada lazımdır, orada durmuşuq və əgər istəsək, harada lazım bilsək, orada da duracağıq. Onu heç kim unutmasın. Ona görə indi Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının xətti ilə bütün sərhəd boyunca - Murovdağdan ta Araz çayına qədər bütün sərhəd infrastrukturu, hərbi hissələr yaradılır, biz bu sərhədlərdə möhkəmlənirik.”

Biz Liderimizin, müzəffər Ali Baş Komandanımızın gücünü, siyasi iradəsini yalnız sözlərdə deyil, eyni zamanda məğrur qamətində, qürurlu addımlarında və Şanlı Azərbaycan bayrağını fəxarətlə ucaltdığı hər məqamda hiss edirik, görürük. Güclü Lider, güclü Azərbaycan deməkdir. Yaşasın Qalib Sərkərdəmiz İlham Əliyev! Yaşasın məğrur, qəhrəman Azərbaycan xalqı! Qarabağ və Şərqi Zəngəzur Azərbaycandır!

Nəbiyeva Bəyim Azər qızı

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının baş məsləhətçisi