Prezidentdən açıq mesaj: Ya xidmət, ya get

“İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan təkcə ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda yeni bir siyasi-idarəetmə mərhələsinə qədəm qoydu. Müharibədən sonrakı reallıqlar ölkənin regional və qlobal proseslərdə passiv müşahidəçi deyil, fəal aktor kimi çıxış etdiyini təsdiqlədi. Bu status isə təbii olaraq dövlət idarəçiliyində yeni hədəflər, daha mürəkkəb çağırışlar və keyfiyyətcə fərqli yanaşmalar tələb edir”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məcisin VI çağırış deputatı İltizam Yusifov deyib.

Deputat deyib ki, məhz bu kontekstdə idarəetmənin effektivliyinin artırılması, kadr siyasətinin yenilənməsi və çevik institusional mexanizmlərin yaradılması zərurətə çevrilib: “Prezident İlham Əliyevin yanvarın 5-də yerli media orqanlarına verdiyi müsahibə bu proseslərin artıq konseptual mərhələdən praktik icraya keçdiyini açıq şəkildə göstərdi.

Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən xüsusi nümayəndəlik institutu təkcə alternativ idarəetmə modeli deyil, eyni zamanda dövlətin məmura verdiyi etimadın sərt sınağıdır. Prezidentin açıq mesajı ondan ibarətdir ki, bu model özünü doğruldarsa, ölkənin digər regionlarında da tətbiq olunacaq.

Bu yanaşma iki mühüm məqamı üzə çıxarır: Dövlət idarəçiliyində eksperimentlər yox, ölçülə bilən nəticələr əsasdır; etimad göstərilsə də, nəticə ilə təsdiqlənir.

Xüsusi nümayəndəlik modeli idarəçilikdə çevikliyi, məsuliyyətin fərdiləşdirilməsini və mərkəzlə region arasında birbaşa əlaqəni gücləndirir. Bu isə klassik icra strukturlarında uzun illər formalaşmış bürokratik inertliyi aradan qaldırmaq üçün real mexanizm kimi çıxış edir”.
O əlavə edib ki, son illərdə gənc kadrların, o cümlədən gənc icra başçılarının irəli çəkilməsi Prezidentin şəxsi siyasi iradəsinin nəticəsidir: “Lakin dövlət başçısının müsahibəsində vurğuladığı əsas məqam ondan ibarətdir ki, gənclik toxunulmazlıq statusu deyil.
Problem yalnız yaşda deyil. Əsas problem idarəçilik mədəniyyətinin olmaması, vətəndaşla ünsiyyət bacarığının zəifliyi, sahibkarlara təzyiq, vəzifədən şəxsi maraqlar üçün istifadə, qanundan sui-istifadə  və pozması vərdişidir.

Bu yanaşma açıq şəkildə göstərir ki, dövlət üçün prioritet meyar sadiqlik yox, peşəkarlıqdır; əlaqələr yox, nəticədir; status yox, xidmətdir.

Prezident İlham Əliyevin idarəçilik konsepsiyasının mərkəzində bir əsas prinsip dayanır: məmur vətəndaş üçün var. Bu, təkcə siyasi tezis deyil, dövlət idarəçiliyinin fəlsəfi əsasını təşkil edən prinsipdir.

Dövlət başçısının dəfələrlə vurğuladığı kimi: məmurun işi biznes qurmaq deyil, vəzifə şəxsi qazanc alətinə çevrilə bilməz, dövlət etimadı sui-istifadə predmeti deyil.
İdarəetmənin effektivliyi artıq göstəricilərlə ölçülür: şəffaflıq, operativlik və vətəndaş məmnunluğu. Bu meyarlara cavab verməyən kadrların sistemdə qalması mümkün deyil.
Hüquq-mühafizə orqanlarının son illərdə həyata keçirdiyi əməliyyatlar bir reallığı təsdiqləyir: vəzifə artıq qalxan deyil. Korrupsiyaya bulaşan, səlahiyyətindən sui-istifadə edən kadrlar ifşa olunur və məsuliyyətə cəlb edilir.

Prezidentin “biz daim nəzarət edirik” mesajı göstərir ki, kadr islahatı formal kampaniya yox, daimi nəzarət mexanizmi üzərində qurulub. Bu isə sistem daxilində intizamı və məsuliyyəti gücləndirən əsas faktordur.
Kadr islahatı birdəfəlik addım deyil. Dövr dəyişdikcə çağırışlar da dəyişir və idarəçilik bu dəyişikliklərə uyğunlaşmalıdır. Dövlət başçısının mesajı birmənalıdır: bilikli, peşəkar, məsuliyyətli kadrlar daim irəli çəkiləcək, lakin öz yerində olmayan heç kimə güzəşt olmayacaq.
Burada əsas prinsip kimliyindən, yaşından və himayə faktorundan asılı olmayaraq, dövlətçiliyin şəxsi ambisiyalardan üstün tutulmasıdır.

Azərbaycanın gələcək inkişaf trayektoriyası birbaşa güclü idarəetmədən, peşəkar kadrlardan və vicdanlı məmurlardan keçir. Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi mesajların ümumi fəlsəfəsi aydındır: dövlətçilik şəxsi maraqlardan üstündür.
Bu siyasət dəyişməz olaraq qalacaq və  davam edəcək. Bu prosesdə yalnız layiqlilər qalacaq”.