Razi Nurullayev qəbul keçirdi

Deputat Razi Nurullayev İmişliyə növbəti səfərini edib. Millət vəkili rayonda sakinlərlə görüşüb, şikayətləri dinləyib, problemlərlə maraqlanıb, bəzi ailələri evlərində ziyarət edib, məclislərdə iştirak edib, rayon xəstəxanasında xeyriyyə aksiyasına təşkilatçılıq edib.

Millət vəkili Sarıxanlı kəndinin sakinləri ilə görüşüb. Sakinlər dədə-babadan əkib-becərdikləri, mal-heyvan saxladıqları torpaqlarına görə normal kompensasiya tələb edirlər. Hazırda onlara hektara görə 200 manat təklif edilir. Söhbət 4500-6000 hektar sahədən gedir. Deputat şirkət sahibləri ilə danışıqlar aparacağını bildirib.

Razi Nurullayev İmişli icra hakimiyyəti ilə birlikdə İmişli xəstəxanasında xəstəxana həkimlərinin və Bakıdan gələn Mirəzim doktorun rəhbərliyi altında həkim kollektivinin, o cümlədən Könül Həbibqızının dəstəyi ilə İmişlidə xeyriyyə aksiyası keçirərək 40 yaxın gözəl balaların müsəlman olmasına vəsilə olub. Hər şey yüksək səviyyədə təşkil edilib. Hər bir uşaq əvvəlcədən analiz edilib və hazırlıqlar görülüb. Deputat xəstəxana rəhbərliyinə, aksiyanın əziyyətini çəkən bütün həkim kollektivinə ürəkdən təşəkkür edib. Sonda hər bir uşağa İmişli icra hakimiyyətinin hədiyyələri təqdim olunub.

İmişlidə onlarla yas iştirak edən millət vəkili, həyatımın acı anlarından birini yaşadığını bildirib:

“Qaradonlu kəndində iki mərhumu ziyarət etməli idim. Birinci olaraq, Qaradonlu kəndində mərhum Seyid Hüseynin ailəsini ziyarət etdim və başsağlığı verdim. Söhbət əsnasında dedim ki, Qaradonluda əsgər yoldaşım var, onu da soruşum tapım. Kənd icra nümayəndəsi Məhəmməd müəllim dedi ki, elə ora gedirik, rəhmətə gedən əsgər yoldaşın Vüqar Salahovdur. O da elə bir saat öncə onlarla danışan zaman ki, deputat başsağlığına gələcək,deyiblər ki, bəs o mərhum Vüqarın əsgər yoldaşıdır. Başıma duman çökdü. Acı bir təsadüf.

Həyat yoldaşı deyir ki, məni hər zaman xatırlayıb, son günlər isə axtarıb. Deyirəm ki,məni tapmaq bu qədərmi çətin idi? Ya icra nümayəndəsi, ya da bələdiyyə sədrinə bir kəlmə desəydi, bir neçə dəqiqə sonra danışacaqdım. Qismət beləymiş. Əsgərlikdə çox yaxın olmuşuq, xəstə idi, onu qorumağa çalışmışdım, məzuniyyətə gələndə, rəhmətlik atası ilə görüşmüş və lazım olan hər şeyi demişdim. Sonra yenə də onu iki dəfə tapmış və görüşmüşdük. Son illər isə əlaqə olmamışdı. Özü də çox mədəni, başıaşağı bir insan idi. Bəlkə də məni narahat etmək istəməyib. Çox üzüldüm, çox. Allah rəhmət eləsin!

Üç övladı var, böyük qızı ailə qurub. Oğlu da nasazdır və kiçik də bir qızı yadigar qalıb. Şəkildə olan isə qardaşı Yadigardır. Oğlu ilə bağlı addımlar atacam, qızı da azyaşlı kimi dövlətdən yardım alacaq. Gərək qayğılarına qalaq”.

Qeyd edək ki, Razi Nurullayev davamlı olaraq İmişli rayonuna səfərlər edir, sakinlərlə görüşür, onları dinləyir, problemlərlə yaxından maraqlanır və onların həllinə çalışır.