"Qanunvericilik formalaşıb, lakin reallıqda bir çox çətinlikləri müşahidə edirik"

Son zamanlar ölkədə ailə-məişət zəminində baş verən hadisələrin, cinayətlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. “Qadın ərini baltaladı”, “ailə münaqişəsi zəminində ər arvadının başını kəsdi”, “ər həyat yoldaşını güllələdi”, “kişi arvadının boğazını kəsdi”, “ər arvadını döyə-döyə öldürdü”... kimi xəbərləri demək olar ki, hər gün eşidirik. Əvvəllər nadir hallarda təsadüf olunan bu tip cinayətlər son dövrlərdə adi hal kimi qəbul olunmağa başlanılıb. Ən dəhşətlisidə odur ki, artıq zərif cinsin nümayəndələri də cinayətə əl atır, ailə münaqişə zəminində həyat yoldaşlarını odlu silahla, küt alətlə qətlə yetirirlər.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, millət vəkili, professor Hicran Hüseynovanın sözlərinə görə, əfsuslar olsun ki, zorakılıq, xüsusən də, qadınlara qarşı zorakılıq halları müasir dövrün qlobal problemlərindən biri olaraq qalmaqdadır.

Ümümdünya Səhiyyə Təşkilatının təhlillərinə əsasən qadınlara (15-49 yaş arasında) qarşı zorakılığın​ yayılma nisbətləri Qərbi Sakit Okeanı​ Bölgəsində 20%, Avropa Bölgəsinin yüksək gəlirli ölkələrində 22% və Amerika Bölgəsində 25%, Afrika bölgəsində 33% arasındadır.​ Şərqi Aralıq dənizi Bölgəsində 31% və Cənub-Şərqi Asiya Bölgəsində 33% təşkil edir. Azərbaycanda da qadınlar məişət zorakılığına məruz qalır. 2020-ci ildə​ hər 100 min qadına nisbətdə ailə münaqişəsi və məişət zorakılığı cinayətlərinə məruz qalmış qadınların sayı 17 nəfər təşkil edib.​ Bu rəqəm digər ölkələrlə, xüsusilə, inkişaf etmiş ölkələrlə müqayisədə çox aşağıdır. Statistika göstərir ki, qanunun işlək olduğu Avropa ölkələrində belə, qadın hüquqları pozulur və belə hallar şərq ölkələrinə nisbətdə daha çoxdur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına​ görə dünyada təxminən hər üç qadından biri (% 30) həyatı boyunca yaxın partnyoru və ya başqa bir şəxs tərəfindən fiziki və ya cinsi zorakılığa məruz qalır. Avropa Birliyinin Statistika İdarəsinin (Eurostat) 2017-ci il məlumatlarına görə, Fransa qadınların qətlə yetirilməsi üzrə AB-də liderdir. 2017-ci ildə Fransada 601, Almaniyada 380, İngiltərədə 227, İtaliyada 130, İspaniyada 113 qadın öldürülmüşdür. Nəzərə alsaq ki, COVİD-19 Pandemiyasının davam etdiyi bu son 2 ildə məişət zorakılıqlarının sayı artıb: “Burada bir məsələni də qeyd etmək istərdim ki, dünyagörüşü və​ patriarxal mədəniyyət bütün dünyada baş verən zorakılıq hallarına öz təsirini göstərməkdədir. Çox maraqlıdır ki,​ qadınlar bir sıra hallarda​ döyülməyə haqq​ qazandırırlar. Məsələn,​ ABŞ​ - 13%, Rusiya – 25%, Türkiyə - 25%,Fransa – 7%,İsveçrə -16%,Polşa – 10%,Pumıya – 11% qadınlar​ bu halı normaq qarşılayırlar. Azərbaycan gəldikdə isə qeyd etmək istərdim ki, aparılan təhlillər zamanı​ kişilərin 41%-i , qadınların​ 34,7%-i bildirib ki,​ “Qadın öz ailəsini qoruyub saxlamaq üçün zorakılığa dözməlidir”. Bütün bunlar bir daha onu göstərir ki, zorakılığa münasibət bir çox​ hallarda patriarxal mədəniyyətin və dünyagürüşünün nəticəsində formalaşır. Bu yanaşmanı aradan qaldırmaq​ uzun bir prosesdir”.

