"Ramiz Mehdiyevə mədhiyyə yazanlar dövlət və xalq üçün təhlükə mənbəyinə çevrilə bilər"- Sabiq Millət vəkili

"Bu gün Azərbaycan dövləti dünya azərbaycanlılarının qürur mənbəyinə çevrilib. Dövlətimiz öz tarixinin ən şərəfli və ən şanlı dövrünü yaşayır. Biz torpaqlarımızı işğaldan azad edərək böyük tarixi qələbələrə imza atdıq, separatizmin kökünü effektiv şəkildə kəsdik. Bu, təkcə xalqımız və dövlətimiz qarşısında deyil, eyni zamanda qlobal miqyasda təhlükəsizliyə ciddi töhfədir”. 

Bunu açıqlamasında Milli Məclisin sabiq deputatı Elşad Mirbəşiroğlu deyib.

O bildirib ki, separatizm bu gün dünya üçün böyük təhdidlərdən biridir və Azərbaycan bu təhdidlərdən birini neytrallaşdırmağa nail oldu:

“Hazırda ölkəmiz beynəlxalq münasibətlər sistemində mövqeyini gücləndirməkdə, dirçəliş və inkişaf mərhələsini uğurla keçməkdədir. Belə bir zamanda dövlətçiliyə qarşı çıxmaq, konstitusion quruluşu zorla dəyişmək cəhdləri nə xalq, nə də dövlət tərəfindən qəbul edilmir və edilməməlidir. Azərbaycan xalqı bu cür cəhdlərin mahiyyətini dərindən anlayır və dövlətinə, liderinə yüksək səviyyədə dəstək nümayiş etdirir. 

Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbə də sübut etdi ki, ordu–xalq–hakimiyyət birliyi Azərbaycanı güclü edən əsas sütunlardan biridir. Bu birlik tarixi zəfəri mümkün etdi və dünya ictimaiyyəti bunu qəbul edir. Ölkədə hakimiyyəti zorla ələ keçirmək və konstitusion quruluşu dəyişdirməyə yönəlmiş cəhdlər nə dövlət, nə də xalq tərəfindən qəbul olunur və bu kimi addımlar bağışlanmamalıdır. Azərbaycan cəmiyyəti baş verən proseslərin mahiyyətini çox aydın dərk edir və yüksək siyasi mədəniyyətə malikdir. 

Xalq yaxşı ilə pisi seçməyi bacarır və bu gün Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin ətrafında tarixdə heç vaxt olmadığı qədər sıx birləşib. Bunun ən parlaq nümunələrindən biri Vətən müharibəsi zamanı xalq–dövlət birliyinin bütün dünyaya nümayiş etdirilməsi idi”.

Sabiq millət vəkili qeyd edib ki, Ramiz Mehdiyev və onunla eyni cəbhədə yer alan şəxslərin cəhdləri, həm xalqın, həm də tarixin sərt qınağı ilə qarşılanır:

“Ramiz Mehdiyevi dövlət xadimi, əvəzolunmaz siyasətçi kimi təqdim edənlər, vaxtilə ona mədhiyyələr yazanlar da öz cəzalarını çəkməlidirlər. Çünki bu tip yanaşmalar da dövlət və xalq üçün təhlükə mənbəyinə çevrilə bilər. Ramiz Mehdiyev və Əli Kərimli kimi şəxslərin cəhdləri isə sadəcə cılız və uğursuz təşəbbüslərdir. Görünür, onlar hesablamalarında çox ciddi səhvlərə yol veriblər. 

Sağlam düşüncə sahibi olsaydılar, bu addımlarının daha başlanğıcda fiaskoya uğrayacağını anlayardılar. Bu cür fəaliyyətlərə görə onların sərt şəkildə cavablandırılması tamamilə qanunauyğundur. Bu cəhdlər xalqdan və reallıqdan uzaq, dövlətə xəyanət xarakterlidir. Onların yanlış hesablamaları, sağlam düşüncədən uzaq yanaşmaları bu fəaliyyətlərin başlanğıcdan iflasa uğramasına səbəb oldu. Dövlətimiz isə bu cür halların qarşısını almaq üçün kifayət qədər güclü və iradəlidir”. Demokrat.az