Qarabağın Azərbaycan iqtisadiyyatına reinteqrasiyasına mühüm təkan

Ötən il sentyabrın 27-də Azərbaycan Ordusunun mövqelərinin və yaşayış məntəqələrinin Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutulmasına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı.Aparılan uğurlu əməliyyatlar nəticəsində Azərbaycan Ordusu 2020-ci il oktyabrın 3-də Tərtər rayonunun Talış və Suqovuşan qəsəbəsini işğaldan tamamilə azad etdi və Ermənistan ordusu xeyli canlı qüvvə və texnika itirdi.
Suqovuşan döyüşü Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində şimal-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərindən biri sayılırdı.Suqovuşan qəsəbəsinin və Talış kəndinin düşməndən alınması bir də ona görə mühüm önəm daşıyırdı ki, bu yaşayış sahələrinin düşmən tapdağından xilası Vətən müharibəsinin ilk günlərində gələcək uğurları şərtləndirirdi.Savaşın yeddinci günündə səkkiz kəndin azad edilməsi, o cümlədən, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşən həmin kəndlərin ermənilərdən təmizlənməsi Azərbaycana böyük mənəvi üstünlük verdi, Ordumuzu, xalqımızı mənən gücləndirirdi.Suqovuşan qəsəbəsinin işğaldan azad olunmasının daha bir əhəmiyyəti onda idi ki, burada Suqovuşan su anbarı yerləşir. Bu su anbarı Sərsəng su anbarı ilə bərabər Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə inşa edilmişdir. Bu su anbarlarının əsas məqsədi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarının kənarında yerləşən rayonlara - Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonlara su vermək idi.
Hazırda işğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işləri intensiv şəkildə həyata keçirilir. Suqovuşanda su elektrik stansiyalarının istifadəyə verilməsi məhz bu istiqamətdə reallaşdırılan tədbirlərin sistemli xarakter daşımasından xəbər verir. Burada yaradılan elektrik stansiyaları 4 rayonun su ilə təminatına xüsusi töhfə verəcək. Nəzərə alaq ki, su hövzəsinə nəzarətin həyata keçirilməsi, bütövlükdə həmin ərazilərin işğaldan azad olunması xüsusən kənd təsərrüfatında suvarma sularına olan tələbin ödənilməsində xüsusi paya malikdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci il oktyabrın 3-də Tərtər rayonuna səfəri çərçivəsində Suqovuşan qəsəbəsində çıxışı zamanı qeyd etmişdir ki: “İndi buraya biz hakimik. Bu il Suqovuşan su anbarından istifadə edərək 30 il ərzində ilk dəfə olaraq Tərtər və digər rayonlara su verildi. Bu günə qədər suvarılmayan, yaxud da ki, az suvarılan 30 min hektar torpağa bu qəsəbənin azad edilməsi nəticəsində su verilmişdir və indi kanallarda təmir işləri gedir. Bizim azad edilmiş torpaqlarda - Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında mövcud olan su ehtiyatlarının səmərəli şəkildə istifadəsi ilə bağlı konkret addımlar atılır və çox ciddi proqram icra edilməkdədir”.
Eyni zamanda, su elektrik stansiyalarının bərpa edilməsi, həm də həmin ərazilərdə yaşayan və məskunlaşacaq vətəndaşlarımızın elektrik enerjisi ilə təminatının ödənilməsində xüsusi rol oynayacaq. Bu, elektrik şəbəkəsinin inkişaf etdirilməsi, elektrik enerjisinə çıxışın əlçatanlığının artırılması baxımından da vacib hesab olunur.“Suqovuşan-2” stansiyasında ildə 8,7 milyon kVt/saat elektrik enerjisinin istehsal olunması nəzərdə tutulub. Ölkə başçısı çıxışında sözügedən su anbarlarından danışarkən mühüm bir məsələyə də toxunub: “Suqovuşan-1” və “Suqovuşan-2” su elektrik stansiyalarının bərpası ilə bağlı işlər görülməyə başlanmışdır və artıq bu stansiyalar işlək vəziyyətdədir. Onlar yenidən quruldu, yenidən tikildi”.
Bütövlükdə, işğaldan azad olunmuş ərazilərimizdə olan su ehtiyatlarının idarə edilməsi Qarabağda, Şərqi Zəngəzurda kənd təsərrüfatının inkişafına dəstək olacaq, digər tərəfdən yayda suya olan tələbin ödənilməsində müəyyən çətinliklərin xeyli azalmasına imkan verəcək. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən infrastruktur layihələri həmin ərazilərdə iqtisadiyyatın bərpa edilməsinə, Qarabağın Azərbaycan iqtisadiyyatına reinteqrasiyasına təkan verəcək.

Həsənova Validə Oleq qızı
Səbail rayonu, Bibiheybət Bələdiyyəsinin sədri