H. Hüseynova bildirib ki, qadın və qızlara qarşı zorakılıq ailələri və cəmiyyətləri bir araya gətirən ictimai əlaqələri zəiflədir və bütövlükdə, qlobal sülh, təhlükəsizliyə zərbə vurur. Həmçinin ölkələrin sosial sabitliyə və iqtisadi inkişafa nail olmasına mane olur. Məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün​ ağır fiziki, emosional, iqtisadi və sosial nəticələr doğurur. Həmçinin qadınlara qarşı zorakılığın mühüm nəsillərarası fəsadları da var. Bunların sırasında​ körpə ölümü səviyyəsinin yüksək olması, uşaqların təhsil göstəricilərinin aşağı düşməsi, onların psixi, psixoloji və fiziki sağlamlıqlarında problemlərin yaranması,​ uşaqların zorakılığa məruz qalma və ya yetkinlik dövründə zorakılıq törətməsı, boşanma səviyyəsinin artması və ailələrin dağılması,​ qohumlararası münasibətlərin korlanması və s.​ təsirləri göstərmək olar. Bundan əlavə, qadınlara qarşı zorakılıq qadınlar və onların ailələri, habelə icmalar, cəmiyyətlər üçün əhəmiyyətli miqyasda iqtisadi yük yaradır. Qadınlara qarşı zorakılıq fərdlər, icmalar, ailələr və dövlət üçün doğurduğu xərclərdən başqa, bütün səviyyələrdə böyük iqtisadi xərclər doğurur. Bu, məşğulluğun və məhsuldarlığın aşağı düşməsi ilə nəticələnir, sosial xidmət sistemlərinin, ədliyyə sistemlərinin, tibb müəssisələrinin və işəgötürənlərin resurslarını tükədir.​

 

Millət vəkilinin dediyinə görə, 2020-ci ildə ölkədə məişət zorakılığı zəminində 41 qadın həlak olub. Əvvəlki illə müqayisədə bu cinayətlər nəticəsində ölənlərin sayı 34,1 % faiz artıb. Ötən il öz həyat yoldaşları və ya digər kişi ailə üzvləri tərəfindən öldürülən qadınların sayı 70 olub.​ Məişət zorakılığı zəminində öldürülən qadınların sayının artması, bu qəddar cinayətlərin uşaqların gözü qarşısında baş verməsi və eləcə də digər neqativ halların artması bir daha göstərir ki, bu sahədə görülən işlərin daha da gücləndirilməsini tələb edir. Ailədə baş verən zorakılıq haqqında​ vəziyyətin ən son həddində polis orqanlarına məlumat verilir. Bir çox hallarda isə bu haqda uzun müddət informasiya verilmədiyindən zorakılığın​ ağır nəticələri ilə müşahidə olunan cinayətlər baş verir.​ Bu isə öz növbəsində ailə-məişət zorakılığının​ qurbanlarının sayına təsir edir: “Təhlillər göstərir ki, qadınlara qarşı zorakılığı törədənlər daha çox onların öz həyat yoldaşı və​ keçmiş həyat yoldaşıdır”.

H. Hüseynova vurğulayıb ki, məişət zorakılığı baş verdikdə zərərçəkən şəxs və ya ailə üzvüləri, qohum, qonşu,​ bələdiyyə, icra nümayəndəliyi, QHT nümayəndəsi tərəfindən dərhal Daxili İşlər Nazirliyinin​ nəzdində fəaliyyət göstərən “102” xidmətinə, Təcili Tibbi Təxirəsalınmaz Yardımın “103”,​ Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı mübarizə İdarəsinin “152” xidməti zəng mərkəzlərinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “860”​ və Azərbaycan Respublikasının Baş Prokurorluğunun “961”çağrı mərkəzinə müraciət edə bilər.​ İlk növbədə zorakılığı törətmiş şəxs və qurbanın vəziyyəti qiymətləndirilməlidir. Məsələnin həlli isə bu və ya digər qurum tərəfindən deyil, sistemli şəkildə həyata keçirməlidir. Əlbəttə ki, bu gün ölkədə məişət zorakılığının qurbanları üçün sığnacaqlar yetərli deyil. Lakin bu sahədə işlər görülür.

