Prezident seçkiləri süveren dövlətimizin bütün ərazisini əhatə edəcək

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2024-cü il 7 fevral tarixində Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq  seçkilər ərazi bütövlüyünü təmin etmiş, suveren dövlətimizin bütün ərazisini əhatə edəcək. Bu baxımdan dövlətimiz adına mühüm hadisəni zəfər seçkisi də adlandırmaq olar. Xankəndi, Şuşa, Laçın, Kəlbəcər və digər azad edilmiş rayon və kəndlərimizdə yaradılmış seçki məntəqələrində 20 minədək əhalimiz ilk dəfə olaraq səs verəcək". Olaylar xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Müşfiq Məmmədli sosial şəbəkə hesabında paylaşım edib. M. Məmmədli qeyd edib ki, bu dəfə də Azərbaycan xalqı öz mövqeyini ortaya qoyacaq:  "Birmənalı olaraq indidən qeyd etmək istərdim ki, xalqımız Qarabağı Azərbaycana qovuşduran, dədə-baba torpaqlarımızın həsrətinə son qoyan Müzəffər Ali Baş Komandan, qalib sərkərdə İlham Əliyevə tam dəstək göstərərək xalqın layiqli liderinə səs verəcəkdir. Bu seçkilər həm də xalqın öz rəhbərinə olan sevgisini bildirmək üçün gözəl bir fürsətdir. Bəzi destruktiv, məhdud potensiala malik, qərəzli mövqe tutan, partiya üzvlərinin sayı 5000-ni keçməyən, köpük effekti yaradaraq özünü dırnaqarası lider hesab edənlər növbəti dəfə iflasa uğrayacaq. Xalq və İlham Əliyev birliyinin gücü qarşısında tarixin zibilliyinə yuvarlanacaqdır!"