"Qlobal xarakterli qarşıdurmalar ola bilər"

Naxçıvanda 5-8 oktyabr tarixlərində Azərbaycan-Türkiyə hərbçilərinin "Sarsılmaz qardaşlıq-2021" birgə döyüş atışlı taktiki təlimi baş tutacaq.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, Azərbaycan-Türkiyə hərbi təlimlərinin davamlı şəkildə keçirilməsi, mövcud geosiyasi reallıqla bağlıdır:

"Eyni zamanda, hər iki ölkənin Prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın imzaladıqları tarixi Şuşa Bəyannaməsində Azərbaycan ordusunun, Türk ordusuna uyğun modernləşdirilməsi nəzərdə tutulub. Təsdiq olunmuş qrafikə əsasən müxtəlif qoşun növlərinin iştirakı ilə fərqli coğrafi ərazilərdə birgə təlimlər keçirilir. Silahlı Qüvvələrin fiziki və döyüş hazırlığı, psixoloji durumu təkmilləşdirilir. Yeni alınmış müdafiə və hücum silahları sınaqdan keçirilir. Əvvəlki illərdən fərqli olaraq, təlimlərin daha intensiv keçirilməsini şərtləndirən əsas səbəb isə, düşünürəm ki, yeni beynəlxalq çağırışlarla bağlıdır. Regionda hələ də müharibə təhlükəsi qalmaqdadır. Ağır məğlubiyyətə uğramasına baxmayaraq, Ermənistandan gələn revanş çağırışları səsləndirənlərin sayı artmaqdadır. Ən təhlükəlisi isə, indiki halda cənub qonşumuz İrandan gələn təhdidlər, aqressiv davranışlardır".

Deputat vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi ilə barışa bilməyən, bu ölkənin molla rejiminin hərbi-siyasi, dini rəhbərliyinin ziddiyətli bəyanatları heç bir normal məntiqə sığmır:

""İran Qafqazda sərhədlərin dəyişdirilməsinə yol verməyəcəkdir" nə deməkdir? Kim sərhəd dəyişmək istəyir? 30 il "ağzına su alıb" işğalçıya dəstək verənlər onda belə danışmırdılar. Digər tərəfdən, İranın nüvə silahı əldə etmək üçün apardığı səylər, Yaxın Şərq ölkələrindəki destruktiv fəaliyyəti beynəlxalq birliyi, o cümlədən qonşu ölkələri ciddi narahat edir. Son zamanlar Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) nümayəndələrini İranın nüvə obyektlərinə buraxmaması birmənalı qarşılanmayib. Buna görə də yeni sanksiyaların tətbiq olunacağı şübhəsizdir. Aydın məsələdir ki, İranın ətrafında gedən proseslər, bir qonşu olaraq, bizi narahat etməyə bilməz. Bilavasitə sərhədlərimizdə keçirilən hərbi təlimlərin getdikcə daha geniş arealı əhatə etməsi isə, bizim, bir dövlət olaraq, təhlükəsizliyimizə diqqətlə yanaşmamızı tələb edir. Əgər İran, öz ambisiyalarından əl çəkərək, danışıqlar yolu ilə problemləri çözməsə, qlobal xarakterli qarşıdurmalar ola bilər.

Bizim Silahlı Qüvvələrimiz bu çağırışlara hər dəqiqə hazır olmalıdır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev qlobal çağırışları, beynəlxalq münasibətlər və təhlükəsizlik sistemini dərindən bildiyi üçün bütün qabaqlayıcı tədbirləri görür.

Sülh istəyiriksə, müharibəyə hər zaman hazır olmalıyıq".