Millət vəkilinin dediyinə görə, “Məişət zorakılığının​ qarşısının alınması haqqında”​ Qanun 2010-cu ildə qəbul olunub. Qanuna əsasən, məişət zorakılığı “yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bu qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır”. Qanunda məişət zorakılığı ilə üzləşmiş şəxslərin hara müraciət etməsi, ilkin olaraq hüquqi və psixoloji yardımların göstərilməsi, qadının sığınacağa göndərilməsi və sosial yönümlü yardımların göstərilməsi öz əksini tapsa da, bunları yerinə yetirmək üçün nə təlimatlandırılmış polis, psixoloq, sosial işçilər, ictimai vəkillər kimi mövcud insan resursları, nə də sığınacaqlar və müvəqqəti yaşayışla təmin edilmək üçün nəzərdə tutulan proqramlar yetərli səviyyədə deyil. Qanunda nəzərdə tutulan qısa və uzunmüddətli mühafizə orderlərinin verilməsində və onların icrasında da ciddi pozuntular müşahidə olunur: “Baxmayaraq ki, bu sahədə qanunvericilik formalaşıb, lakin reallıqda bir çox çətinlikləri müşahidə edirik. İlk növbədə, qeyd etmək lazımdır ki, bu sahədə peşəkar mütəxəssislərin azdır. Zərər çəkən şəxslərə və onların uşaqlarına​ göstərilən​ ​ xidmətlər​ daimi yaşayış yerindən asılı olmayaraq dərhal göstərilməlidir. Qeyd olunan məsələlərin lazımi səviyyədə yerinə yetirilməməsi​ zərər çəkən şəxslərin, xüsusilə də qadınların və uşaqların hüquqlarının bərpa olunmasında ciddi problemlər​ yaradır. Bunun üçün Daxili İşlər Nazirliyinin yerli idarələrində qadın polislərin, inspektorlarının və ya sosial işçilərin sayının artırılmasına ehtiyac var: “Məişət zorakılığının​ qarşısının alınması haqqında”​ Qanunun​ qəbul edilməsindən 10 ildən çox müddət keçir. Hazırda​ bu Qanunun tətbiqi zamanı yaranan bəzi çətinlikləri müşahidə edirik. Təcrübə göstərir ki, bu Qanunun təkmilləşdirilməsinə ehtiyac vardı.​ Məişət zorakılığı əməlini tam şəkildə kriminallaşdırmaq (cinayət işi kimi qəbul edilməsi) məqsədilə qanunvericiliyi yenidən nəzərdən keçirilməsi əsəs məsələlərdəndir”.

H.Hüseynova qeyd edib ki, 2020-ci ilin noyabr ayında Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün” Milli Fəaliyyət Planı təsdiqlənib. Bu Planın icrasının təmin edilməsi ilə bağlı Nazirlər Kabinetinin Sərəncamı da mövcuddur: “Məişət zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planının yerinə yetirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi bizim bu istiqamətdə bir sıra nəticələr əldə etməyimizə müsbət təsir göstərəcəkdir. Xüsusilə də, məişət zorakılığının qarşısının alınması istiqamətində görülən işlərin səmərəliliyini artırmaq üçün qabaqlayıcı tədbirlərin gücləndirilməsi, zorakılıqdan zərər çəkmiş şəxslərə təxirəsalınmaz və hərtərəfli yardım göstərilməsi, xidmətlərə çıxışın əlçatan olması sahəsində mühüm işlər görülməlidir. Məişət zorakılığı ilə mübarizə sahəsində normativ hüquqi aktlarda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi və səmərəliliyinin artırılması da qarşıda dayanan məsələlərdəndir. Bunun üçün həm yerli qanunvericiliyin təhlili aparılmalı, müsbət beynəlxalq təcrübə öyrənilməlidir. Bir daha qeyd etmək istəyirəm ki, qadına, uşağa, ümumiyyətlə, hər hansı şəxsə qarşı törədilən zorakılıq təkcə ailə məsələsi deyil, bütövlükdə cəmiyyətin problemidir. İstənilən zorakılıq halı yolverilməzdir. Hamımız bu halların baş verməməsi üçün məsuliyyət daşıyırıq. Zorakılığın müxtəlif formalarının aradan qaldırılması işində​ hər birimiz fəal olmalı, səylərimizi birləşdirməliyik”.