Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlar qürurvericidir

Hər bir ölkənin inkişafında, beynəlxalq nüfuzunun artmasında, uğurlu siyasət yürüdə bilməsində dövlət başçılarının, siyasi liderlərin müstəsna rolu var.

Çünki ilk növbədə onların uğurlu idarəçiliyi mənsub olduqları dövlətin yüksəlişini şərtləndirən əsas amil hesab olunur. Bu gün adı dünyanın ən nüfuzlu siyasətçiləri sırasında çəkilən Azərbaycan Prezidenti İlham Əliyev də qlobal miqyasda bu cür qəbul edilən siyasi liderlərdən və görkəmli dövlət xadimlərindəndir.

Təsadüfi deyil ki, Heydər Əliyev siyasətinin ən layiqli davamçısı kimi İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, qətiyyətli, məqsədyönlü siyasət nəticəsində Azərbaycan ötən 18 il ərzində müstəqillik tarixinin olduqca möhtəşəm nailiyyətlərinə imza ataraq, dünyada inkişafın yeni nümunələrini, yeni modellərini yaradıb. 18 il bir dövlətin tarixində o qədər də uzun zaman kəsiyi sayıla bilməz. Lakin bu illər ərzində cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın keçdiyi yüksəliş yolu olduqca qürurvericidir. İqtisadiyyatımızın 3 dəfə artması, valyuta ehtiyatlarımızın 50 milyard ABŞ dollarını keçməsi, kosmosa 3 peykin çıxarılması, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, “Cənub qaz dəhlizi”nin çəkilməsi, qeyri-neft sektorunun inkişafı, bütün regionların tərəqqisi, bölgələrdə minlərlə istehsal müəssisəsinin yaradılması, Azərbaycanın regionun turizm mərkəzlərindən birinə çevrilməsi, vətəndaşların sosial rifahının yüksəldilməsi istiqamətində baş verən kardinal dəyşikliklər 18 ildə yüksəlişi xarakterizə edən uğurların bir hissəsidir.

Yerləşdiyi regionun lider dövləti olan Azərbaycanın həm də beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi, söz və nüfuz sahibinə çevrilməsi dünya miqyasında qəbul edilən reallıqdır. Bu reallığı təsdiq edən bir çox amilləri sadalamaq mümkündür ki, bunlardan ən başlıcası Prezident İlham Əliyevin yeritdiyi müstəqil siyasətdir. Azərbaycan Prezidentinin müstəqil xarici siyasəti dünyanın güc mərkəzləri və böyük ölkələri tərəfindən hörmətlə qarşılanır və qəbul edilir. Təsadüfi deyil ki, respublikamız nüfuzlu beynəlxalq təşkilatlarla, aparıcı siyasi, iqtisadi və humanitar dairələrlə sıx əlaqələr qurub və onların böyük hörmətini qazanıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasına uyğun olaraq ölkəmizdə idman sahəsində də böyük uğurlar əldə olunub. Bu illər ərzində respublikamızın bütün bölgələrini əhatə edən 40-dan artıq Olimpyia İdman Kompleksi, yüzlərlə idman qurğusu inşa olunub. Gələcəyə hesablanmış idman siyasəti ölkəmizdə sağlam nəsil və böyük idmançı ordusu formalaşdırıb. Dövlət tərəfindən göstərilən diqqət idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb.

Bütün bunlar Azərbaycanda həyata keçirilən idman siyasətinin, həmçinin idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğının məntiqi nəticəsidir. İdmanımızın tarixinə şanlı səhifələr yazılıb, xüsusən olimpiya hərəkatının inkişafında böyük canlanma müşahidə olunub.  Eyni zamanda Azərbaycan idman dövləti kimi tanınmağa başlayıb.

Ötən ilin Vətən müharibəsində qazanılan Qələbə isə İlham Əliyevin bir siyasi lider kimi qətiyyətinin və iradəsinin təntənəsidir. 30 ilə yaxın işğal altında olan torpaqlarımızın, xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin fəaliyyətinin Zəfər zirvəsidir. Məhz Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və xalqın öz rəhbəri ətrafında sıx həmrəyliyi bu Zəfəri bizə bəxş etdi.

Prezident İlham Əliyevin xalqımıza və dövlətimizə bəxş etdiyi uğurlar isə davamlıdır. Bu gün Azərbaycan Prezidenti Vətən müharibəsindəki Zəfəri diplomatik müstəvidə, işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması istiqamətində qətiyyətlə davam etdirir. Soçi və Brüsseldə keçirilən görüşlər də bunu təsdiq etdi. Bu şərəfli yolda möhtərəm İlham Əliyevə uğurlar arzu edirik. Əminik ki, bundan sonrakı inkişaf mərhələsində də cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın növbəti qürurdoğuran yüksəliş salnamələri yazılacaq.

 

Könül NURULLAYEVA,

Milli Məclisin deputatı