Qüdsi Osmanov Moldovanın spikerilə görüşüb

Səfir Qüdsi Osmanov Moldova Respublikasının Parlamentinin Sədri İqor Qrosu ilə rəsmi görüş keçirib. Bu barədə Azərbaycanın Moldovadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, İ.Qrosu, həmçinin Moldova Prezidenti Mayya Sandunun lideri olduğu hakim partiya – Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) sədridir və ölkə prezidentinə yaxınlığı ilə seçilir.

Görüşün əsas məqsədi Moldovanın siyasi həyatında yaranmış sabit vəziyyəti nəzərə alaraq, Azərbaycan və Moldova arasında müxtəlif sahələr üzrə əlaqələrin, xüsusilə parlamentlərarası münasibətlərinin müzakirəsi, Moldovada 11 iyul erkən parlament seçkilərindən sonra yeni qurulan parlamentdə ölkəmizlə dostluq qrupunun formalaşdırılması və iki ölkənin parlament sədrlərinin qarşılıqlı səfər və görüşlərinin təşkili məsələsi və digər qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirəsi olub.

Görüş zamanı Q.Osmanov erkən seçkilərdə PAS-ın qələbəsinə görə bir daha təbrikini bildirib, PAS-ın qələbəsi ilə Moldovada siyasi çəkişmələrə son qoyulması və sabit hakimiyyətin qurulmasının ölkələrimiz arasında münasibətlərin intensivləşməsinə və inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb. Səfir yeni sədrə azərbaylanlı həmkarı Sahibə Qafarovanın təbrikini və Moldovanın parlamenti ilə əməkdaşlığın genişləndirilməsinə maraqlı olduğuna dair fikirlərini çatdırıb. Eyni zamanda, Q.Osmanov Moldovanın qanunverici orqanında Azərbaycanla dostluq qrupunun formalaşdırılması məsələsini sorğu edib.

İ.Qrosu təbrikə görə təşəkkürünü bildirib, müvafiq zamanda azərbaycanlı həmkarı ilə görüşmək arzusunu ifadə edib və cari ilin 21-22 oktyabr tarixində Afinada keçiriləcək Avropa Şurası üzv dövlətlərinin Parlament Rəhbərlərinin Avropa Konfransında (European Conference of Presidents of Parliament) görüşün təşkili imkanlarını maraqlanıb. Hazırda parlamentdə Azərbaycanla dostluq qrupunun yaradılması istiqamətdə işlər aparıldığını qeyd edərək cari ilin sentyabr ayında prosesin yekunlaşacağını bildirib. Ölkələrimiz arasında dost münasibətlərin olduğu bildirən sədr səfirin istər ötən illərdə Moldovada gərgin siyasi proseslər getdiyi vaxtda, istərsə də, PAS partiyasının seçkilərdə qələbəsindən sonra daim diqqət göstərməsini yüksək qiymətləndirib. Daha sonra, ölkəsindəki siyasi sabitliyin, xüsusilə işgüzar sahənin inkişafı üçün önəmli olduğunu qeyd edən İ.Qrosu həmsöhbəti ilə razılaşaraq bunun iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın genişlənməsinə imkan verəcəyini bildirib. Azərbaycanın enerji sahəsində uğurlarını qeyd edərək Moldovanın bu sahədə problemlərinin mövcudluğunu və ölkəmizlə xüsusilə, sözügedən sahədə əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə parlamentlərarası münasibətlərdən əlavə, Q.Osmanov ölkəmizin sosial-siyasi sabitlik, mövcud iqtisadi inkişaf, hərtərəfli tərəqqisinə dair məlumat verərək 44 günlük müharibənin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun qələbəsi ilə başa çatması, ermənilər tərəfindən dağıdılmış ərazilərimizin sürətli şəkildə bərpası, azad olunan rayonlarımızda xarici şirkətlərin fəaliyyəti, yeni yol və körpülərin tikintisi, infrastruktur imkanlarının yaradılması, xüsusilə Füzuli rayonunda beynəlxalq aeroportun tikilməsi və digər mühüm məqamları qarşı tərəfin diqqətinə çatdırıb. Azərbaycanlı sərmayədarların dünyanın bir sıra ölkələrində uğurlu fəaliyyətindən danışan səfir Moldovanın iqtisadiyyatında, xüsusilə kənd təsərrüfatı sahəsinin önəmli olduğunu nəzərə alaraq azərbaycanlı investorların bu sahədə fəaliyyətində geniş imkanlar olduğunu bildirib. Səfir Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə Birgə Hökümətlərarası Komissiyasının sonuncu iclasının 2012-ci ildə keçirilməsini nəzərə alaraq növbəti iclasın keçirilməsi üçün işlərin aparılmalı olduğunu qeyd edib. Bundan əlavə, o, iki ölkə arasında hüquq-müqavilə bazasının yenilənməsi, aktuallığını itirmiş köhnə müqavilələrə yenidən baxılması və baxılmaqda olan sənəd layihələrinin imzalanması imkanlarını müzakirə edib.

Öz növbəsində, İ.Qrosu 44 günlük müharibəni narahatlıqla izlədiyini, Moldovanın da ərazi bütövlüyü ilə bağlı münaqişə problemi olduğunu və bu xüsusda, Azərbaycanın ərazi bütövlüyü məsələsində ölkəmizi və xalqımızı daim dəstəklədiyini bildirmişdir. Azərbaycanın tolerant dəyərlərə malik ölkə olduğunu qeyd edən sədr ölkəmizdə 30 000 erməninin yaşamasının bunun sübutu olduğunu diqqətə çatdırmışdır. Azad olunmuş bölgələrdə aparılan quruculuq və bərpa işlərindən xəbərdar olan sədr insanların rahat yaşayışı təmin edilməsi üçün inşa edilən “ağıllı kənd” konsepsiyasını maraqla vurğulayıb. O, ölkəmizin hakimiyyət nümayəndələri, rəhbər şəxsləri ilə əlaqələrin qurulmasında maraqlı olduğunu xüsusi qeyd edib. İ.Qrosu bunu sadalanan işlərin sürətli şəkildə icra edilməsində önəmli olduğunu bildirib. Moldovanın Qaqauziya Muxtar Ərazisinin Çadır-Lunqa şəhərində Heydər Əliyev Fondu tərəfindən maliyyələşdirilən Təhsil və mədəniyyət mərkəzinə görə ölkəmizə təşəkkürünü bildirib, mərkəzin açılışa hazır olduğunu dilə gətirib. Eyni zamanda, sədr pandemiya zamanı ölkəmizin Moldovaya yardımını yüksək qiymətləndirib

 Görüşdə, həmçinin Moldovadakı Azərbaycanlılar Konqresinin (MAK) sədri Elçin Bayramov iştirak edib. O, MAK-ın fəaliyyətindən danışaraq, fəal azərbaycanlı gəncin PAS-a üzv olduğunu xatırladıb, gələcəkdə daha çox həmvətənlərimizin PAS-a üzv olmaq üçün maraq göstərdiyini bildirib. Bundan əlavə, E.Bayramov cari ilin 3 sentyabr tarixində paytaxt Kişineuda keçiriləcək diasporumuzun fəaliyyətinə həsr edilən tədbirə İ.Qrosunu dəvət edib.

 Dəvəti məmnuniyyətlə qarşılayan İ.Qrosu Moldovada ölkəmizin diaspor üzvlərinin  savadlı və dünyagörüşlü gənclərdən ibarət yenidən qurulmasının təqdirəlayiq olduğunu bildirib, hazırda həmvətənlərimizin Moldovanın siyasi-ictimai həyatında fəal iştirakını qeyd edib.