Qalib Salahzadə hakimdən gileyləndi

Bu gün əksər saytlarda "Rəsul Quliyevin bağı Hacı Qalibdən rəsmən alındı" başlıqlı yazı dərc edilib.

Yazıda qeyd olunur ki, Sabunçu Rayon Məhkəməsində hakim Nilufər Cəfərlinin sədrliyi ilə Hacı Qalib Salahzadənin Ağasif Şakiroğluna qarşı iddiası üzrə məhkəmə prosesi yekunlaşıb.

"Ağasif Şakiroğlunun əlində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zağulba şosesi 2, 3 və 9 ünvanlarında yerləşən 72 sot torpaq sahəsinin ona məxsus olmasını təsdiq edən şəhadətnamə var. Məhkəmə araşdırması zamanı aydın olub ki, həmin bağ sahəsi ilə bağlı Bakı Apelyasiya Məhkəməsinin 2010-cu ildə çıxardığı qərar var və həmin qərarda göstərilir ki, bağ torpaq sahəsi Hacı Qalib Salahzadənin deyil və o, ərazidən çıxmalıdır. Lakin həmin qərar 2021-ci ilin iyununa qədər icra olunmayıb" – deyə saytlarda dərc olunmuş yazılarda vurğulanıb.

Məsələ ilə bağlı Teleqraf.com-a da açıqlama verən sabiq deputat Qalib Salahzadə bəyan edib ki, məhkəmə işi ədalətli araşdırmayıb: "Əvvəla məhkəmənin qərarında göstərildiyi kimi, guya mən 29.06.2021-ci il tarixdə, saat 18:30 radələrində bağ sahəsinin açarlarını şöbəyə göndərmiş, mobil telefon əlaqəsi saxlayaraq bağ sahəsini könüllü təhvil vermişəm. Elə bir şey olmayıb. Tamamilə yalandır. Bağın açarı bağbanda olub. Sabunçu rayonu icra hakimiyyətinin birinci müavini Avtandil Hüseynov, Bilgəh qəsəbə icra nümayəndəsi Vüqar Əsədov və digərləri həmin bağa gedərək bağbandan açarı alaraq içəri daxil olublar. Qanunla onların buna hüquqları çatır, amma mən də orada iştirak etməliydim. Onlar mənim iştirakım olmadan ərazini Rəsul Quliyevin adamına - Ağasif Şakiroğluna təhvil veriblər. Bir neçə şəxslə ora gedəndə qapıya qoyduqları polis məni içəri buraxmadı. Dedi onlara tapşırılıb ki, Qalib Salahzadə gəlsə içəri buraxmasınlar. Bu işin arxasında bəzi vəzifəli şəxslər dayanır. Çünki onlar mənə açıq mesaj göndəriblər ki, torpaq sahəsini kimlərəsə bağışlayım, oranı boşaldım və s.”.

Q.Salahzadə qeyd edib ki, hakim Nilufər Cəfərli lazımi sənədləri araşdırmayıb: “Bizim 1994-cü ildən həmin əraziyə çıxarışımız var. 2002-ci ildən isə qeydiyyat vəsiqələrimiz olub. Hakim qərarda mənim qeydiyyatda olduğum ünvanı niyə göstərmir? Mən Zağulba 9 ünvanında qeydiyyatdayam. Notariusda təsdiq olunmuş qeydiyyat sənədini vəkilim məhkəməyə təqdim edib. Amma həmin sənəd işlərin arasında yoxdur. Niyə o sənədi it-bata salıblar? Məqsədləri nədir? Hakim bizim sənədləri qoyur kənara və sonra da deyir ki, lazımi sənədlər bizə təqdim olunmayıb. Həmçinin Rəsul Quliyevgilin ərizəsində ünvan yoxdur. Əllərindəki çıxarışda ev göstərilmir. Onların iddia etdikləri ünvan Rusiya səfirliyinin Bilgəhdəki ərazisinə düşür. Mənim də tələbim odur ki, Əmlak Komitəsindən nümayəndə gəlsin iddia olunan torpaq sahəsinin dəqiq ünvanını, xəritəsini çıxarsın. Bunlarsa etmirlər. Amma bəzi maraqlı şəxslər buna imkan vermirlər. Hakim də ciddi araşdırma aparmadan Rəsul Quliyevin xeyrinə qərar çıxarıb”.

Q.Salahzadə iddia edib ki, Rəsul Quliyev maklerlər vasitəsilə hazırda Ağasif Şakiroğlunun zorla yerləşdiyi bağ evini satışa çıxarıb: “Ağasif cavan oğlandır, Rəsul Quliyevin partiyasının sədridir. Deyir ki, guya 72 sot bağ torpağını Rəsul Quliyev ona bağışlayıb. Buna kim inanar? 25 milyon dollarlıq bağ evini Rəsul Quliyev bu cavan oğlana niyə bağışlasın ki? İndi 25 milyon dollar qiyməti olan bağ evininin sotunu maklerlər 25 min manata təklif edirlər. Öz bağımı maklerlər mənə təklif edirlər. Onlara dedim ki, bu bağ mənimdir, heç kim onu sata bilməz. Sual olunur, əgər satılsa, bu qədər pullar kimin cibinə gedəcək? Bu adamların Rəsul Quliyevi maliyyələşdirməkdə məqsədləri nədir? Yəqin ki, aidiyyəti qurumlar məsələni araşdıracaqlar”

Sonda sabiq deputat vurğulayıb ki, hüquqi müstəvidə mübarizəsini davam etdirir: “Sözügedən torpaq sahəsindəki evlərdə qeydiyyatda olan mən və daha bir neçə nəfər məhkəməyə müraciət etmişik. İş məhkəmələr tərəfindən araşdırılır. Ümid edirik ki, gec-tec haqq-ədalət öz yerini tutacaq”.